Tələbə bax, tələbəyə bax

22.02.2014 - 15:28

Tələbə bax, tələbəyə bax

Tələbələrin aksiyası ölkəmizdə təhsil-tədris problemlərini yenidən gündəmə gətirib. Heç kəs dana bilməz ki, bu sahədə ciddi problemlər var və vaxtaşırı bunlar barədə yazılır, deyilir. 
O problemlərdən ən böyüyü bir çox universitetlərin rüşvət, soyğun, kütləvi cahillik məkanına çevrilməsidir. 
Hələ 8-10 il öncə ölkənin görkəmli pedaqoqlarından biri təəssüflənə-təəssüflənə qeyd etmişdi ki, bütün mədəni ölkələr təhsil almağa görə yüksək məbləğlər ödədiyi halda biz həmin məbləği təhsil almamaq üçün ödəyirik. 
“Təhsil almamaq” deyərkən, həmin pedaqoq oxumadan qiymət almağı, tanışlıqla, rüşvətlə kursdan-kursa keçməyi, axırda heç bir yüksək ixtisasa malik olmadığı halda diplom almağı nəzərdə tuturdu.
Bu, sırf həqiqət idi və heç kəs ona etiraz etmədi. Əksinə, bu ifadə az qala zərbül – məsələ çevrildi.
Özünü əziyyətə salmadan, oxumadan universitet bitirmək, diplom almaq mərəzi bizdə sovet dövründən qalma neqativliklərdəndir. Fəqət bunu heç cür müalicə etmək olmur. 
Görünür, bu durum müəllimlərin də bir yarısına sərf edir, tələbələrin də. 
Bununla belə, oxumaq xüsusunda müəllimlər, valideynlər və tələbələr arasında məşhur bir klişe ifadə var: “Oxuyana zaval yoxdur, oxuyanın qiymətini kəsmirlər, oxuyan qiymətini alır”.
Bu ifadələr də həqiqətə söykənir. Bu məsələdə hazırda təhsil-tədris qalmaqalının episentrində yer alan BDU fərqlənir. Doğrudan da son 3-4 ildə dost-tanışların, kollektivimizin üzvlərinin bu təhsil ocağında oxuyan övladları toplam olaraq 200-ə yaxın imtahan veriblər, amma bir manat xərcləri çıxmayıb. Uşaqlar oxuyublar, yüksək qiymətlərini alıblar və onlardan kiminsə nəsə umduğu barədə bizə adi bir giley çatmayıb. 
Ancaq deyilənə görə, oxumayanların problemi var və onlar semestrdən kəsirsiz çıxmaq, kursdan-kursa keçmək üçün müxtəlif yollardan istifadə etməyə məcburdurlar. 
Budur, elan olunur ki, BDU-da 3200 tələbənin akademik borcu var. Bu, kifayət qədər böyük rəqəmdir.
Düşünmək lazımdır, necə olur ki, TQDK-nin keçirdiyi qəbul imtahanlarında ən yüksək balları toplayaraq, BDU-nu seçən gənclər sonradan oxumaq istəmirlər, onlara mane olan nədir? 
Sanki məqsəd ali məktəbə daxil olmaqdır, bu məqsədə yetdinsə, daha oxumamaq olar. Daha bir klişe ifadə də bu mövzudadır: “Çətini universitetə girməkdir, sən universiteti bitirməsən də, vaxtı çatanda universitet səni bitirəcək”. 
Yaxın adamlardan biri danışır ki, 670 balla riyaziyyat fakültəsinə daxil olmuş tələbənin hazırda kəsiri var, ona görə ki, keçdiyi fənlərdən birinə başısoyuq yanaşıb və yetərli qədər bal toplamayıb. 
Son qalmaqalın, tələbələrin hərəkətə gəlməsinin səbəbi isə sırf hakimiyyətin, Nazirlər Kabinetinin üfürməsi ilə alışmış tonqaldır. 
Kəsiri olan və alt qrupda yenidən təhsil almağa məcbur qalan tələbələrin təhsil üçün əlavə pul ödəməli olmaları barədə Nazirlər Kabinetində çıxarılan qərarın heç bir məntiqi əsası yoxdur. 
Birincisi, bu gənclər onsuz da ziyana düşüblər, təqaüddən məhrum olublar, indi onlar dərsə və qiymətə əlavə pul verməli olsalar, maddi sıxıntıya düçar olacaqlar. Əksəriyyəti rayon yerindən gələn, paytaxtda kirayə evlərdə qalan, müasir bahalı dolanışıq problemlərini birtəhər həll edən kasıb tələbədə o qədər pul-para hardandır?
İkincisi, müəllim onlara xüsusi, əlavə dərs keçmir, kəsiri olan tələbələr özlərindən aşağı kurslarda oxuyan tələbələrə qarışaraq onlarla birlikdə auditoriyada otururlar. Bir müəllimin auditoriyada 90 və ya 100 tələbəyə mühazirə oxumasının heç bir fərqi yoxdur. Bu, müəllim üçün artıq əziyyət deyil.
Üçüncüsü, olimpiadada ölkəmizi təmsil edərək qızıl medal qazanası əcnəbi idmançıya yarım milyon dollar vəd edən, həmin medal qazanılacağı təqdirdə çempiona əlavə olaraq ev və maşınlar boyun olan neft və milyardlar səltənətinin başbilənləri kəsilmiş tələbənin beş-on manatı ilə büdcə doldurmaq istəyirlərsə, bu, böyük ədalətsizlikdir. 
Hazırda bütün təhsil problemlərinin qaynağı BDU imiş kimi bir kampaniyanın başlanması da ədalətsizlikdir. Ölkədəki ən nümunəvi universitetin adı ətrafında bu cür qalmaqal varsa, demək, o birilər çoxdan bağlanmalıydı. 
 
müsavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4526

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031