Müdafiə Nazirliyində tüğyan edən rüşvət iddiası..
25.02.2014 - 11:19
Müdafiə Nazirliyində tüğyan edən rüşvət iddiası..
Üzeyir Cəfərov: “Bir gün səbr kasası daşacaq və kimliyindən asılı olmayaraq…”
Zakir Həsənov yeni müdafiə naziri təyin olunandan üzü bəri demək olar ki, mətbuatın gündəmindən düşməməsinin ardından sanki bir sükut yaranıb. Artıq mətbuat nə yeni təyinatlardan nazır, nə kiminsə cəzalandırıldığından və ya baş verən olaylardan. Ancaq hərbi ekspert Üzeyir Cəfərov bu sükutun aldadıcı olduğunu söyləyir və Moderatora bu dəfəki açıqlamasında deyir ki, artıq cəmiyyət baş verənləri bildi, hamı anlayıb ki, Zakir Həsənovun təyinatı yağışdan çıxıb yağmura düşmək imiş:
“Aylar biri-birini əvəz edir və Müdafiə Nazirliyi sistemində nazirin dəyişilməsi ilə çoxlarının gözlədiyi pozitiv dəyişikliklər nədənsə gözə çarpmır. Əksinə, MN-də baş verən ağılasığmaz neqativ hallar barəsində az qala cəmiyyətdə lətifələr dolaşmaqdadır. Maraqlıdır ki, bu neqativ hallar haqqında biz mülki şəxslər ətraflı məlumatlıyıqsa, indi görün daxildə vəziyyət hansı kritik həddədir. MN-nin rəsmilərinin özünəvurğunluğunun dərəcəsi o qədər yüksəkdir ki, onlar ətrafda baş verənlərdən sanki xəbərsiz kimi görünmək istəyirlər. Amma hamı rüşvətin, korrupsiyanın baş alıb getməsindən danışır. Və hamı gözəl bilir ki, bir gün səbr kasası daşacaq və kimliyindən asılı olmayaraq, ən yüksək səviyyədə belə vəzifəli şəxslər “yanacaqlar”. MN ilə bağlı son vaxtlar məlumatların mətbuatda getməməsi, səngiməsi o anlama gəlməməlidir ki, guya orda hər şey yaxşıdır və guya hansısa işlər görülür. Əslində “böyük biznes işləri” həyata keçirilir. Əsgərlərimizə qiyməti topdansatış mərkəzlərində 4 manata olan balıq məhsullarını 7 manat 50 qəpikdən sənədləşdirərək şıdırğı “işlər” görürlər. Mənzil İstismar İdarəsinin Mənzil İstismar Sahələrinin rəhbər şəxslərinin bəzilərinin hansı maraqlar müqabilində vəzifədə saxlanılmasının təfərrüatları da bizə faktlarla-sübutlarla bəllidir. Kifayət edəcək ki, həmin şəxslər Hərbi Prokurorluğa yazılı ərizə ilə müraciət etsinlər və bununla da məsələ bitəcək. Bir vaxtlar Azərbaycan Ali Hərbi Məktəbinin sabiq rəis əvəzi polkovnik Mirzəli Yusifov da özünə belə arxayınçılıq ifadə edirdi. İndi onun hansı ağır şərtlər altında istintaqın suallarına cavab verdiyi haqqında bilgilərimiz var. Bir sözlə, guya Zakir Həsənovun müdafiə naziri postunda hansısa dəyişikliklərə nail olacağını zənn edənlər artıq əvvəlki fikirləri söyləmirlər. çünki orda əsas rolun ifaçısı nazir deyil, onun birinci müavini olan şəxsdir. Onu isə respublikada tanımayan yoxdur. Başqa əməllərinə görə…”
(politika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=4585