Adil Əliyev deputat həmkarının oğlunu tənqid atəşinə tutdu
23.02.2014 - 09:44
Deputat Adil Əliyev facebook səhifəsində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, həmkarı Elton Məmmədovun oğlu Elnur Məmmədvu Bakıda kikboksinq turniri keçirdiyi üçün tənqid atəşinə tutub. A.Əliyev bunu onun rəhbərlik etdiyi Azərbaycan Kikboksinq Federasiyasının işinə qarışmaq kimi qiymətləndirib. Deputatın statusunu olduğu kimi təqdim edirik:
“Son günlər dostlardan, tanışlardan, jurnalistlərdən mənə xeyli zəng gəlib. Hamısı da eyni sualı verir: 23 fevralda Bakıdakı kikboksinq turnirini kim keçirir? Bir daha rəsmən bəyan edirəm: “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışları” guppultulu adı verilən qondarma turnirin Azərbaycan Kikboksinq Federasiyası ilə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak etməyəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnur nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur. Bu ona bənzəyir ki, kimsə yeni yaradılan Qolf Federasiyasının icazəsini və rəyini nəzərə almadan Bakıda hansısa qolf turniri keçirir. Görəsən, Qolf Federasiyasının rəhbərliyinin həmin qondarma turnirə münasibəti necə olar? İndi də kimlərsə şayiə yayır ki, guya Kikboksinq Federasiyası 23 fevralda adı çəkilən turniri pozmağa çalışacaq. Bu, böhtan, təxribat xarakterli iddiadır, Kikboksinq Federasiyasına qarşı qarayaxmadır. Bir daha xatırladıram ki, bəzilərindən fərqli olaraq Kikboksinq Federasiyası Azərbaycan qanunlarına tabedir, o cümlədən beynəlxalq idman qaydalarına riayət edir. Biz Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstəririk, başqalarını da qanunlarımıza riayət etməyə çağırırıq. İdman və Gənclər Nazirliyi kikboksinq yarışlarını keçirməyi bizə həvalə edib. Federasiyamızın nəzdində 100-ə yaxın klub var və biz bu klubların fəaliyyətinə nəzarət edir, onlara hər cür dəstək veririk. Bu klublar Federasiyanın bayrağı altında turnirlər təşkil edirlər. Buna görə də həmin klublar Federasiyanın qaydalarına tabedirlər. Başqa idman federasiyaları və onların çoxsaylı klubları da məhz bu şəkildə fəaliyyət göstərir, nizam-intizama tabe olurlar. Bu, bir turnirlik iş deyil, sistemli fəaliyyətdir. Məqsədimiz Azərbaycanda kikboksinq idman növünü populyarlaşdırmaq, gəncləri sağlam həyata sövq etmək, o cümlədən rəsmi statusu olan ciddi beynəlxalq turnirlərdə mükafatlar qazanaraq Azərbaycanın bayrağını ucaltmaqdır. Federasiyanın uğurları göz qabağındadır. Onu da xatırlatmağı lazım bilirəm ki, 1992-1993-cü illərdən fəaliyyət göstərən Kikboksinq Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Buna görə də kimsə bizim məsləhətimiz olmadan, özbaşına kikboksinqin k-1 versiyası üzrə hansısa turnir keçirirsə, bununla Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirir. Bu yolla dövlətimizin uğurla həyata keçirdiyi idman siyasətinə də kölgə salmağa təşəbbüs göstərirlər. Turnirin 23 fevralda keçirilməsi daha bir ciddi sual yaradır: Dövlətimiz ölkədə və beynəlxalq aləmdə Xocalı soyqırımının 22-ci ildönümünə hazırlaşarkən, matəm tədbirləri planlaşdırarkən, belə bir ərəfədə Bakıda turnir təşkil etmək, başqa ölkələrdən qonaqlar dəvət edərək, deyib-gülmək, qaliblərə əl çalmaq, ardınca da gurultulu mərasim keçirmək və buna böyük pullar xərcləmək hansı məntiqə sığar? Yaxşı olmazdımı həmin pulları mənasız turnirə deyil, xalqımızın acı gününün beynəlxalq aləmdə tanıtdırılmasına xərcləyərdiniz? Göründüyü kimi, suallarımız çoxdur, icazəsiz turnir keçirənlərdən isə indiyə qədər məntiqli cavab almamışam. Nə isə, Allah xeyir versin…”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4534