MTN-in məxfi sənədindəki casusun adı bəllidir – Sənədin əsli internetdədir…

20.02.2014 - 11:20

MTN-in məxfi sənədindəki casusun adı bəllidir – Sənədin əsli internetdədir…

Xədicə İsmayılova təkrar ifadə verdi; Mustafa Kozlu adlı facebook istifadəçisi agentin “verbovka” sənədini jurnalistdən 3 il əvvəl yayıbmış
Fevralın 18-də araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət olunmuşdu. O, Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə başlanan cinayət işi üzrə dindidilmişdi.
Fevralın 19-da Bakıda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 2-ci dəfə ifadə verərkən, X.İsmayılovanı vəkil Elton Quliyev müşayiət edib. Jurnalist şahid qismində dindirilmək üçün istintaqa çağırılıb. Burada bir neçə saatlıq dindirmədən sonra o, sərbəst buraxılıb.
Bunları musavat.com-a açıqlamasında jurnalist özü bildirib: “Müstəntiq yenə də israrla məndən soruşdu ki, fevralın 17-də facebook profilimdə yaydığım məlumatı kimdən almışam. Dedim ki, “KİV haqqında” Qanuna görə, öz mənbələrimi qorumaq və açıqlamamaq hüququm var. Cinayət işinin başlanması ilə bağlı qərarı mənə göstərdilər. Amma o sənədin surətini mənə vermədilər. Dedilər ki, onlarda belə bir səlahiyyət yoxdur. Həmin qərarın qəbul olunması ilə bağlı sənədi istintaq idarəsinin rəisi Eldar Əhmədov imzalayıb. Mənə həm də istintaq sirrini yaymamaqla bağlı xəbərdarlıq edildi. Mən də onlara şifahi şəkildə dedim ki, yaxşısı budur ki, mənə heç bir sirr verməsinlər. Çünki mənim sirr saxlamaq qabiliyyətim yoxdur. Mənə içəridə rəftar normal idi. Amma eyni sual 20 dəfə verildikdə adam istər-istəməz pis olur. Onlar hansısa etik çərçivəni pozanda mən də məcbur olurdum ki, eyni cavabı verim. Mən onlara bildirdim ki, məndən əvvəl həmin məlumat 2011-ci ildə facebookda Mustafa Kozlunun profilində yayılıb. İstintaqı dəvət etdim ki, bu məsələni də araşdırsınlar. Əgər siz tapa bilmirsinizsə, mən tapım, sizə göndərim. Bu formada istintaqa yardımçı ola bilərəm. 2011-ci ildə yayılan həmin sənəddə adlar olduğu kimi saxlanılsa da, mən paylaşdığımda adları pozmuşdum ki, heç kimin adı görünməsin”.
X.İsmayılovanın vəkili E.Quliyev AzadlıqRadiosuna bu işlə bağlı hüquq müstəvisindən araşdırma predmeti görmədiyini bildirib və daha sonra fikrini belə bitirib:
“Hər halda, bu proses başlanıb. Hansı dayanacağa qədər gedəcəyiksə, birgə gedəcəyik”.
Vəkil əlavə edib ki, cinayət işi jurnalistlə bağlı deyil, sənədin ictimailəşdirilməsi faktı üzrə başlanıb: “Bu məlumat artıq bir dəfə – 3 il əvvəl yayılıb. Ona görə, dövlət sirri sayılsa belə, 3 il öncə yayıldığından, sirrini elə o vaxt itirib. Bu səbəbdən məlumatın 2-ci dəfə yayılmasını cinayət yuridiksiyasında araşdırmağa ehtiyac yoxdur”.
Xədicə İsmayılova fevralın 20-də yenidən istintaqa dəvət edilib.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, dövlət sirri küçələrdə gəzmir ki, onu da kimsə götürüb yaysın: “Bu hansısa bir quruma aiddir. Bu qurumdan soruşulmalıdır ki, bu dövlət sirridirsə, səndə konkret olaraq bir şəxsin seyfindədir, onun adına yazılıb. Bu necə olub ki, oradan çıxıb? Buna necə şərait yaratmısız? Həmin adam kimdir? Xədicə İsmayılova jurnalistdir və qurumun üzvü olmadığına görə, yazılı şəkildə iltizam vermədiyinə görə – mən mənə məlum olan dövlət sirrini yazılı və şifahi şəkildə paylaşmayacağam, paylaşdığım zaman cinayət məsuliyyəti daşıyıram – heç bir məsuliyyəti yoxdur. Jurnalistin əlinə sənəd düşübsə, jurnalist həmin sənədin dövlət sirri olub-olmadığını müəyyənləşdirmir. Onun üçün maraqlı olan sənəddəki məlumatlar, faktlardır.
Jurnalist əlinə keçən sənəddəki məlumatı, faktı götürüb yaya bilər. Bütün dünyada belədir – kiminsə əlinə sirr daşıyan sənəd keçirsə, əgər həmin sənədi ictimailəşdirmək istəyirsə, jurnalistin yanına qaçır. Ona görə də ilk növbədə həmin məlumatın mənbəyi müəyyən edilməlidir. Bu məsələdə Xədicəlik heç bir şey yoxdur”.
Ilham ISMİ.İsmayıl agentin ifşasından sonra onunla bütün əlaqələrin kəsildiyini qeyd etdi. Bildirdi ki, əməkdaşlığa cəlb edilmiş şəxsin ifşasından sonra həmin orqan “bu mənim agentim olmayıb” tipli bəyanat vermir: “Ona qalsa qurumlar gərək tez-tez belə bəyanatlar versin. Agentin adının açıqlanması sirrdir, amma bu sirr xüsusi xidmət orqanı işçisinin sirridir. Kənar adam bunu biləndə, yayanda məsuliyyət daşımır. Həmin sirri yaymağa şərait yaradan məsuliyyət daşıyır. Burada jurnalistin heç bir məsuliyyəti yoxdur. Xədicə İsmayılovanı yalnız sorğu-sual edə bilərlər ki, bunu sizə kim verib. Yoxsa “bunu sən niyə yaymısan, bu dövlət sirridir” kimi sualların ona ünvanlanması hüquqa sığmır. Əgər bu sənədi öncədən Mustafa Kozlu yayıbsa, gedib ondan ilkin mənbəni soruşa bilərlər. Bu, istənilən dövlətdə jurnalistlər üçün göydəndüşmə məlumatdır. Dünyanın hər yerində jurnalistlər belə xəbərlərin ardınca qaçırlar. Dünya media praktikasında belə şeylər olub. Hətta agentin hansı psevdonimlə çağırılmasına qədər xəbərlər yayılıb. Azərbycanda olmayıb. Əgər təsdiqlənsə, bu, ilk sənəd olacaq”.
M.Kozlunun profilindəki sənəddən aydın olur ki, şəxs narkotik vasitənin təsiri altında qeyri-ənənəvi seksual orentasiyalı şəxslə əlaqədə olarkən videoya çəkilməklə əməkdaşlığa məcbur edilib. Belə hal yolveriləndirmi?
İ.İsmayıl bildirdi ki, belə bir praktika var: “Cəlbetməni möhkəmləndirmək üçün audio, videosənəd hazırlanır. Yəni istəsən videoya da çəkə bilərsən ki, agent sonradan kənara çəkilə bilməsin. Yazılı iltizam da ala bilərsən. Narkotik vasitə təsiri altında cəlbetmədirsə, deməli, bu cəlbetmə kontmaterial əsasındadır. Şəxs haqda material toplayıblar və məcbur ediblər ki, cəlbetmə haqda iltizama imza atsın. İdeya, vətənpərvərlik və pul əsasında agentlik etmə hər biri ayrı-ayrı mövzulardır”.
İ.İsmayıl agentura şəbəkəsinin pullu ola biləcəyini də söylədi.
Fevralın 19-da bir daha M.Kozlunun facebook profilinə nəzər saldıq. Onun 2011-ci ilin oktyabrında yaydığı məlumatların fotosurəti bu gün də orada qalmaqdadır. Adı agentliyə cəlb olunmuş şəxsin kimliyi də orada açıq yazılıb. Qalır həmin sənədin həqiqi olub-olmadığının rəsmən təsdiqi. Jurnalistin istintaqa cəlb olunmasını artıq bunun təsdiqi hesab edənlər də az deyil.(politika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=4439

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930