“Əslində rektor o tələbəyə təşəkkür etməli idi”
23.02.2014 - 11:00
Cəmil Həsənli: “Ali təhsil müəssisəsində mühafizə dəstəsinin özünü belə aparması yolverilməzdir”
Fevralın 20-də tələbələrin BDU-nun həyətində keçirdiyi aksiya bir çox məqamlara da işıq saldı. Belə ki, BDU-nun rektoru Abel Məhərrəmov etiraz edən tələbələri bir gün sonra Universitetin akt zalında qəbul etdi.
Ancaq, bu qəbulda bir neçə hal müşahidə olundu. Universitetdə rüşvət alındığını bildirən 4-cü kurs tələbəsi Kiçiyeva Ramilə Abel Məhərrəmov tərəfindən təhdid edildi. Rektor tələbəni Universitetdən qovmaqla, məhkəməyə verməklə hədələdi. Digər tələbə Hüseyn Novruzov Universitetin mühafizəçiləri tərəfindən döyülərək polis bölməsinə aparıldı. Göründüyü kimi Universitetdə yerində olmayan yalnız təhsil prosesi deyil, həm də tələbələrə münasibətdir. Millət vəkili, Universitet rektoru olan bir şəxsin tələbə ilə hədə leksikonunda danışması, öz etirazını bildirən tələbəyə aqressiv münasibəti və bununla digər tələbələrə dərs verdiyini etiraf etməsi acınacaqlı haldır. Deməli, rüşvət faktı ilə qarşılaşan tələbə bunu dilə gətirərsə, nəticədə Universitetdən kənarlaşdırıla bilər. Eyni zamanda belə bir mənzərə yaranır ki, universitet rəhbərliyi baş verən neqativ hallardan xəbərdardı və bunun ictimailəşməsini istəmir.
Qeyd edək ki, Abel Məhərrəmovun tələbələrlə görüşü Təhsil Nazirliyinin elm şöbəsinin müdir müavini Yaqub Piriyev və Təhsil nazirinin müşaviri Ilham Pirməmmədovun iştirakı ilə baş tutub. Bütün baş verənlər də nazirlik nümayəndələrinin önündə cərəyan edib.
Milli Şuranın sədri, BDU-nun keçmiş müəllimi Cəmil Həsənli yaranmış vəziyyəti belə dəyərləndirdi: “Universitetdəki narazılığı müzakirə etmək lazım idi. Tələbələri qorxutmaq, onlara kobud münasibət göstərmək, mühafizə dəstəsinə tələbələri döydürtmək yolverilməzdir. Bura ali məktəb, təhsil, elm müəssisəsidir. Burada mühafizə dəstəsinin özünü belə aparması tamamilə biabırçılıqdır. Rektorun borcu idi ki, tələbələri dinləsin. Bu görüşün məqsədi də ondan ibarət idi ki, tələbələr öz fikirlərini söyləsinlər, onları narahat edən məsələləri müzakirəyə çıxarsınlar. Rektorun tələbəni hədələməsi tamamilə yanlışdı. Əksinə, rektor o tələbəyə təşəkkür etməli idi ki, tələbə öz fikrini bu qədər açıq formada ifadə etdi”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4538