Türkiyəli nazir Azərbaycandan fakt istəyir
Türkiyəli nazir Azərbaycandan fakt istəyir
Zahid Oruc: “Azərbaycan Xarici Işlər Nazirliyi Türkiyəyə belə faktları təqdim etməlidir”
Bugünlərdə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Gəncədə Gürcüstan, Azərbaycan və Türkiyə XIN rəhbərlərinin toplantısının yekunlarına dair keçirilən mətbuat konfransında maraqlı fikirlər səsləndirib. O bildirib ki, Türkiyə Azərbaycandan radikal qrupların Suriyaya getməsinin qarşısının alınması üçün rəsmi Bakı ilə əməkdaşlıq etməyə hazırdır.
Davudoğlu bildirib ki, Azərbaycan xüsusi xidmət orqanları azərbaycanlıların Suriyaya göndərilməsilə bağlı müvafiq məlumatları təqdim etsə, o zaman Türkiyə belə şəxslərə qarşı sərt tədbirlər görməyə hazırdır: “Lakin biz Türkiyəyə gedən bütün azərbaycanlıları yoxlamaq niyyətində deyilik. Azərbaycanlılar bizim üçün qardaşdır. Biz ancaq Azərbaycan xüsusi xidmət orqanları tərəfindən adları təqdim edilən şəxslərə qarşı sərt tədbirlər görəcəyik”.
Nazir həmçinin söyləyib ki, Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədi var və bütün sərhəd sahələrini nəzarətdə saxlamaq mümkün olmur.
Görəsən, rəsmi Bakı sözügedən problemlə bağlı Türkiyə tərəfinə fakt təqdim edəcəkmi?
Milli Məclisin Təhlükəsizlik Komitəsinin sədr müavini Zahid Oruc “Azadlıq”a açıqlamasında bildirib ki, Əhməd Davudoğlu bu fikri səsləndirməklə Azərbaycanı fakt qarşısında qoymaqdan daha çox, fakt təqdim etməyə stimullaşdırıb. Deputatın fikrincə, belə olan halda, rəsmi orqanlarımız iki dövlət arasında münasibətlərə xələl gətirən, vətəndaşlarımızın həyatını Suriyadakı vəhşətlərin içinə qatan Türkiyənin dövlət strukturlarını günahlandıran mövqe tutmalı deyil, prosesin qarşısını almaq üçün prosesləri səfərbər etməlidir: “Etiraf edirəm ki, bu məsələnin uğurlu sonluğa çatacağını gözləmək sadəlövhlük olardı. Çünki həmin sərhəd real olaraq normal qoruna bilmir, həmçinin Türkiyə ciddi şəkildə Yaxın Şərq arxitekturasının formalaşmasında iştirak etməyə çalışır. Lakin türk dünyasının tarixi bəlasıdır ki, onda sona çatmaq problemi var. Yada salsaq, Iraq, Misir məsələlərində də oxşar tendensiyalar vardı”.
Deputat onu da qeyd edir ki, hazırkı Suriya rejiminin yıxılmasından sonrakı dövrə Türkiyənin nə qədər hazır olması da bəlli deyil. Fakt budur ki, orada vuruşan türklər və digər millətlər qardaş ölkənin sərhədlərini aşa bilirlər. Eyni zamanda, Türkiyəyə gedənlərin hər gəlişinin də qanunauyğun olmasını müəyyən etmək asan deyil. Zahid Oruc bu baxımdan, Türkiyə üzərindən öz vətəndaşlarının Suriyaya getməsinin qarşısını almaq üçün Azərbaycan Xarici Işlər Nazirliyinin Türkiyə tərəfə bu faktları təqdim etməsini vacib sayır.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4542