Smart-kartlar yoxsul əhalini daha da acınıcaqlı duruma salıb
23.02.2014 - 11:16
Nemət Əliyev: “Dövlət əhalinin zəif nöqtəsindən tutub, Azərbaycanda smart-kartlara keçid qərarı tamamilə yanlışdır”
Kommunal xidmətlərin smart-kart sisteminə keçidindən sonra qəribə bir mənzərə yaranıb. Müasir texnologiya kimi sərgilənən smart-kartların tətbiqini hökumət nə qədər təbliğ etsə də, deyəsən, bu məsələdən bir qədər də əndişəyə düşüb. Əvvəllər elektrik enerjisi, qaz və sudan istifadə edən istehlakçılar pulu olmayanda və ya maaş, pensiyaları gecikəndə bildirişi gətirənlərdən vaxt ala bilirdi. Müəyyən vaxtdan sonra da borcunu verirdi və kommunal xidmət təminatında fasilə olmurdu.
Indisə smart-kartların tətbiqi aztəminatlı təbəqə üçün bu imkanı da əldən çıxarıb. Necə deyərlər, sayğac kartında pulun varsa, işığın yanacaq, qazın gələcək, suyun da axacaq. Smart-kart sayğacları xahiş-minnət tanımadığı üçün pul yüklənmədiyi təqdirdə, “öldü var-döndü yoxdur” prinsipilə kimsəyə güzəşt etmir.
Bir sözlə, əhalisinin əksəriyyəti aztəminatlılardan ibarət olan ölkəmizdə smart-karta keçid istənilən effekti vermir. Əksinə, narazıların sayı artmaqdadır.
Itisadçı-ekspert Nemət Əliyev deyir ki, smart-kart sistemi müasir texnologiya kimi təqdim olunsa da, əslində, dövlət bu vasitə ilə kommunal xidmətlərin nəğd şəkildə satışını təşkil etmək istəyir. Vətəndaşa təklif olunur ki, əvvəlcə pulunu ödə, sonra sənə qaz, su və işıq verək: “Texnoloji yenilik adıyla bunu cəmiyyətə sırımaq və üstün xidmət forması kimi təqdim etmək tamamilə yanlışdır. Azərbaycan xalqının alıcılıq qabiliyyəti olduqca zəifdir. Vətəndaşlar sərbəst pul vəsaitlərinə sahib olsaydı, ən birinci ərzaq istehlakını yaxşılaşdırardı. Bu gün insanların istehlak səbətinə diqqət edəndə onun nə qədər ucuz və keyfiyyətsiz ərzaq məhsulu qəbul etmək məcburiyyətində qaldığını görərik. Bu, əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı olmasından irəli gəlir”.
Ekspert xatırladır ki, Dövlət Statistika Komitəsi ev təsərrüfatlarının müayinəsini apararkən ölkə əhalisinin 50 faizdən çoxunun gəlirinin 150 manatdan ibarət olduğunu, bu həddən yuxarı qalxmadığını bildirib. Bununla da dövlət qurumu insanların gəlirlilik səviyyəsinin nə qədər aşağı olduğunu isbatlayıb: “Belə bir vəziyyətdə müasirlik, texnoloji yeniliyi təqdim etməmişdən öncə əhalinin sosial-iqtisadi durumunu aydınlaşdırmalı, sonra isə smart-karta keçid olmalıydı. Doğrudur, bir qisim var-dövlət sahibləri üçün smart-karta pul ödəyib rahatca yaşamaq daha sərfəlidir. Sadə vətəndaşın isə belə imkanı yoxdur. Vətəndaş məcburi şəkildə buna qoşulub, insanlar müalicəsi, təhsil haqqı və gündəlik tələbatından kəsərək buna gedir. Amma belə zərbələr insanları kəskin formada yıxacaq. Hökumət bilir ki, kommunal xidmətlərdən istifadə üçün alternativ yol yoxdur. Əhali işığın yerinə nə yandırmalı, suyun əvəzinə nə içməlidir ki?! Dövlət əhalinin zəif nöqtəsindən tutub”.
Ekspert əhalinin alıcılıq qabiliyyəti yüksək olan ölkələrdə bu sistemin tətbiqini uğurlu sayır. Nemət Əliyevin sözlərinə görə, Azərbaycan reallığında bu, yerində olmayan məsələdir və XXI əsrin insanını ən elementar istehlak haqlarından məhrum etmək deməkdir: “Smart-kartlara keçid qərarı tamamilə yanlışdır. Bu sistem nə qədər müasirlik kimi təqdim olunsa da, əhalinin alıcılıq imkanlarına adekvat deyil”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4540