Vyana prosesi: “Bakıdan olan adamların adını çəkməyə qorxuram”
Vyana prosesi: “Bakıdan olan adamların adını çəkməyə qorxuram”
Vyanada Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti, banknot çapı ilə məşğul olan OeBS şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında bağlanmış müqavilələrə görə rüşvət işində növbəti məhkəmə prosesi olub.
Söhbət Azərbaycan manatının OeBS şirkəti tərəfindən çapına dair 2005-2011-ci illərdə bağlanmış müqavilələrdən Azərbaycanın Mərkəzi Bankının vəzifəlilərinə müqavilələrin nominal dəyərinin 20 faizi həcmində “şapka” verilməsindən gedir. İş üzrə qalmaqallı məhkəmə prosesi fevralın 17-də başlayıb.
Virtualaz.org saytı Avstriya qaynaqlarına istinadən xəbər verir ki, son məhkəmə prosesində OeBS şirkətinin keçmiş satış direktoru, əslən Rumıniyadan olan Raluka Tanasesku ifadə verib. İş üzrə ittiham edilən 9 nəfərdən biri və rüşvət sxemində açar fiqur olan R.Tanasesku həm istintaqa, həm də məhkəməyə verdiyi ifadədə özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bildiyini deyib.
6 dildə sərbəst danışan R.Tanasesku Azərbaycan Mərkəzi Bankı ilə OeBS şirkəti arasında müqavilələrin hazırlanmasını həyata keçirib və bütün kommersiya danışıqlarını o aparıb.
Avstriyalı jurnalistlərdən birinin virtualaz.org saytına verdiyi xəbərdə OeBS şirkətinin keçmiş “dəmir ledisi”nin məhkəmədə “üz-gözündən əzab yağdığı” bildirilir.
“Komission ödəmələrin köçürüldüyü bank hesablarını mən Azərbaycandan almışdım” – deyə o, hakimin suallarına cavab olaraq bildirib.
R.Tanasesku offşor zonalarda qeydiyyatdan keçmiş “birgünlük” şirkətlərin bank hesablarını ona Azərbaycandan olan şəxslərin Moskvadakı otellərin birində verdiyini deyib.
Bəs həmin adamlar kimlər idi?
R.Tanasesku bu suala cavab olaraq həmin şəxslərin adlarını açıqlaya bilməyəcəyini deyib: “Mən ad çəkə bilmərəm, qorxuram”.
R.Tanasesku OeBS şirkətinin rüşvət ödəmələrini gizlətmək üçün saxta hesabatlar hazırladığını və köçürülən pulların əsl məqsədinin gizlədildiyini deyib.
“Bu gizlətmə mədəniyyəti bizə Avstriya Mərkəzi Bankından keçmişdi. Mənə deyirdilər ki, narahat olmayım, çünki bizim arxamızda Mərkəzi Bank kimi güclü institut dayanıb” – deyə qadın bildirib.
Raluka Tanasesku ifadəsində deyib ki, OeBS şirkətinin rəhbərliyində hamı 20 faizlik “komission haqqı”nın hara getdiyini bilirdi. O cümlədən şirkətin Direktorlar Şurasının sədri Volfhanq Duçatek bundan xəbərdar idi. Raluka Tanasesku Azərbaycanın Mərkəzi Bankının rəhbərləri ilə Vyanadakı görüşü də xatırlayıb. Həmin görüşdə Duçatek Tanaseskuya zarafatla deyib ki, o, pulların hara getdiyini yaxşı bilir. Və hamı bu sözlərə gülüb.
Xatırladaq ki, Tanasesku istintaqa verdiyi ifadədə rüşvət pullarının offşor hesablarla yanaşı bir qisminin nağd şəkildə ötürüldüyünü də deyib. Belə ki, “Azərbaycan diplomatları qadının vətəni Rumıniyada onunla görüşərək pulların dərhal verilməsini” tələb ediblər. Nəticədə pullar “Stefanplatz” firmasının sellofan “meşoklarına” doldurlub və Bakıya yola salınıb. (azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4560