Yol polisindən sürücülərə bəd xəbər: bal sistemi hələ ləğv olunmayıb
21.02.2014 - 11:19
Yol polisindən sürücülərə bəd xəbər: bal sistemi hələ ləğv olunmayıb
“Son günlər Azərbaycanda sürücülərə yazılan balın ləğvi ilə bağlı məlumat yayılıb. Əslində isə hələ ki, bal sistemi ləğv olunmayıb. Sadəcə bu barədə müzakirələr gedir. Bu səbəbdən də, vətəndaşlar arasında yanlış fikirlər yayılıb”.
Virtualaz.org bildirir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ANS PRESS-ə açıqlamasında deyib.
Yol polisinin sözlərinə görə, mövcud qanunvericiliyə görə, hələ də onların balı toplanır: “1 İl ərzində 12 və daha artıq bal toplayanların sürücülük hüququ məhdudlaşdırılacaq. Sürücülər daha da diqqətli olmalı və qanunun tələblərinə daha ciddi əməl etməlidirlər”.
K.Əliyev hətta bal sisteminin ləğv edildiyi təqdirdə belə, sürücüləri diqqətli olmağa çağırıb: “Hətta bal sistemi ləğv olunsa da, sürücülər məsuliyyətdən azad olmur. Sürücü eyni qayda pozuntusunu 3 dəfə təkrarlayarsa, o, avtomatik olaraq sürücülük vəsiqəsindən məhrum edilə bilər. Kobud qayda pozuntusu sürücüləri məsuliyyətdən heç vaxt azad etmir”.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzası ilə Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunan təkliflər zərfində Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə bal sisteminin ləğvi nəzərdə tutulur. Təkliflər əsas etibarilə yol polisinin vətəndaşlarla ünsiyyətinin minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlıdır. Təkliflərdə hətta qeyri-avtomatik rejimdə müəyyən olunan bir çox qayda pozuntularının da avtomatik rejimə keçirilməsi nəzərdə tutulur ki, bu da yollarda vətəndaşın həm yol patrul inspektoru ilə, həm də inzibati materialların baxılmasında yol polisi əməkdaşı ilə təmasının minimuma endirilməsi məqsədini daşıyır. İrəli sürülən təkliflərdən biri də budur ki, əvvəllər avtomobil sahibinə və ya sürücüyə sənəd formasında protokol, fotogörüntü göndərilirdisə, artıq elektron protokolla yanaşı, kağız daşıyıcıda inzibati xəta üzrə qərar da vətəndaşa göndəriləcək və qərarın qanuni qüvvəyə minməsindən sonra 10 gün müddətində vətəndaşa imkan veriləcək ki, o, vəsatət qaldıra bilsin. (virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=4475