Ermənistan Rusiya qoşunlarını Azərbaycan sərhədinə çağırır
21.02.2014 - 12:45
Ermənistan Rusiya qoşunlarını Azərbaycan sərhədinə çağırır
Müxalifət təmsilçisi bu təşəbbüslə çıxış edib, hakim partiya isə hesab edir ki, ehtiyac yoxdur
Ermənistanda Rusiya qoşunlarını Azərbaycanla sərhəddə yerləşmək çağırışları səslənir.
Virtualaz.org saytı xəbər verir ki, bu təşəbbüslə müxalif Erməni Ümummilli Hərəkatının təmsilçisi, parlamentin xarici əlaqələr komitəsinin keçmiş sədri Ovanes İgityan çıxış edib.
Azərbaycanın Ermənistanın sərhəd boyu yaşayış məntəqələrini intensiv atəşə tutduğunu iddia edən O.İgityan hesab edir ki, Rusiya öz sərhədçilərini Tavuş bölgəsində yerləşdirə bilər. Onun fikrincə, bu addım Azərbaycanı Ermənistanın Tavuş bölgəsini atəşə tutmaqdan çəkindirərdi.
O.İgityanın fikrincə, Ermənistanla Rusiya arasında 2010-cu ildə bağlanmış hərbi müqaviləyə əsasən Rusiyanın öz sərhədçilərini Azərbaycanla sərhəddə yerləşdirməsinə tam əsas var. Çünki bu müqavilədə Rusiya Ermənistanın sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə dair üzərinə öhdəlik götürüb. Hazırda Rusiya hərbçiləri Ermənistanın Türkiyə və İranla sərhədinə nəzarət edir.
Lakin hakim Respublika Partiyasının deputatı, parlamentin xarici əlaqələr komitəsinin üzvü Artak Zakaryan hesab edir ki, Rusiya hərbçilərini Azərbaycanla sərhəddə yerləşdirməyə ehtiyac yoxdur.
“Birincisi, Ermənistan özü Azərbaycanla sərhədə nəzarət edə bilir. İkincisi, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün vasitəçilik edən dövlətlərdən biridir və onun öz hərbi qüvvələrini Azərbaycanla sərhəddə yerləşdirməsi Rusiyanın mövqeyinin qərəzli olduğu barədə fikirlərə səbəb olar. Bu isə sonda Minsk Qrupu formatının dəyişdirilməsinə gətirib çıxarar, hansı ki, rəsmi Bakı çoxdan buna çalışır” – deyə A.Zakaryan bildirib.
O.İgityan isə hakim partiya təmsilçisi ilə mübahisəyə girərək deyib ki, Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi danışıqlar prosesinə təsir edə bilməz. Onun bildirdiyinə görə, Rusiya öz qüvvələrini Azərbaycanla sərhəddə yerləşdirməsə, sərhədin bu sahəsində atəşlər davam edəcək.
O.İgityanın qənaətinə görə, bu rayonda vəziyyət o qədər kəskinləşib ki, Ermənistan Azərbaycan qoşunlarının atəşindən yayınmaq üçün yeni yol çəkməyə başlayıb. (virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=4482