Əli İnsanov evindən tapılan qızılları istədi
22.02.2014 - 10:08
Əli İnsanov evindən tapılan qızılları istədi
Əli İnsanov: “Avropa Məhkəməsi günahsız olduğumu sübut etdi”; Prokuror sabiq nazirin həbsdə qalmasını istədi
Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə proses sona çatmaq üzrədir. Yada salaq ki, Avropa Məhkəməsi Ə.İnsanovun şikayətinə baxaraq 2006 və sonrakı illərdə onun Azərbaycan məhkəmələrində işinə baxılarkən bir çox hüquqlarının pozulduğunu tanıyıb.
Bir qədər əvvəl isə Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı qərar verib. Həmin qərarın bir hissəsinə görə Ə.İnsanovun işinə Bakı Apelyasiya Məhkəməsində baxılmalı, digər hissəsinə görə isə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə bir ziddiyyətli qərarın verilməsi məhkəmənin gələcəkdə verəcəyi qərarı indidən şübhə altına alıb.
Fevralın 21-də keçirilən məhkəmə prosesi bir sıra qalmaqallarla yadda qaldı. Hətta vəziyyət o həddə çatdı ki, keçmiş nazir prosesdə iştirakdan imtina etdi və məhkəmənin ikinci hissəsi Əli İnsanov olmadan keçirildi.
Ötən məhkəmə iclaslarında olduğu kimi məhkəmənin gedişində hakim uyğun bildiyi zamanda əlinin altındakı düymə vasitəsilə kabinədəki mikrofonu işlək vəziyyətə gətirirdi.
Məhkəmədə öncə İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri olmuş Samir Vəliyev və nazirliyin maliyyə şöbəsinin keçmiş müdiri Rüstəm Aslanov şahid qismində dindirildi.
Samir Vəliyev bildirdi ki, özəlləşdirmə məsələsinə İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki Dövlət Əmlakının İdarə Edilməsi Departamenti baxırdı. Bu departament də Aparata daxil deyildi, birbaşa nazirin tabeliyində idi. Ona görə də özəlləşdirmə məsələlərindən məlumatsız olub.
Əli İnsanovla şahid arasında sual-cavab oldu.
Ə.İnsanov:
– Samir müəllimə təşəkkür düşür, çünki orada göstərilənlərdən xəbəri olmadığını etiraf edir. Bu adam faktiki o aktlardan imtina edir. Deyir ki, xəbərim yoxdur…
Şahid:
– Özəlləşdirmə prosesi Aparat rəhbəri kimi mənim səlahiyyətlərimə daxil deyildi.
– Bəs niyə o aktları ümumiyyətlə imzalamısız? Sizin naziriniz və mən də nazir olaraq, həbs olunmuşdum. Bizə ittihamların əsasında da bu aktlar dayanırdı. Bu qədər diqqətsiz, biganə yanaşmaq olardımı? Belə bir məsul vəzifədə çalışan adam sənədi oxumadan imzalayırsa, bu hökumətin vay halına…
Hakim Qədim Babayev:
– Sualınız varsa, sual verin.
Ə.İnsanov:
– Var. Belə çıxır ki, şahid orada yazılanların doğru olduğunu təsdiqləmir…
Hakim Qədim Babayev:
– Sual çıxarılır, əyləşin.
– İmkan verin, suallarımı verim.
– Əyləşin.
Əli İnsanovun digər vəkili Toğrul Babayev hakimin bu cür münasibətinə etiraz etdi: “Bu, Əli İnsanovun məhkəməsidir. Bu adam danışmalıdır. Onu danışmağa qoymursuz, sual verməyə qoymursuz. Bu necə məhkəmədir?”
Hakim bildirdi ki, Əli İnsanova və onun müdafiəçilərinə bütün imkanlar yaradılır.
Digər şahid Rüstəm Aslanov da təxminən eyni məzmunlu ifadə verdi. Əli İnsanovun bu şahidə maraqlı sualı oldu:
– Mənə də, sizə də məlumdur ki, orada göstərilən obyektlərin heç birinin mənə aidiyyəti yoxdur. İqtisadi İnkişaf Nazirliyinin maliyyə şöbəsinin rəisi olmuş adam kimi, bu qədər dövlət əmlakının özəlləşdirilməsindən Azərbaycanın büdcəsinə cəmi 0,5 milyard manat vəsait köçürülməsinin səbəbi barədə sizə nə məlumdur?
Əli İnsanov onun suallarını çıxardan hakimə etiraz etdi:
– Təəssüf, siz mənə imkan vermədiniz ki, özəlləşmədən gələn 30 milyardın hara getdiyini şahiddən soruşum. O boyda Jak Şirak məhkəməyə çağırıldı…
Hakim kabinədə mikrofonu söndürüb Əli İnsanovun sözünü kəsdi.
Ağaveyis Şahverdi bir sıra nazir, komitə sədrlərinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırdı: “Səhiyyə obyektlərinin özəlləşdirilməsində Əli İnsanovun heç bir rolu olmayıb. Özəlləşdirmə barədə qərarlara, alqı-satqı müqavilələrinə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov imza atıb: “Amma buna görə Əli İnsanova ittiham verilib. Ona görə də Kərəm Həsənovun dindirilməsi vacibdir. Səhiyyə naziri Oqtay Şirəliyevin də dindirilməsinə ehtiyac var. Əli İnsanova Moskvada çap olunub, Azərbaycanda həkimlərə paylanmış kitablara görə ittiham verilib. Həmin kitablarla bağlı Əli İnsanovdan sonrakı nazir Oqtay Şirəliyev də müqavilə bağlayıb və kitablar alınıb. Bu necə olur, Əli İnsanova buna görə ittiham verilir, amma Oqtay Şirəliyevə heç bir irad tutulmur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu günlərdə təsdiqləyib ki, Əli İnsanov barədə hüquq-mühafizə orqanlarına məktub göndərib. Gəlib burada bu məsələyə aydınlıq gətirməlidir. Həmçinin Prezident Aparatında həmin sahənin kuratoru olan Fatma Abdullazadə də məhkəmədə dindirilməlidir. İşdə yoxlama aktına qeyd-şərtlə imza atanlar arasında iqtisadi inkişaf nazirinin müavini olmuş, hazırda isə təhsil naziri olan Mikayıl Cabbarov da var. Onun da dindirilməsi zəruridir”.
Əli İnsanov söz aldı:
– Kabinəyə mənşəyi məlum olmayan tüstülü hava buraxılır, xahiş edirəm, deyin, onu bağlasınlar.
Hakim Əli İnsanovun sözünü kəsdi və bir daha xəbərdarlıq etdi.
Ə.İnsanov:
– Yaxşı, burada əsl dağ havası var, heç keçməli deyil. Şanlı Milli Təhlükəsizlik Nazirliyi məni həbs edən gün evimdə axtarış aparanda guya, evdən qızıl külçələr tapılıb. Telekanallarda qızıl külçələrlə bağlı video nümayiş etdiriblər. Vəsatətim var ki, həmin külçələr tapılıb bura gətirilsin, biz də görək. Əgər bu mümkün deyilsə, İlham Əliyev onları evinə aparıbsa…
Hakim dərhal mikrofonu söndürdü:
– Sizə sonuncu dəfə xəbərdarlıq edirəm, bir də mahiyyətdən kənar nəsə danışsanız, ümumiyyətlə, sizi məhkəmə zalından çıxarıb, prosesi sizin iştirakınız olmadan davam etdirəcəyik.
Ə.İnsanov:
– Mənə və qohumlarıma aid olduğu iddia olunan qızıl külçələr və onların videogörüntülərinin məhkəmədə araşdırılmasını tələb edirəm.
Lakin məhkəmə vəsatəti də təmin etmədi:
– Sizi sonuncu dəfə xəbərdar edirəm.
– Anlaşıldı. Bu 9 ildə sübut olundu ki, mən siyasi sifariş əsasında qondarma ittihamlarla həbs olunmuşam. Təəssüf ki, Ali Məhkəmə də Avropa Məhkəməsinin qərarına, Avropa Konvensiyasına hörmət qoymayaraq, mənim azadlığa buraxılmağımın qarşısını almaq üçün birinci instansiya məhkəməsinin hökmünü ləğv eləmədi. Müstəntiq mənə dedi ki, 5000-ə qədər səhiyyə işçisi istintaqa cəlb olunub, onlardan 200-ü rəsmi şəkildə dindirilib. Heç biri gəlib məhkəmədə demədi ki, Əli İnsanov kimdənsə bir manat alıb. Hətta onlardan 20-si risk edərək, MTN-də mənə qarşı ifadə vermələri üçün hansı təzyiqlərə məruz qaldıqlarını açıqladılar. Necə olur, 20 oktyabrda məni qondarma dövlət çevrilişinə cəhd ittihamı ilə tuturlar, bu, təsdiqini tapmayanda, 15-16 aydan sonra korrupsiya ittihamlarını atırlar ortaya. Hər kəsə həbs olunan gün ittiham verirlər. Möcüzədir, naziri həbs edirlər, protokolu da itirirlər. Lap tutaq ki, səhiyyə sistemində kimsə rüşvət alıb, buna görə naziri həbs edərlər? Ədliyyə sistemi korrupsiya içində boğulur, bəs onda Fikrət Məmmədovu niyə həbs eləmirlər?
Əli İnsanova çıxışını başa çatdırmağa imkan verilmədi.
Ardınca prokuror məhkəmə istintaqının tamamlanmasını təklif etdi. Əli İnsanovun vəkilləri bunun əleyhinə oldu.
Ağaveyis Şahverdi:
– Hə, istintaq aparıldı ki, tamamlansın da…
Ə.İnsanov:
– Hətta Stalin də ölüm hökmü verdiyi adamları dinləyib bəraət verirdi. Müstəntiq hansı qərarı çıxarırsa, prokuror da gözünü yumub onu imzalayır? Bu ölkə hansı məntiqlə idarə olunur?
Məhkəmənin qərarı isə prokurorun təklifinə uyğun oldu – məhkəmə istintaqının yekunlaşması haqda qərar qəbul edildi.
Prokurorun çıxışı üçün prosesdə fasilə elan olundu.
Fasilədən sonra isə Əli İnsanov məhkəmədə iştirakdan imtina etdi. Vəkil Toğrul Babayev bildirdi ki, keçmiş nazir hüquqlarının kobud şəkildə pozulmasına etiraz olaraq, məhkəmədə iştirak etmək istəmir.
Prokuror çıxışında Əli İnsanovun 11 il azadlıqdan məhrum edilməsi barədə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxartdığı 20 aprel 2007-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını təklif etdi.
Əli İnsanovun vəkilləri isə onun barəsində bəraət hökmünün çıxarılmasını istədilər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı fevralın 25-də məlum olacaq.
(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=4504