Keçmiş komitə sədrindən şok açıqlamalar

24.02.2014 - 15:02

Keçmiş komitə sədrindən şok açıqlamalar

Rafiq Əliyev: “Nurçular Prezident Administrasiyasından, Nazirlər Kabinetindən tutmuş ta polisə və xüsusi xidmət orqanlarına qədər hər yerdə təmsil olunurlar”

“Milli Məclisin bir neçə üzvü mənə müraciət edərək xahiş etmişdilər ki, uşaqlarını bu yoldan çəkindirməkdə onlara kömək edim”

İslamın dirçəlişi qlobal xarakter alıb. Bu, özünü xüsusilə də postsovet məkanının müsəlman ölkələrində qabarıq göstərir. İndi çoxu İslam təhlükəsindən danışır. Bu da liberalizmin böhrana məruz qaldığı, ölkəmizdə isə sivil dünyəvi müxalifətin xeyli zəiflədiyi bir vaxtda xüsusilə ciddi narahatlıq doğuran haldır. Bu təhlükə hələ Heydər Əliyevin dövründə var idi. Bunu nəzərə alaraq Azərbaycanda din-dövlət münasibətlərini tənzimləmək məqsədilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yaradıldı. Komitənin ilk sədri (2001-2006-cı illər) isə islamşünas-alim, professor Rafiq Əliyev oldu. Virtualaz.org saytına müxbiri hazırda bu sahədə baş verənləri Rafiq Əliyevlə dəyərləndirib. Həmin müsahibəni təqdim edirik: 

-Rafiq müəllim, ölkədə konfessiyalararası münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Məncə, konfessiyalararası vəziyyət çox normal və əlverişlidir. Xristian və iudaizm konfessiyaları normal fəaliyyət göstərir, daxili məsələlərini müstəqil şəkildə həll edirlər. Nə onların dövlətə, nə də dövlətin onlara heç bir iradı, iddiası yoxdur. İslam məzhəbləri ilə qarşılıqlı münasibətlərə gəlincə isə burada bəzi problemlər var. Ölkəmizdə sünni və şiə məzhəbləri var. Sünnilər də öz növbəsində mötədillərə və radikallara, o cümlədən nurçulara və sələfilərə bölünürlər. Bu məzhəblər arasında münaqişəli vəziyyətlərin olması mümkündür. Bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Məncə, əgər konfessiyalar arasında münasibətlər kəskinləşəsi olsa, bu, yalnız bir din – İslam çərçivəsində baş verəcək.

-Bu gərginlik açıq düşmənçiliyə keçməz ki? Bu, narahatlıq doğurmurmu?

-Ümid edirəm ki, bu düşmənçilik Azərbaycanda Suriya və İraqdakı səviyyəyə gəlib çatmayacaq. Amma hadisələrin inkişafı ölkənin əksər ilahiyyatçılarını və ictimai xadimlərini haqlı olaraq narahat edir. Bununla bağlı nəsə etmək, çarə qılmaq lazımdır. Sələfilər gənclər arasında fəal təbliğat aparır, getdikcə daha çox insanı öz sıralarına cəlb edirlər. Sələfilik, yaxud sələfiyyə İslamın ən sərt, radikal cərəyanıdır. Bu cərəyanın nümayəndələri insanları onların öz təlim və baxışlarını qəbul etməyə zor gücünə məcbur edirlər. Sələfilər hesab edirlər ki, onların dediyinə məhəl qoymayanları, yaxud onların sıralarından uzaqlaşanları öldürmək kimi bir hüquqları var. Başqa sözlə, sələfilər özlərindən başqa heç kimə qarşı dözümlü deyillər, heç kimi qəbul etmirlər. Bu isə İslamda məqbul sayılmayan haldır. Bu xüsusiyyəti sələfiliyi İslamın digər sərəyanlarından kəskin fərqləndirən cəhətdir. Şiəlikdə belə məcburiyyət yoxdur. Ənənəvi İslam cərəyanları arasındakı bəzi fərqlərə və fikir ayrılıqlarına baxmayaraq indiyə qədər Azərbaycanda elə də ciddi fikir ayrılığı, ixtilaf, qarşıdurma olmayıb. Amma Qərb bizim regionda təhlükəli vəziyyət yaratmaq üçün Səudiyyə Ərəbistanının əli ilə burada nisbətən yeni dini cərəyanı – sələfiliyi yaymağa qərar verdi. Unutmaq olmaz ki, dollar məhz Səudiyyə Ərəbistanının sayəsində dünya valyutasına çevrilib. Bu ərəb ölkəsi nefti dünya bazarında məhz ABŞ-ın göstərişi ilə yalnız dollarla satmağa başlayıb. Demək istəyirəm ki, sələfiliyin dünyada yayılmasında ən böyük rolu Qərb oynayıb.

-Elə həmin bu Qərb Azərbaycanda sələfilərin əli ilə təxribatlar törətməyə cəhd etmir ki?

-Tamamilə mümkündür. İstisna etmirəm ki, əgər Qərb burada suyu bulandırmağa qərar versə, bunu məhz sələfilərlə nurçuların əli ilə edəcək. Qərb xüsusi xidmət orqanları fanatik dindarlardan həmişə öz məqsədləri üçün istifadə ediblər. Bunu indi ərəb ölkələrində də görürük. Əgər ABŞ-ın İranla münasibətləri bir az normallaşsa, Vaşinqton şiə amilindən də mütləq istifadə edəcək.

-Sizcə, Azərbaycandakı sələfilər necə maliyyələşdirilir, buna dair hər hansı informasiyanız varmı? Onların sponsoru kimdir? 

-Sponsorlar çoxdur. Səudiyyə Ərəbistanının, Qətərin və Küveytin fondları burada bir vaxtlar xeyli fəal idilər. Onların bir çoxunu bağlamaq mümkün oldu. Mən DQİDK sədri postunu tərk edəndə yalnız bir fond – Səudiyyə Ərəbistanının fondu fəaliyyətini davam etdirir, Bərdədə qaçqınlara yardım göstərirdi. İranın Bakıda açdığı Xomeyni Fondu da bu yaxınlarda bağlandı. Bu da doğru qərardır. Buna qəti əminəm ki, xarici fondların burada göstərdiyi yardımların heç biri təmənnasız deyil. Hər ölkənin burada öz maraqları var.

-Sözünüzdən belə çıxır ki, əksər yerli sələfilər Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanları tərəfindən ələ alınıb?!

-Əlbəttə ki, hə. Bizimkilərin ələ alınması əsasən həcc ziyarəti zamanı baş verir. Belə ki, əksər azərbaycanlı sələfi zəvvarlar həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanları əməkdaşları ilə gizli təmaslara girirlər. Ərəb kəşfiyyatçıları isə onları ələ alır, təlimatlar verir, Azərbaycanda və Şimali Qafqazda yaymaq üçün kitablarla təmin edirlər.

-Mətbuatda gedən məlumatlara görə, hətta məmur uşaqları arasında da sələfilərə qoşulanlar var. Yerli sələfilər arasında yüksək rütbəli məmurların övladları çoxdurmu?

-Belə məlumatlar bizə də dəfələrlə gəlib çatırdı. Biz də araşdırma aparır və müəyyən edirdik ki, yüksək rütbəli bəzi məmurların uşaqları doğrudan da sələfilərə bağlıdır. Hətta Milli Məclisin bir neçə üzvü mənə müraciət edərək xahiş etmişdilər ki, uşaqlarını bu yoldan çəkindirməkdə onlara kömək edim. Yəni bu, birmənalıdır ki, sələfilər bu yolla dövlət aparatının, ordunun və digər dövlət təsisatlarının içərilərinə nüfuz etməyə çalışırdılar. Biz də bunu bilir və həmin informasiyaları müvafiq dövlət orqanlarına ötürürdük.

-Dediklərinizdən belə başa düşmək olar ki, bizdə sələfiliyin yayılması çoxdan başlayıb. Bəs Heydər Əliyevin bu barədə məlumatı var idimi, buna reaksiyası necə idi?

-Mən Heydər Əliyevə sələfilər barədə məruzə eləmişdim. Biz bu dini məsələləri onunla tez-tez müzakirə edirdik. Heydər Əliyev Azərbaycanda sünniliklə şiəliyin rolunun eyniləşdirilməsinin tərəfdarı idi. O istəyirdi ki, bu dini cərəyanların heç biri digərini üstələməsin.  Ümumiyyətlə, Heydər Əliyev din mövzusundan yaxşı baş çıxarırdı. Bir vaxtlar məscidlər və dini icmalar ümumiyyətlə qeydə alınmırdı. Heydər Əliyevin göstərişi ilə onların qeydiyyata alınması prosesi başladı. Bununla da 500-dən çox məscidin və şiələrə məxsus müqəddəs ziyarətgahların fəaliyyəti rəsmiləşdi. Qısası, biz o zaman böyük işlər gördük.

-Bəs sizin vəzifədən getməyinizin səbəbi nə oldu?

-Məncə, indiki prezidentimiz kimi Heydər Əliyev də mənim işimdən razı idi. Əgər hiss etsəydim ki işim onları qane etmir, bir qədər də əvvəl istefa verib gedərdim, daha 5 il bu vəzifədə qalmazdım.

-Sözünüzdən belə başa düşmək olar ki, sizi sıxırmışlar…

-Hə, belə cəhdlər var idi, amma Heydər Əliyev belə cəhdlərin hamısının qarşısını alırdı. Mən komitə sədri postundan gedəndə indiki prezident İlham Əliyev mənə ərəb ölkələrinin birində səfir olmağı təklif etdi. Amma mən imtina edib dedim ki, elmi fəaliyyətlə məşğul olub xalqıma bu sahədə fayda vermək istəyirəm. Prezident də mövqeyimə hörmətlə yanaşdı.

-Gəlin ən ağrılı problemə – Suriyada döyüşən azərbaycanlılar məsələsinə qayıdaq…

-Haqlısınız, bu məsələ bizim üçün hazırda ən ağrılı və ciddi problemdir. Məncə, bunun nəticələri daha faciəvi ola bilər. Özlərini inam, əqidə adamları, guya gerçək İslam davamçıları hesab edən bu adamlar burunlarına qan və barıt iyi dəyəndən sonra bura qayıdıb öz qayda-qanunlarını daha amansız üsullarla tətbiq etməyə başlaya bilərlər. Özü də bu zaman heç kimdən çəkinməz, heç nəyə məhəl qoymazlar. Onları Bakının və digər şəhərlərin müəyyən məscidlərində ələ alır, daha sonra Suriyaya göndərirlər. Bizim xüsusi xidmət orqanları bu məscidləri nə qədər ciddi nəzarətə götürsə də Suriyaya gedən İslam könüllülərinin axını azalmır və dayanmır.

-Qərbin xüsusi xidmət orqanları da bu adamlardan öz məqsədləri üçün istifadə edə bilərmi?

-Şübhəsiz. Axı onlar xüsusi düşərgələrdə məhz Qərbdən olan təlimatçıların rəhbərliyi altında döyüş hazırlığı keçirlər. Həmin adamlar Suriyadan geri qayıdanda onlara bizim ölkəmizlə bağlı da müəyyən vəzifə və təlimatlar verilə bilər. Unutmaq olmaz ki, sələfiliyin ideologiyası ölüm və mübarizə üzərində qurulub. Bu ideologiyanı ayaqda saxlamaq və yaşatmaq üçün daimi düşmənlər lazımdır. Bu adamları birləşdirən amil də elə budur. Ona görə də onlar bu düşməni həmişə və hər yerdə, o cümlədən öz vətənlərində axtaracaqlar.

– Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu günlərdə dedi ki, əgər Azərbaycan xüsusi xidmət orqanları Suriyaya gedən azərbaycanlıların adını onlara bildirsə, Türkiyə həmin adamları geri qaytarmaqda yardımçı ola bilər…

-Görünür, Davudoğlu nəsə düz demir. O, diplomatdır, yəqin belə də cavab verməlidir. Kimin hara getdiyini Türkiyədə də gözəl bilirlər. Nəhayət, bu “könüllülər” elə Türkiyə ərazisindəki düşərgələrdə döyüş hazırlığı keçirlər.

-Bəs Əsədin tərəfində döyüşən azərbaycanlılar varmı?

-Hətta döyüşənlər olsa belə onlar çox azdır.  

-Bəs nurçular haqda nə demək olar? Bu cərəyan Azərbaycanda nə dərəcədə fəaldır?

-Özü də necə fəaldırlar! Nurçular ölkəmizdə praktiki olaraq bütün sahələrə nüfuz ediblər. Nurçuluq ideologiyası Azərbaycanda Elçibəy hakimiyyəti dövründən geniş yayılmağa başladı. İndi isə bu cərəyan nəzərəçarpacaq dərəcədə möhkəm oturuşub. Nurçular Azərbaycanın dövlət aparatına təsir ediblər, təsir edirlər və hələ uzun müddət də təsir edəcəklər. Bu, nə qədər qorxunc səslənsə də nurçular Prezident Administrasiyasından, Nazirlər Kabinetindən tutmuş ta polisə və xüsusi xidmət orqanlarına qədər hər yerdə təmsil olunurlar. Nurçuların Azərbaycanda öz universitetləri, liseylər şəbəkəsi, ticarət obyektləri var. Yəni onların mövqeyi çox güclüdür. Nurçular arasında dəmir intizam var. Onların hamısı öz imamları Fətullah Gülənə tabedir. Nurçu sektası öz adamlarını hələ məktəb partasından etibarən yetişdirir və pillə-pillə qaldırır. Onlara tərbiyə və təhsil verir, təhsil haqqını ödəyir, sonradan işlə təmin edir. Gənc nurçular çox savadlı və yaxşı təhsilli olurlar. Ona görə də onların dövlət aparatında iş tapması elə də problem deyil. Doğrudur, bu gənclər camaata mənsub olduqlarını səylə gizlədirlər. Ərdoğan düz deyir, nurçular sektası dövlətin içində dövlətdir. Sektanın rəhbərliyi yuxarı pilləyə çatan nurçunu heç vaxt unutmur. Hətta mən də iki gənc nurçunu Dövlət Komitəsinə işə götürmüşdüm. Onlar hələ də komitədə işləyirlər. Doğrudur, biz onları öz tərəfimizə, yəni ortodoksal İslam tərəfə keçməyə inandıra bilmişdik.

-Belə təəssürat yaranır ki, Azərbaycanda artıq bütün islami cərəyan və sektalar var. Bəs “Müsəlman qardaşları” ifrat radikal təşkilat necə?

-Azərbaycanın şimal bölgələrində fəaliyyət göstərən “Hizbut-Təhrir” elə məhz “Müsəlman qardaşları”nın bölmələrindən biridir. Yeri gəlmişkən, onları da bir vaxtlar Qərb yaratmışdı. Misir prezidenti Camal Əbdül Nasirə qarşı döyüşmək üçün.

-Bəs MTN onların qarşısını alırmı?

-Təəssüf ki, MTN-də dini məsələlərdən və sektalardan baş çıxaran mütəxəssislər çox azdır. Azərbaycanda nurçuları dəstəkləyən və maliyyələşdirən türk ticarət nümayəndəliyi var. Mən hələ 2003-cü ildə o zamankı təhsil nazirinə (Misir Mərdanova-red.) demişdim ki, Fətullah Gülən burada öz təhsil ocaqlarının geniş şəbəkəsini yaradıb. Təhsil naziri də mənə cavab verdi ki, bunu bilir, amma nurçuların məktəbində çalışan müəllimlər  çox savadlı olduğundan və həmin təhsil ocaqları səxavətlə maliyyələşdirildiyindən onları bağlamaq məqsədəuyğun deyil.

-Yeri gəlmişkən, DQİDK-nin yeni sədri Elşad İsgəndərovun işini necə qiymətləndirirsiniz?

-İsgəndərov dini tolerantlıq mühitini möhkəmləndirmək  üçün müxtəlif tədbirlər həyata keçirsə də nə o, nə də ondan əvvəlki sədr (Hidayət Orucovu nəzərdə tutur-red.) dinin cəmiyyət həyatındakı nəhəng rolunu təəssüf ki, hələ də axıra qədər dərk edə bilmirlər. Bundan başqa, mən İsgəndərova İslam tarixini dərindən öyrənməyi tövsiyə edərdim. Bunu etməsə, radikal dini sektaların neytrallaşdırılması sahəsində çətinlik çəkəcək. Sələfilik problemini, elə digər sektalarla bağlı problemləri də repressiyalar vasitəsilə həll etmək mümkün deyil. Onlarla konstruktiv dialoqa girmək lazımdır. Bunun üçünsə bütün problemləri bilməlisən. İsgəndərov hələ öz üzərində işləməlidir.

-Rafiq müəllim, bir vaxtlar sizin özünüzü də vəhhabilərlə əməkdaşlıqda ittiham edirdilər…

-Mən həm sələfilərlə, həm şiələrlə, həm də qalan digər dini cərəyanların nümayəndələri ilə əlaqə saxlamağa, münasibət qurmağa borclu idim. Yeri gəlmişkən, məni həm də MTN-lə əməkdaşlıq etməkdə ittiham edirdilər.  Amma bunu unudurdular ki, mən bir dövlət qurumuna başçılıq edirəm və həm MTN-lə, həm də digər dövlət qurumları ilə daimi və sıx təmaslarda olmaq mənim vəzifə borclarım sırasına daxildir…  (azadlıq.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4569

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930