İstiqlalçı deputatlar bəyanat yaydı

22.02.2014 - 14:42

İstiqlalçı deputatlar bəyanat yaydı

Istiqlalçı Deputatlar Məclisi Hacıbaba Əzimov, Firudin Cəlilov və Məryəm Həsənovanın Milli Məclisin sabiq deputatları üçün müəyyən olunmuş pensiya hüququnun pozulması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində, ilk Avropa tipli parlamentin – Milli Məclisin üzvü seçilərək müstəqil dövlətimizin atributlarının, qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində dəyərli xidmətlər göstərmiş sabiq deputatların böyük əksəriyyəti uzun illər ərzində işsiz saxlanıldıqlarına, yalnız pensiya ümidinə qaldıqlarına, lakin halal deputat pensiyalarını almaqdan belə məhrum edildiklərinə görə agır maddi-mənəvi sıxıntılar, əsəb sarsıntıları, ciddi səhhət pozuntuları içərisində çətin həyat yaşamaga məhkum edilmişlər.  Son dərəcə acınacaqlıdır ki, ilk Milli Məclisin deputatlarından hazırda 20 nəfəri pensiya yaşına çatmışdır ki, onlardan da 8 nəfəri, o cümlədən Ədalət Rəhimli, Mürşüd Məmmədli, Xanlar Məmmədov, Telman Əliyev uzun illər ərzində işsiz saxlanıldıqlarına, həm də halal deputat pensiyalarını almaqdan məhrum edilərək agır maddi-mənəvi-ruhi sarsıntılara, “məxməri terrora” məruz qoyulduqlarına görə vaxtsız vəfat etmişlər”.
 Bəyanatda xatırladılır ki, hələ 1991-ci il martın 7-də Ali Sovetdə 350 nəfər deputatdan cəmi 43 nəfəri cəsarət və milli qeyrət göstərib SSPİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, Azərbaycanın müstəqilliyinə səs verib: “Bu istiqlalçı deputatlar sırasında olmuş Hacıbaba Əzimov, Firudin Cəlilov və Məryəm Həsənova həm də cəmi 51 nəfərdən ibarət ilk Milli Məclisin üzvləri seçilmiş və 1991-1995-ci illərdə orada qanunverici səs hüquqlu deputat statusunda fəaliyyət göstərmişlər. Buna baxmayaraq Dövlət Sosial Müdafiə Fondu həmin sabiq deputatların pensiya ilə bağlı müraciətlərinə cavab məktubunda hüquq normalarını deyil, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin vaxtilə səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhini əsas tutaraq və onun absurd cümlə və ifadələrini eynilə təkrar edərək onlara sabiq deputatlar üçün müəyyən olunmuş pensiya verməkdən imtina etmişdir. Buna görə də sabiq deputatlar aidiyyəti üzrə məhkəmələrə müraciət etmişlər. Lakin pensiya hüququqlarının pozulması ilə bağlı H.Əzimovun şikayətini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, F.Cəlilov və M.Həsənovanın iddialarını isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təmin etməmiş, qanunvericiliyə tamamilə zidd, ədalətsiz qərarlar qəbul etmişlər. Hazırda prof. H.Əzimovun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında baxılır. Növbəti məhkəmə baxışı fevralın 25-də saat 16-da Bakı Apellyasiya Məhkəməsinin binasında keçiriləcəkdir. F.Cəlilov və M.Həsənovanın şikayətləri isə yaxın günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim ediləcəkdir”.
 İstiqlalçı Deputatlar Məclisi belə hesab edir ki, “birinci instansiya məhkəmələrı qəsdən ilk Milli Məclisin deputatlarına qarşı cavabdehlər tərəfindən göstərilən diskriminasion münasibətə göz yummuş, günahkarları müdafiə mövqeyi tutmuş və nəzərə almamışlar ki, pensiya ilə bağlı ölkə qanunvericiliyində “xalq hakimi” və “Ali Məhkəmənin üzvü” məfhumları olmadığına, yalnız “hakim” ifadəsi işləndiyinə və Azərbaycan Respublkasında işləmiş “sabiq hakimlər” üçün güzəştli pensiya nəzərdə tutulduğuna baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu Sovet dövründə “xalq hakimi” və “Ali Məhkəmənin üzvü” işləyən şəxsləri belə müstəqil Azərbaycan Respublikasında “hakim”, “Ali Məhkəmənin hakimi” işləyən şəxslərlə eyniləşdirərək onların hamısına eyni kateqoriya üzrə  güzəştli pensiya verir, lakin Konstitusiyanın bərabərlik hüququ prinsipini pozaraq 1991-1995-ci illərdə “Milli Məclisin üzvü” adlandırılan deputatlarla sonralar “Milli Məclisin deputatı” adlananlar arasında normativ hüquqi fərq qoyur və birincilərə sabiq deputatlar üçün müəyyən olunmuş güzəştli pensiya verməkdən imtina edir”. 
 Bəyanatda xüsusi olaraq vürğulanır ki, “Əmək pensiyaları haqqında” qanunda Milli Məclisin sabiq deputatları arasında hər hansı ayrı-seçkilik, fərq qoyulmur. Ona görə də hələ 2007-ci il martın 7-də Milli Məclisin 21 nəfər nüfüzlu deputatı, o cümlədən V.Əhmədov, Ə.Məsimli, İ.İsmayılov, C.Həsənli, Q.Paşayeva, S.Rüstəmxanlı, Q.Həsənquliyev, A.Mollazadə, A.Quliyev və başqaları ilk Milli Məclisin deputatlarının pensiya təminatı məsələsində Konstitusiyanın bərabərlik hüququ prinsipinin pozulması ilə bağlı dövlət başçısına məktubla müraciət etmişlər.  Lakin nədənsə bu müraciətə cavab verilməmişdir.
 Bəyanatın sonunda İstiqlalçı Deputatlar Məclisi qanunun aliliyi prinsipini əsas tutaraq məhkəmələrdən istiqlalçı deputatların apellyasiya şikayətinə baxılarkən maddi və prosesual hüquq normalarının düzgün tətbiq edilməsini, milli qanunvericiliyin və beynəlxalq hüququn tələblərinin pozulmasına yol verilməməsini, Azərbaycan dövləti adından verilmiş hökmlərin ədalətliliyinin və qanuniliyinin  təmin olunmasını tələb edir.  
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4524

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30