Məmurları qudurğanlıqdan və harınlıqdan necə qorumalı?
Məmurları qudurğanlıqdan və harınlıqdan necə qorumalı?
Və ya İlham Əliyevin özünün də unutduğu bir qanun üzərində gəzişmə…
Metropoliten rəhbəri Tağı Əhmədovun mikrofonu jurnalistin başına vurmasını, daha sonra jurnalistə “əəə, vızıldamayın” deməsini yada salırıq. Daha sonra nəqliyyat naziri Ziya Məmmədovun jurnalistin “qardaşınızı işdən niyə çıxarıblar?” sualına verdiyi “bunların sizə dəxli var? Mənə bir də zəng eləməyin” cavabını…
Deputat, adademik, rektor Abel Məhərrəmovun tələbəyə “səni bu dəfə elə qovaram, izin də qalmaz, verin bunu məhkəməyə” deməsini xatırlayaq.
Bunlar Azərbaycandakı məmur təbəqəsinin ictimailəşən kobud davranışlarından kiçik nümunələrdir. Bunları “dəryada damla” da adlandırmaq olar. Nəzərə alın ki, bu hallar jurnalistlərlə birbaşa və bilavasitə təmas zamanı olub. Indisə təsəvvür edək ki, onlar xidməti kabinetlərində sadə insanlarla necə davranırlar, hansı kobudluğu nümayiş etdirirlər.
Etiraf olunmalıdır, Azərbaycan məmur təbəqəsi məsuliyyətsizliyin pik həddini yaşayır. Azərbaycanın dövlət kimi mövcudluğu tarixində heç vaxt məmurların xalqa qarşı indiki qədər saymazyana, kobud rəftarı olmayıb. Vəziyyət o qədər kritik hal alıb ki, Ilham Əliyev xalqın qəlbini ələ almaqdan ötrü bir neçə dəfə məmurların, onların övladlarının harınlığından söz açıb.
Bir neçə gün əvvəl isə bir neçə məmur övladının mediaya yol tapan harın həyat tərzini “Qaçqınkom”un sədri Əli Həsənov da dilə gətirdi. O, həmin uşaqların valideynlərini dolayısı ilə də olsa, ittiham etdi. YAP-çı deputat Siyavuş Novruzov isə lap gül vurub. O, məmurları Həzrəti Əli kimi yaşayış tərzi keçirməyə çağırıb.
Sual yaranır: Ilham Əliyevin, guya, məmur özbaşınalığına qarşı onun kimi çıxış edənlərin tənqidləri bəs niyə öz bəhrəsini vermir?
Məsələ ondadır ki, bütün ölkələrdə olduğu kimi, bizdə də məmurların fəaliyyətini tənzimləyən qanunlar var. Onların arasında “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun da var.
Təəccüblənə bilərsiniz, ancaq bu, faktdır ki, Azərbaycanda da belə qanun qəbul edilib. Özü də Ilham Əliyevin imzası ilə qüvvəyə minib. Həm də indi yox, 2007-ci ildə…
Bəri başdan deyirəm, sözügedən qanunla tanışlıq ən soyuqqanlı azərbaycanlını da şoka salmaq gücündədir. Bu qanunun mükəmməl formada hazırlandığını əminliklə iddia etmək olar. Orada elə tələblər var ki, onlara əməl olunsa,
Siyavuşun sözü qəribçiliyə də düşməz. O qanuna uyan hər bir məmur elə Həzrəti Əli misalı həyat keçirməyə məhkumdur.
***
Ilham Əliyevin məmurları xoşagəlməz, harın həyat tərzinə görə danlaması yaxşı hadisədir, fəqət, onun birinci vəzifəsi imza atdığı qanunun işləməsini təmin etməkdir. Qanun isə nəinki işləyir, heç o istiqamətdə kövrək addım da yoxdur. Bu qənaətə özbaşına gəlməmişəm, biz aşağıda qanunu gözdən keçirməklə, o fikri birgə təsdiq edəcəyik.
Etik davranış qaydaları (Maddə 4) tələb edir ki, dövlət qulluqçusu bütün hallarda vicdanlı davranışı ilə hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Gəlin, heç kimin vicdanını şübhə altında qoymadan sadəcə, sual verək. Azərbaycanda hansı valideyn öz uşağına hansısa bir naziri göstərib məsləhət göstərir ki, bala, filan nazir kimi vicdanlı ol?! Və ya hansı nazir, məmur Azərbaycan cəmiyyəti üçün nümunədir? Uzaqbaşı meşşan xasiyyətli insanlar sərvət, şöhrət ehtiraslarını təmin etmək üçün özlərinə azərbaycanlı məmurları kumir seçə bilərlər. Yaxud yaltaqlıqlarını təsdiq etmək üçün…
***
Maddə 7.3: “Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin doğru-dürüst məlumatlar almasına köməklik göstərməlidir”.
Kömək? Bu yerdə “Əzrayılın balası lazım deyil, balama dəyməsin” məsəli yada düşür.
Azərbaycan məmurları mətbaut orqanları ilə savaş içərisindədir. Mətbuata düşmən münasibətin əsası isə “Jurnalistlərin dostu” Ilham Əliyevdən qaynaqlanır. Ilk dəfə o, hələ birinci dəfə prezidentliyə namizəd olduğu dövrdə azad medianı hədəfləyərək, “mən onları oxumuram, onlara nifrət edirəm” demişdi.
***
Maddə 8.1-i də “Əzrayılın bala paylaması” məsəli ilə şərh etmək olar. Orada yazılır: “Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir”.
***
Maddə 9 (Mədəni davranış): “Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbərilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır”.
Adamı lap ağlamaq tutur. Təkcə son fakt – Abel Məhərrəmovun tələbəni hədələməsi, onun üzərinə çımxırması ilə bu maddəni tutuşdurun. Biz hələ hüquq-mühafizə sistemindəki məmurların tabeçiliyində olanlarla və sadə vətəndaşlarla necə “nəzakətli” və “diqqətli” danışdığından bəhs etsək, onda qəzetin səhifələri xəcalət tərilə islanar.
***
Maddə 11 (Qərəzsizlik): “Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir”.
Azərbaycan reallığında bu maddənin son sözünü “verməlidir” yazsaq, hər şey olduğu kimi görünər.
Məmurların vətəndaşlarla münasibətində qarşıda dayanan şəxsin əqidəsi, pullu-kasıb olması, hətta tayfa mənsubiyyəti ən çox ciddiyə alınan məqamlardır, bu kriteriyalara görə “hə”, “yox” cavabı verilir.
***
Maddə 11.1: “Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur”.
Borcludur, amma az görmüşükmü ki, hər hansı dərdindən şikayət edən vətəndaşa məmurun “o adam müxalifətçidir, filan partiyaya qoşulub, onlarla oturub-durur, getsin, problemini də Əli Kərimli, Isa Qəmbər həll eləsin” tipli münasibətini?!
***
Maddə 12.1: “Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır”.
Açığı, bu yerdə adamın təəccübdən üçlü siniri iflic də ola bilər. Nə? Azərbaycan məmurlarının maddi nemətlər əldə etməyə yönələn hərəkətlər etməsi qadağandır?! Görəsən, bu maddəyə əməl etmək bir yana, dövlət məmurlarının bu maddədən şifahi formada heç olmasa, xəbərləri var? Yəqin, xəbərləri olsa, qarınları cırılana qədər gülərlər. Amma bu da hələ son deyil, davam edirik.
***
Maddə 13.1: “Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir”.
Burvda “no comment” yazmalıyıq, vəssalam.
***
Maddə 18.3: “Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək, digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir”.
Maddə 18.4: “Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır”.
Bütün dövlət orqanlarında, müəssisələrində insanların kütləvi və məcburi qaydada YAPlaşdırılması, hakim partiyanın təşkilatlarına yuva olması və hakimiyyətin təbliğat kampaniyalarının əsas resursu kimi istifadə edilməsi yuxarıdakı maddələrin üstündən çalın-çarpaz xətt çəkməyə bəs edir.
***
Göstərdiyimiz maddələr qanunun kiçik bir hissəsidir. Fəqət, elə bu az hissə bəs edir ki, qanun işlək olsa, Ilham Əliyevin məmurlara barmaq silkələməsinə ehtiyac qalmasın. Üstəlik, bu halda, insanların yaşayışında da əhəmiyyətli dərəcədə dəyişiklik olar.
Bir ciddi məqam da var. Qanun özbaşına da buraxılmayıb. Yəni, bu yazılanlar o demək deyil ki, əməl etsəniz, sağ olun, əməl etməsəniz də yenə Allah köməyiniz olsun. Xeyr, qanunun bir bölümü onun icrasını, oradakı maddələr pozulduğu hallar üçün məsuliyyəti müəyyən edib.
***
Maddə 19: “Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir”.
Daha sonra qeyd olunur ki, (maddə 21.2.11) etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşlar, təşkilatlar və dövlət orqanları məlumatlandırılmalıdır.
Indi sual yaranır: Siz axırıncı dəfə hansı məmurun etik qaydaları pozduğuna görə cəzalandırıldığını eşitmisiz, oxumusuz?
***
Nəhayət gəldik sona… Şahidsiniz ki, qəzetlər, saytlar Azərbaycan məmurlarının etik kodeksləri pozması barədə kifayət qədər informasiyaları cəmiyyətə təqdim edir. Onların bir çoxu təkzibolunmaz qaydada – video, səs, foto formasında olur. Ancaq biz onlara görə hansısa məmurun cavabdehlik daşıdığını görmüşükmü? Həmin məmurların məsuliyyətə cəlb edilməsinə şahidikmi?
Müəllif bu suallara müsbət cavab verə bilmir, siz isə özünüz qərar verin. Bunları ona görə yazdım ki, bəhs etdiyimiz qanunun 23-cü maddəsi də var: “Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır: kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4561