Siyavuş Novruzovdan baş-ayaq açıqlama
22.02.2014 - 10:52
Deputat “Sovetski” sakinlərinə 1500 manatdan artıq kompensasiya verilməyəcəyini deyir
“Dövlət bu qiyməti havadan götürməyib, bazardakı məzənnələrə uyğun olaraq “Sovetski”də evlərin hər kvadratmetri üçün 1500 manat müəyyənləşdirilib”. Bu sözləri “Media forum”a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Deputatın sözlərinə görə, dövlət məsələni araşdırıb, hesablayıb və ərazidəki evlərin hər kvadratmetri üçün 1500 manat kompensasiya ödənməsinə qərar verib: “Nazirlər Kabineti, Bakı Şəhər Icra Hakimiyyəti ölçmə və qiymətləndirmənin necə aparıldığına dəfələrlə aydınlıq gətirib, bütün məsələlər konkret və şəffaf aparılıb. Hazırda köçürülən ərazidə yeni tikilmiş çoxmərtəbəli binalarda mənzillər hansı qiymətə satılırsa, köçürülənlərin evləri də həmin qiymətə alınır. Hətta dövlət köçürülənlərin evlərini daha baha alır. Kiçik bir tədqiqat aparmaqla bunu öyrənmək mümkündür. Əraziyə gedib soruşmaqla yeni tikilən binalarda mənzillərin hansı qiymətə satıldığını, köçürülənlərin evlərini dövlətin neçəyə aldığını öyrənib müqayisə etmək mümkündür. Əgər kiminsə evi 5 kvadratmertdirsə, indiyədək 5 kvadratmertdə yaşayıbsa, buna dövlət cavabdeh deyil. Həmin şəxslər aldıqları kompensasiya hesabına gedib başqa yerdən mənzil əldə edə bilərlər”.
Ancaq sakinlər deputatın dedikləriylə razılaşmırlar. Onlar deyirlər ki, verilən məbləğ bazar qiymətlərindən qat-qat aşağıdır. Deyirlər ki, “Sovetski”də yeni tikilən binalarda mənzillərin kvadratı 5 min manatdır.
Kim haqlıdır? Kvadrata 1500 manat təyin edən hökumət, yoxsa buna etiraz edən vətəndaşlar.
Kiçik bir araşdırma apardıq və məlum oldu ki, nəinki şəhərin mərkəzi, hətta ona yaxın ünvanlarda belə qiymətlər kəllə-çarxa qalıb.
Misallara diqqət yetirək. “Sovetski”də olduğu kimi “Qış bulvarı” adı altında sökülən ünvanlarda da evlərin hər kvadratmetri üçün 1500 manat verilmişdi. Həmin əraziyə yaxın yerləşən Səməd Vurğun küçəsində tikilən təzə binada təmirsiz evlərin hər kvadratmetri 2000 manatdan yuxarıdır. Üstəlik, qiymətlər mərtəbədən asılı olaraq dəyişir. Birincidən yeddinci mərtəbələrə qədər olan mənzillər ən baha qiymətə satılır. Yaxud Bakı Ağır Cinayətlər Məhkəməsinin binasının yaxınlığında tikilən (“AFF Mall” ticarət mərkəzinin üstündəki mənzillər nəzərdə tutulur – red.) binada təmirli mənzillər 150-200 min manatdan aşağı deyil. Rəşid Behbudov küçəsi “Aqua Park”ın yanında 3-4 otaqlı mənzillər 250-300 min manata satılır.
Dövlət Statistika Komitəsi ilə üzbəüz “Gilan Inşaat”a məxsus “Qaya” daşınmaz əmlakda təmirsiz mənzillərin kvadratı 2 min manatdan başlayır.
Yasamal rayonu, Izmir parkında təmirsiz evlərin satışı kvadratmetri 1700 manatdan başlayır. 88 kvadratdan az olmayan mənzillərin qiymətlərində mərtəbədən asılı olaraq qiymətlərində qalxma-enmə olur.
Metronun “Elmlər Akademiyası” stansiyası ilə üzbəüz tikilən binanın ərazisində beşmərtəbəli “xruşşovka”lar idi, orada alimlər yaşayırdı. Indi ərazidə “Gilan Inşaat” hündürmərtəbəli bina inşa edir. Sözügedən ünvanda təmirsiz mənzillərin kvadratı 5 min manatdan başlayır. Hüseyn Cavid prospektində isə torpağın bir sotu 300 min manat məbləğində dəyərləndirilir.
Nizami küçəsində (“Tarqovı”), metronun “Sahil” və “Içərişəhər” stansiyalarının yaxınlığındakı binalara isə yaxın durmalı deyil. Həmin ərazilərdəki evləri mənzilləri sökülənlər onlara verilən kompensasiya ilə ala bilməz. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4510