Elman Rüstəmov niyə izahat vermir?

23.02.2014 - 12:58

Elman Rüstəmov niyə izahat vermir?

Aslan Ismayılov: “Yayılan məlumatlara münasibət bildirilməməsi sadəcə biabırçılıqdır”
 
Rövşən Ağayev: “Bu, Azərbaycan dövləti üçün çox böyük utanc gətirən bir reallıqdır”
Fevralın 17-də Avstriyanın paytaxtı Vyanada Mərkəzi Bankın sədri Elman Rüstəmovun adı keçən cinayət işi üzrə məhkəmə prosesinin başlandığına dair məlumat vermişdik.
Söhbət Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsindən gedir. 
Yəni Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub. Verilən məlumatlara görə, məhkəmə “OeBS” şirkətinin 2008-ci ildən etibarən Azərbaycan və Suriya Mərkəzi bankları ilə əməliyyatlarda bir epizod üzrə 530 min avro rüşvət ödədiyini artıq təsdiqləyib. Pullar Panamada qeydiyyatdan keçmiş “Venkoy” adlı ofşor şirkətin hesablarına köçürülüb.
Qeyd edək ki, banknot çap edən Avstriya şirkətinin Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə rüşvət verdiyinə dair cinayət işi iki il əvvəl qaldırılıb. Mətbuat bu qalmaqaldan dəfələrlə yazsa da Mərkəzi Bank buna reaksiya vermir. 
Əslində baş verənlər çox ciddi məsələdir və aidiyyəti orqanlar bununla bağlı ictimaiyyətə açıqlama verməlidir.
Tanınmış vəkil Aslan Ismayılov hesab edir ki, Baş prokurorluğun bu məsələdə susması biabırçılıqdır: “Hər gün ölkədə korrupsiya ilə qəti mübarizə gedir deyən Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralov bütün dünyaya bəlli olan bu korrupsiya faktını görmürmü? Əgər görürsə, niyə susur? Axı bu faktı araşdırmaq onun birbaşa vəzifə borcudur. Avstriya məhkəməsində prokurorun çıxışı ilə tanış olduqda görürsən ki, o, Azərbaycan xalqının maraqlarını Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralovdan daha çox qoruyur. Hətta Mərkəzi Bankdan öncə bu fakta prokurorluq münasibət bildirməli idi. Hansısa müəllimin, həkimin, xırda sahibkarın əməlinə görə bəyanat verirlər. Bu məsələdə isə kifayət qədər yüksək vəzifə sahiblərindən söhbət gedir. Baş verənlərə münasibət bildirilməməsi sadəcə biabırçılıqdır. Elman Rüstəmovun adı ətrafında Avstriya məhkəməsində baş verənlər artıq tək onun özünü və qohum-əqrabasını yox, bütün Azərbaycan xalqını dünyada biabır edir”.
Iqtisadçı ekspert Rövşən Ağayev bildirdi ki, “Məhkəmə prosesinin nəticəsində bütün qaranlıqlara aydınlıq gələcək. Avstriya kifayət qədər inkişaf etmiş, demokratik ölkədir və bu ölkənin məhkəmə qərarını heç kim şübhə altına ala bilməz. Normal halda isə Azərbaycan hökuməti bununla bağlı mövqe ifadə etməli idi. Susmaq isə, razılıq əlamətindən xəbər verir və hökumətin narahatlığını göstərir. Azərbaycan hakimiyyətinin adı kifayət qədər müxtəlif beynəlxalq korrupsiya sxemlərində hallanıb. Ofşor zonalarda pul saxlamaqdan tutmuş, yüksək çinli məmurların ailə üzvlərinin adına olan şirkətlərə qədər xəbərlər yayılıb. Mərkəzi Bankla bağlı yayılan məlumatlar da kifayət qədər ciddidir və dünyada müsbət reputasiyası olan məhkəmə tərəfindən araşdırılır. Bu, Azərbaycan üçün həddən artıq utanc gətirən bir reallıqdır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4546

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031