Rəsmi Bakı ilə ABŞ-ın münasibətləri yenidən soyudu
22.02.2014 - 09:53
Rəsmi Bakı ilə ABŞ-ın münasibətləri yenidən soyudu
Casus qalmaqalı”na dair şok təfsilat və…; Amerikanın ATƏT-dəki səfiri Deniel Bayer hakimiyyəti tənqid etdi; XİN Vaşinqtonu qərəzli yanaşma və siyasi təzyiq cəhdində günahlandırdı; ABŞ səfiri: “…Tamamilə absurd, ağlagəlməz və cəfəngiyyatdır”, dedi; “casus siyahısı” Azərbaycan mediasına necə sızdırılıb?
ABŞ-la rəsmi Bakı arasında yenə “soyuq rüzgarlar” əsir. ABŞ Senatının iki işçisinə casus materialları toplamaq məqsədi ilə Bakıya gəlməsi və bundan sonra “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın istintaqa cəlb edilməsi ilə başlayan gərginlik fevralın 21-də qarşılıqlı ittiham notları ilə davam edib.
ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında casus qalmaqalından danışıb. Səfir deyib ki, yayılan məlumatlar yalandır: “ABŞ Senatının iki işçisinin Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə yazılanlar tamamilə absurd, ağlagəlməz və cəfəngiyyatdır”.
Diplomatın sözlərinə görə, bu barədə yazanlar ABŞ-la Azərbaycan arasında münasibətlərə mənfi təsir etmək istəyirlər: “Biz buna yol verməyəcəyik. ABŞ-ın əsas prioriteti Azərbaycanın suverenliyi və sabitliyini dəstəkləməkdir. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik, bu əməkdaşlığı genişləndirəcəyik. Bəzi vaxtlarda ölkələrimiz arasında hansısa məsələlər ortaya çıxır, amma biz düşünürük ki, bu normal münasibətlərdir, bütün ölkələr arasında müzakirəyə ehtiyacı olan məsələ ortaya çıxa bilər. Məsələn, demokratiya ilə bağlı vaxtaşırı hansısa məsələlər ortaya çıxır. Amma nəzərə alaraq ki, biz güclü tərəfdaşlığa nail olmuşuq, möhkəm ikitərəfli əlaqələrimiz var”.
Fevralın 20-də ABŞ-ın ATƏT-dəki səfiri Deniel Bayer ATƏT Daimi Şurasının iclasında Azərbaycan hakimiyyətini, o cümlədən QHT-lər haqqında qanuna son əlavə və dəyişiklikləri tənqid edib.
“ABŞ Azərbaycanda QHT-lər haqqında qanuna yeni düzəlişlərlə bağlı “dərin narahatlığını” bildirib. Bu barədə “Turan”ın Vaşinqton müxbiri bildirib. ABŞ-ın ATƏT-dəki səfiri Daniel Ber qurumun Vyanada keçirilən Daimi Şurada çıxışında bildirib ki, QHT-lərin maliyyələşdirilməsini daha çox məhdudlaşdıran qanun ötən ilin sonunda Azərbaycan parlamenti tərəfindən təqdir edilib və bu ayın əvvəlində İlham Əliyev tərəfindən təsdiqlənib.
Səfir Berin sözlərinə görə, “bu düzəlişlər azad və müstəqil vətəndaş cəmiyyəti üçün məkanını daha da məhdudlaşdırıblar və Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə ziddir”.
“Bu həyəcanlı düzəlişlər vətəndaş cəmiyyətinə və müxalifət fəallarına təzyiqdir” deyə, o qeyd edib.
“Biz əvvəlki tək Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işi üzrə istintaqı diqqətlə izləyirik. O, qanunsuz sahibkarlıqda və vergidən yayınmaqda ittiham olunur. Biz ehtiyat edirik ki, A.Məmmədlinin həbsi onun prezident seçkilərinin monitorinqi ilə bağlıdır”.
Vaşinqton təmsilçisi hakimiyyətdən REAL hərəkatının lideri İlqar Məmmədovun, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun, həmçinin NİDA gənclər hərəkatının fəallarının məhkəmə proseslərində ədalətli məhkəmə çəkişməsinə zəmanət verilməsini istəyib.
“Biz həmçinin Müsavat Partiyasının fəalı Yadigar Sadıqovun bu ilin əvvəlində xuliqanlıq ittihamı ilə həbs olunmasından narahatıq” deyə, səfir qeyd edib.
Bu bəyanata cavab özünü gözlətməyib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ATƏT yanında Daimi Nümayəndəsinin ATƏT-in Daimi Şurasının fevralın 20-də keçirilən iclasındakı çıxışında Azərbaycan Respublikasının QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklərə dair tənqidi bəyanatına münasibət bildirib.
“ABŞ tərəfindən səsləndirilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir”. Bunu isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
Elman Abdullayev APA-nın sorğusuna cavabında onu da deyib ki, Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası, ATƏT və Avropa Şurası çərçivəsindəki öhdəliklərə uyğun olaraq hazırlanmış qeyri-hökumət təşkilatları haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılıb.
E.Abdullayev qeyd edib ki, əlavə və dəyişikliklərin əsas məqsədi QHT-lərin fəaliyyətində və xüsusilə onların maliyyələşməsində şəffaflığın artırılması, korrupsiya elementlərinin aradan qaldırılması və QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına xidmət edən təsisat kimi rolunun gücləndirilməsindən ibarətdir: “Bu xüsusda biz QHT-lərə müraciət edərək onları Azərbaycan Respublikasının qanunları çərçivəsində şəffaf və açıq, eləcə də korrupsiya və qanunsuz maliyyələşmə metodlarından azad şəkildə fəaliyyət göstərməyə qətiyyətlə çağırırıq”.
E.Abdullayevin sözlərinə görə, Azərbaycan tərəfindən bu sahədə bir sıra mühüm işlərin görüldüyü və eyni zamanda QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər edilməklə QHT-lərin fəaliyyətinin hüquqi bazasının möhkəmləndirildiyi və şəffaflığın artırıldığı halda, ABŞ tərəfindən səsləndirilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir.
Bir-birinə dözümsüzlüyü, qəzəbi təcəssüm etdirən bu nümunələr onu göstərir ki, hər iki ölkə arasında geniş ictimaiyyətə bəlli olmayan problemlər var. ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılovanın israrla prokurorluğa çağırılması, ona suç bazasının düzəldilməsi, ona qarşı faktiki olaraq başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi əslində, rəsmi Bakının ABŞ-a açıq mesajlarıdır. Həm də rəsmi Bakı nümayiş etdirir ki, Amerikadan narazıdır, onun ərazisində kəşfiyyat fəaliyyət aparması barədə şübhələri var…
“Biz hamımız onu xilas eləməliyik”- Eynulla Fətullayev
Bu arada, “Yeni Müsavat”a ABŞ-la Azərbaycan arasında “casus qalmaqalı”na səbəb olan insidentlə bağlı bəzi təfsilatlar da məlum olub. Həmin təfsilatlara əsasən, yaza bilərik ki, araşdırmaçı jurnalist Eynulla Fətullayevə verilmiş materialların hava limanının gömrük xidmətindən daxil olması barədə açıqlamalar doğrudur. Lakin məsələnin əsli olduqca ilgincdir. E.Fətullayevin yazdığı “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı…” yazısında adları çəkilən amerikalılar gömrük nəzarətindən keçərkən onların baqaja verəcəkləri çantaların içərisindəki dosye şəklindəki görüntü Azərbaycanın ayıq gömrükçülərinin diqqətini çəkir. Onlar rəisləri ilə, rəisləri isə daha yuxarılarla əlaqə saxlayır; qərar verilir və… Amerika Senatının əməkdaşlarının – Con Zadrozni və Daniel Vajdiçin artıq baqaja verilmiş çamadanları onlara xəbər verilmədən açılır, içindəki bütün dosyelər, kağız qismində olan hər şey götürülür, gömrüyün “ksereks”ində surətləri çıxarılır və yenidən, heç bir iz buraxmadan yerinə qoyulur. Sonradan araşdırma nəticəsində əldə olunan “qənimət”in bir hissəsini mediaya çıxartmaq qərarı verilir. Təbii ki, bu qərarı sərhədlərimizdəki gömrükçülər vermir. Lakin mediaya sızdırılan hissənin hansı dərəcədə təhrif olunub-olunmaması barədə bilgimiz yoxdur.
Məlumatı “Yeni Müsavat”la paylaşan mənbə iddia edir ki, bu cür praktika geniş yayılıb və əsas monitordan başqa, bir sıra “önəmli” adamların yükünə onlar təyyarəyə verilməzdən öncə də birbaşa baxış keçirilir: “Daha çox xaricilər, eləcə də müxalifət fəalları və tanınmışlarının yükləri bu cür təftişə məruz qala bilər. Hətta bəzən sarılmış yükü açıb, təftiş edir, yenidən əvvəlki qaydada sarıdırlar. Bunun üçün hər zaman vaxt və imkan var. Yüklərin qəbul edildiyi bölümün arxasında bunun üçün xüsusi bir xidmət də çalışır…”(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=4502