Şeyxin yaxın adamının adı 200 milyonluq fırıldaqda

24.02.2014 - 11:32

Şeyxin yaxın adamının adı 200 milyonluq fırıldaqda

Hacı Mazanın şirkətinin tender maxinasiyası; Paşazadə qardaşlarının da qeyri-rəsmi şərik olduqları “Bayram-M” müəssisəsi vasitəsilə yol çəkilişi adı ilə dövlət büdcəsindən 200 milyon manat silinib; korrupsiyanın leqallaşdırılmasına Nəqliyyat Nazirliyi və Satınalmalar üzrə Dövlət Agentliyi göz yumur; ortada müdhiş detallar və digər adlar da var 

Şorsulu (Salyan)-Xırmandalı (Biləsuvar)- Masallı yolunun tikintisi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin çətiri altında olan “Bayram-M” kiçik müəssisəsinə tapşırılıb. Layihənin dəyəri 200 milyon manatdır. Bu barədə “Yeni Müsavat”a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, layihədə qiymətlər ən azı 4 dəfə şişirdilib.

Təxminən 25 kilometrlik yola 200 milyon manatın ayrılması hakimiyyət çevrələrində də narazılıqla qarşılanıb. Bu, bir kilometrə 8 milyon manatın (10 milyon dollardan çox) xərclənməsi deməkdir. Dünya standartlarına uyğun 1-ci dərəcəli yolların bir kilometrinin inşası 5 milyon dollardan yuxarı olmur. Bu məbləğ də o halda real sayılır ki, yol tikintisində işləyən fəhlələrə yüksək maaş verilsin. Dünya təcrübəsində bu tip yol layihələrində çalışanların məvacibi ölkə üzrə orta aylıq əmək haqqından ən azı 3-4 dəfə yüksək olur. Azərbaycanda orta aylıq əmək haqqının 403 manat olduğunu nəzərə alsaq, bu göstərici 1200-1600 manatdan az olmamalıdır. Çünki yol tikintisi daha çox insan əməyi tələb edən bir sahədir və burada məvaciblər yüksək hesablanır. Azərbaycanda isə yol layihələrində çalışanların məvacibləri orta aylıq əmək haqqına uyğundur və bundan yüksək deyil. Yəni burada 1 kilometrin 5 milyon dollara başa gəlməsi mümkün deyil. 
İkincisi, Şorsulu-Xırmandalı yolu 3-cü dərəcəli yollar kateqoriyasına aiddir. Yəni burada 1 kilometrin tikintisi 1,5-2 milyon manatdan yüksək ola bilməz. Konkret desək, layihənin real dəyəri ən yaxşı halda 50 milyon manatdan yuxarı deyil. Deməli, qiymətlər ən azı 4 dəfə şişirdilib.
Burada ən sensasion məqam isə “Bayram-M” kiçik müəssisəsinin təsisçisi ilə bağlıdır. İnternetin axtarış sistemində əldə etdiyimiz məlumatlara görə, “Bayram-M” şirkətinin hüquqi ünvanı Masallı rayonunun Talışxanov küçəsi 71-dir. Şirkətin təsisçisi isə Ramazan Zeynalovdur. Arayış üçün bildirək ki, R.Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin yaxın qohumu, ölkənin tanınmış iş adamlarından sayılan Hacı Mazandır. İş adamı ictimai rəydə rəsmi ad və soyadı ilə yox, məhz Hacı Mazan kimi tanınır. Rəsmi olaraq şirkətin ticarət avadanlıqlarının idxalı, satışı və təmiri ilə məşğuldur (http://www.harada.az/az/company/view/1293/Bayram-M-maloye-pryedpriyatiye/).  Yəni şirkət yol tikintisi üzrə ixtisaslaşmayıb. Bu halda şirkətin hansı yolla 200 milyon manatlıq tenderi udmasının özü qaranlıq məqamlardan biri və birincisidir.
Mənbəmiz “Bayram-M” şirkətinin Hacı Mazanın oğlu, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi Bayram Zeynalova məxsus olduğunu bildirir: “Şirkətin təsisçisi B.Zeynalovdur. Bu, şirkətin adında da əksini tapıb. Real idarəetmə də B.Zeynalova məxsusdur. Sadəcə Hacı Mazan direktor kimi göstərilməklə izi itirməyə çalışırlar. Şirkətin şəriklərindən biri də Milli Məclisin deputatı, şeyxin qardaşı Cavanşir Paşazadədir. Ticarət avadanlıqlarının idxalı, satışı və təmiri ilə məşğul olan şirkətin 200 milyon manatlıq yol tikintisi tenderini “udması” da Paşazadə qardaşlarının dəstəyi ilə mümkün olub”.
B.Zeynalov barəsində maraqlı məlumatlar əldə etmişik. 1976-cı il təvəllüdlü B.Zeynalov ötən ilin yanvarında Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi təyin edilib. B. Zeynalov bundan əvvəl Qaradağ rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışıb. Bayram Zeynalov həm də DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş, bir müddət əvvəl təqaüdə göndərilən polkovnik Şərif Əsədullayevin kürəkənidir. B.Zeynalovun Sumqayıta polis rəisi göndərilməsində də şeyxin xüsusi rol oynaması barədə məlumatlar var.
Təbii ki, burada artıq kriminal məqamlar var. Ticarət avadanlıqlarının idxalı, satışı və təmiri ilə məşğul olan şirkəti yol tikintisi üzrə tenderə kim buraxıb? Bu məsələdə həm tenderi elan edən Nəqliyyat Nazirliyi, həm də tenderlərin düzgün keçirilməsinə nəzarət etməli olan Satınalmalar üzrə Dövlət Agentliyi məsuliyyət daşıyır. Dövlət satınalmaları haqqında qanuna görə, tenderdə bu sahə üzrə ən azı 3 illik təcrübəsi olan şirkət iştirak edə bilər. İkincisi, polis rəisi bizneslə məşğul ola bilməz. Onun şirkət təsis etməsinin özü qanunsuz bir addımdır. Bu, artıq korrupsiyanın tam leqallaşması anlamına gəlir – yol tikintisinə heç bir aidiyyatı olmayan polis rəisinin şirkətinin 200 milyon manatlıq layihəni “udması” açıq korrupsiya əməliyyatıdır. Bunun başqa yozumu yoxdur.
Mövzunu davam etdirəcəyik. 
Yazıda adı çəkilən hər bir şəxsi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

İqtisadiyyat şöbəsi
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4563

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930