Milli Şura hakimiyyətdən izahat tələb edir

20.02.2014 - 14:29

Milli Şura hakimiyyətdən izahat tələb edir

Əliyevlərin Avstriyadakı korrupsiya məhkəməsi, mülkiyyət talanları, MTN-nin cəsus ovu və s. kimi məsələlər müxalifətin diqqətində.

Milli Şura ötən gün növbəti sessiyasını keçirdi. Sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyət və qurumun əsasnaməsinin müzakirəsi və cari məsələlər daxil edildi. Ilk olaraq gündəlikdəki məsələlər barədə Milli Şuranın sədri Cəmil Həsənlinin çıxışı dinləndi.

***

O, ilk olaraq Ukrayna hadisələrini dəyərləndirdi. Bildirdi ki, bu hadisəyə qlobal dəyişikliyin tərkib hissəsi kimi baxır: “Baş verənlər təkcə ukraynalıların yox, dünyanın seçimidir”. Kiyevdəki ölümləri acı hadisə kimi qiymətləndirən Cəmil Həsənli dedi ki, Ukraynada demokratikləşmə üçün ağır hesablar verilir. Lakin görünür ki, onlar xalq olaraq daimi böhran içində yaşamaqdansa, böhranı bir dəfə ciddi yaşayıb növbəti demokratiya mərhələsinə keçməkdə qərar veriblər.

İlham Əliyevin son müşavirədəki mövqeyini analiz edən Milli Şura sədri hakimiyyətin Avropa Biriliyinə və Dünya Ticarət Təşkilatına üzvlüyə qoşulmaqdan yayınmasını tənqid etdi və bunu narahatlıq doğuran hal kimi tənqid elədi.
DTT-yə qoşulmaqdan Azərbaaycan hakimiyyətinin yayınmasına gətirdiyi “bu, daxili bazarı qorumaq üçündür” izahına Cəmil bəy “bu, daxili bazar üzərində hakim elitanın monopoliyasını qorumaqdır” kimi şərh verdi.
Vyanada Azərbaycan hakimiyyətinə qarşı rüşvət və korrpusiya ittihamı ilə başlanan məhkəmə də Cəmil Həsənlinin çıxışında yer aldı. O, bu hadisəni ölkənin adı üçün ayıb kimi qiymətləndirdi. Amma o əlavə etdi ki, bu neqativ yükün xalqa heç bir aidiyyəti yoxdur. Çünki xalq talançılıqla, mənimsəmə ilə məşğul olmur. Ona görə də bu rüsvayçılıq hakimiyyətin boynuna düşür.

“Hakimiyyət simasını və etimadını itirib”,- deyə C.Həsənli bildirdi. “Gör vəziyyət nə yerdədir ki, ərazisi işğal altında olan ölkənin diplomatik poçtu ilə Qarabağa aid sənədlər əvəzinə xaricə xalqdan oğurlanan pullar daşınır”. O əlavə etdi ki, belə bir iqtidar ölkənin və xalqın maraqlarını dünyada qoruya bilməz.
Ölkədə korrupsiyaya qarşı sözdə mübarizə elan edildiyini, reallıqda heç bir ciddi nəticənin olmadığını deyən C.Həsənli bunun səbəbini belə izah etdi: “Çünki ölkədə korrupsiyanın başında Ilham Əliyev durur”.
Milli Şura sədri bu mövzuda hazırda Avstriyada Azərbaycan manatının çapı zamanı yol verilən korrupsiya ilə bağlı məhkəmə araşdırmasından da bəhs edərək dedi ki, bu proses də Əliyevlər rejiminin antixalq olduğunu təsdiqləyir.

***

C.Həsənli daha sonra ölkədə siyasi məhbus problemindən bəhs etdi, bildirdi ki, bu sahədə vəziyyət kritikdir: “140 nəfərə yaxın insan hazırda siyasi motivlərlə həbsdədir. Bu işlər üzrə bütün məhkəmə proseslərini diqqətdə saxlamağa çalışmışıq. Məncə, bu məsələnin bir daha ciddi müzakirəsinə ehtiyac var. Təklif edirəm ki, mütəxəssislərin iştirakı ilə bu mövzuda ayrıca dinləmə keçirək”.
Milli Şura sədri məhkəmə prosesi keçirilən NIDA-çı gənclərin, Tofiq Yaqublu və Ilqar Məmmədov, Qurban Məmmədovun dəyanətini yüksək qiymətləndirdi. Onların hər biri haqda xoş sözlər deyən sədr dedi ki, bu adamlar Azərbaycanda avtoritarizmlə mübarizədə çox parlaq nümunələr yaradırlar.
Cəmil Həsənli Milli Şura üzvlərini və tərəfdarlarını bu məhkəmələrdə iştirak etməyə səslədi. O, eyni zamanda yaxınlarda apelyasiya məhkəməsi olacaq Milli Şura üzvü, ilahiyyatçı Hacı Taleyə diqqət ayırmağın vacibliyini bildirdi.

Ölkəni bürüyən intiharlardan söz açan Milli Şura sədri “Bu özünü yandırmalar həm də Ilham Əliyev idarəetməsinin ərşə dirənən alovudur” dedi.

***

Çıxışının sonunda C.Həsənli hakimiyyəti siyasi riyakarlıqda da ittiham elədi. O dedi ki, seçki ərəfəsində milli barışıqdan, müxalifətlə dialoqdan danışan hakim qüvvə indi müxalifət barədə düşmən fikirləri bildirir, avtoritarizmi daha da gücləndirir. Milli Şura sədri bildirdi ki, ölkədə avtoritarizmin şiddətlənməsi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını beynəlxalq birliyin boykot etməsi ilə nəticələnə bilər. Bu mənada Milli Şura sədri hakimiyyəti düşünməyə və siyasətini dəyişməyə çağırdı.

***

Cəmil Həsənlinin məruzəsindən sonra söz AXCP sədri Əli Kərimliyə verildi.

 

Əli Kərimli qeyd etdi ki, Azərbaycan hakimiyyətinin cinayət xarakterli əməlləri o qədər çox və intensivliklə baş verir ki, insanların çoxu artıq bu səpkili məlumatlara reaksiya bildirmir, adi yanaşır. Lakin ölkə müxalifəti, Milli Şura üçün bu, belə olmamalıdır. “Milli Şuranın sessiyası Azərbaycanın siyasi həyatında mühüm bir hadisədir. Ölkədə baş verən bütün məsələlərə burada münasibət bildirilməlidir. Ölkədə isə çox dəhşətli hadisələr baş verir. Əslində, bizi də öyrəşdiriblər. Hamımız adi qəbul edirik, amma Azərbaycanda, demək olar, hər gün olmasa da hər həftə bir hökuməti istefaya göndərməyə yetərli hadisələr baş verir. Təəccüblənmək vərdişini yadırğamışıq artıq. Heç nəyə təəccüblənə bilmirik. Amma mənim birinci çağırışım Milli Şuranın üzvlərinə onunla bağlıdır ki, biz belə etməyək. Nə qədər çox təkrarlanır, təkrarlansın cinayətlərin adiləşməsinə imkan vermək olmaz. Nə qədər çox təkrarlanır, təkrarlansın insanların sosial səbəbdən intiharlarının kütləviləşməsinə münasibət adiləşməməlidir. Onlar artıq statistikaya çevrilməli deyil. Nə qədər çox təkrarlanır, təkrarlansın, rəqəmlər nə qədər çox olur olsun, korrupsiya hallarına statistika kimi baxmalı deyilik. Avstriya prokurorunun dediyi kimi həmin o talan edilən pullar Azərbaycan xalqının pullarıdır. Amma çox təəsüf ki, biz müşahidə edirik ki, Azərbaycan hakimiyyətinin cəmiyyətə saymazyana münasibəti cəmiyyətə də sirayət edib. Hər şeyə “nə olsun ki” deyib özü bir iş görməyənlər, iş görənlərin də əlini-qolunu yanlarına salmağa nail olmağa çalışırlar. Amma biz başa düşməliyik ki, bizim kimi avtoritar ölkələrdə baş verənlərlə bağlı danışmaq, izahat tələb etmək, belə fikirləri yüz minlərə çatdırmaq özü də kifayət qədər işdir və hökumət üçün təhlükədir”.

***
AXCP sədri jurnalist Xədicə Ismayılla bağlı hazırda baş verənlərə diqqət çəkdi. Bildirdi ki, jurnalist şəxsən Ilham Əliyev və ailəsi ilə bağlı korrupsiya araşdırmalarına görə hədəfə alınıb, ona davamlı şəkildə təzyiq edirlər. Əli Kərimli qeyd edib ki, Milli Şura ciddi şəkildə jurnalistin müdafiəsinə qalxmalı, hakimiyyətdən müxalifətə qarşı şantaj vasitəsi ilə “agent ovlamağın” hansı əsasla, qanunla apardığı barədə izahat tələb etməlidir.
Əli Kərimli dedi ki, Xədicə Ismayılla bağlı qaldırılan cinayət işi ilə hakimiyyət təsdiq edir ki, sosial şəbəkələrdə gəzən o sənəd (bir müxalifətçinin ələ alınması -N.G.) gerçəkdir. Əgər bu sənəd gerçəkdirsə, bu hökumət istefaya getməlidir, bir gün də Milli Təhlükəsizlik naziri vəzifəsidə qalmalı deyil. Azərbaycan vətəndaşlarını şantajla müxalifətə qarşı fəaliyyətə cəlb etməkdən gedir söhbət. Əslində bu cinayət işini qaldırmaqla Azərbaycan cəmiyyəti üçün çox vacib etirafda olublar. Bunlar açıq-aşkar deyirlər ki, bizim Milli Təhlükəsizlik Nazirliyimiz dövlətin, millətin yox, hakim ailənin, klanın təhlükəsizliyi ilə məşğuldu, xarici qüvvələrə qarşı yox, ölkə müxalifəti ilə mübarizəylə məşğuldu və qarşılarına qoyduqları məqsəd də müxalifət qüvvələriin birləşməməsidir”.

AXCP sədri Ilham Əliyev və komandasının hədsiz dərəcədə israfçılıq, ərköyün həyata aludə olmasından, bahalı xərcləmələrə yol verməsindən söz açıb və bunu ölkədə kəskin təbəqələşmənin əlaməti kimi qiymətləndirdi. O dedi ki, səfalət içində yaşayan əhalinin fonunda məmurların nümayişkaranə harın həyat tərzi Azərbaycan cəmiyyətində gərginliyi artıran əsas faktorlardandı. Əli Kərimli təklif etdi ki, Milli Şura bu məsələyə münasibət bildirsin.

***

Əli Kərimli Bakının “Sovetski” adlanan ərazisində aparılan söküntü işləri barədə də danışdı. Dedi ki, hökumətin oradakı sakinlər qarşısında cüzi də olsa geri çəkilməsi, onların tələbləri ilə razılaşmağa hazır olduğunu bildirməsi sakinlərin təşkilatlanaraq etiraz etmələri ilə bağlıdır. “Deməli, hakimiyyətin mesajı budur ki, insanlar öz haqları uğrunda ayrı-ayrı mübarizə apardıqca heç bir nəticə əldə etməyəcəklər, problemi ortaya təşkilatlanmış güc qoymaqla aradan qaldırmaq olar”, – deyə AXCP lideri bildirdi.

***

Ictimai-siyasi məsələlərin müzakirəsindən sonra sessiya yeni əsasnaməni müzakirə etdi. Milli Şura üzvləri Seymur Həzi, Sülhəddin Əkbər, Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli, Bəybala Əbil əsasnamə layihəsinə öz təkliflərini verdilər. Müzakirələr təkliflərin nəzərə alınması ilə “əsasnamə layihəsi”nin əsas kimi qəbul edilməsi ilə yekunlaşdı.

Cari məsələlərin müzakirəsində sessiya iştrirakçıları Ukraynada baş verənlər, jurnalist Xədicə Ismayıla təzyiqlər, Azərbaycala bağlı Avstriya məhkəməsində aparılan məhkəmə işi, “Sovetski”dəki köçürmələrlə bağlı bəyatların Milli Şura adından verilməsini qərara aldı.
Sonda C.Həsənli məlumat verdi ki, həm ölkə daxilində, həm də xaricində MŞ-yə daxil olmaq istəyən çoxsaylı insanlar var. O, bu məsələlərin gələn sessiyada müzakirə ediləcəyini bildirdi.
C.Həsənli Milli Şuranın fevralın 26-da Xocalı soyqırımının növbəti ildönümünü anmaq üçün saat 12.00-da paytaxtdakı abidəni ziyarət edəcəyini də anons etdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4453

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031