Deputat nazirin qardaşı oğlunu biabır etdi
Deputat nazirin qardaşı oğlunu biabır etdi
“Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnir nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur”.
Virtualaz.org xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev öz facebook səhifəsində yazıb.
Adil Əliyev buz sözləri nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun fevralın 23-də keçirəcəyi kikboksinq turnirinə münasibət bildirərkən deyib.
A.Əliyev qeyd edib ki, bu turnirin onun rəhbərlik etdiyi federasiya ilə heç bir bağlılığı yoxdur: “Son günlər dostlardan, tanışlardan, jurnalistlərdən mənə xeyli zəng gəlib. Hamısı da eyni sualı verir: 23 fevralda Bakıdakı kikboksinq turnirini kim keçirir? Bir daha rəsmən bəyan edirəm ki, “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışları guppultulu adı verilən qondarma turnirin Azərbaycan Kikboksinq Federasiyası ilə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak etməyəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnir nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur. Bu ona bənzəyir ki, kimsə yeni yaradılan Qolf Federasiyasının icazəsini və rəyini nəzərə almadan Bakıda hansısa qolf turniri keçirir. Görəsən, Qolf Federasiyasının rəhbərliyinin həmin qondarma turnirə münasibəti necə olar? İndi də kimlərsə şayiə yayır ki, guya Kikboksinq Federasiyası 23 fevralda adı çəkilən turniri pozmağa çalışacaq. Bu, böhtan, təxribat xarakterli iddiadır, Kikboksinq Federasiyasına qarşı qarayaxmadır”.
A.Əliyev depuat oğlunu qanunlara tabe olmağa çağırıb: “Bir daha xatırladıram ki, bəzilərindən fərqli olaraq Kikboksinq Federasiyası Azərbaycan qanunlarına tabedir, o cümlədən beynəlxalq idman qaydalarına riayət edir. Biz Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstəririk, başqalarını da qanunlarımıza riayət etməyə çağırırıq. İdman və Gənclər Nazirliyi kikboksinq yarışlarını keçirməyi bizə həvalə edib. Federasiyamızın nəzdində 100-ə yaxın klub var və biz bu klubların fəaliyyətinə nəzarət edir, onlara hər cür dəstək veririk. Bu klublar Federasiyanın bayrağı altında turnirlər təşkil edirlər. Buna görə də həmin klublar Federasiyanın qaydalarına tabedirlər. Başqa idman federasiyaları və onların çoxsaylı klubları da məhz bu şəkildə fəaliyyət göstərir, nizam-intizama tabe olurlar. Bu, bir turnirlik iş deyil, sistemli fəaliyyətdir. Məqsədimiz Azərbaycanda kikboksinq idman növünü populyarlaşdırmaq, gəncləri sağlam həyata sövq etmək, o cümlədən rəsmi statusu olan ciddi beynəlxalq turnirlərdə mükafatlar qazanaraq Azərbaycanın bayrağını ucaltmaqdır. Federasiyanın uğurları göz qabağındadır. Onu da xatırlatmağı lazım bilirəm ki, 1992-1993-cü illərdən fəaliyyət göstərən Kikboksinq Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Buna görə də kimsə bizim məsləhətimiz olmadan, özbaşına kikboksinqin “k-1″ versiyası üzrə hansısa turnir keçirirsə, bununla Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirir. Bu yolla dövlətimizin uğurla həyata keçirdiyi idman siyasətinə də kölgə salmağa təşəbbüs göstərirlər”.
Deputat turnirin Xocalı soyqırımı ərəfəsində keçirilməsinə də öz narazılığını bildirib: “Turnirin 23 fevralda keçirilməsi daha bir ciddi sual yaradır: Dövlətimiz ölkədə və beynəlxalq aləmdə Xocalı soyqırımının 22-ci ildönümünə hazırlaşarkən, matəm tədbirləri planlaşdırarkən, belə bir ərəfədə Bakıda turnir təşkil etmək, başqa ölkələrdən qonaqlar dəvət edərək, deyib-gülmək, qaliblərə əl çalmaq, ardınca da gurultulu mərasim keçirmək və buna böyük pullar xərcləmək hansı məntiqə sığar? Yaxşı olmazdımı həmin pulları mənasız turnirə deyil, xalqımızın acı gününün beynəlxalq aləmdə tanıtdırılmasına xərcləyərdiniz? Göründüyü kimi, suallarımız çoxdur, icazəsiz turnir keçirənlərdən isə indiyə qədər məntiqli cavab almamışam. Nə isə Allah xeyir versin…”
Xatırladaq ki, depuat Adil Əliyevin yuxarıda qeyd etdiyi Qolf Fedederasiyası nazir Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.
Qeyd edək ki, turnir qalmaqalı uzun zamandır müzakirə edilir. Bununla bağlı redeaksiyamıza daxil olan məlumatda isə bildirilirdi ki, deputat oğlu bu turnir üçün 500 min manat xərcləyib. Turnir Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=4543