Kələkidən Xarkova uzanan yol
25.02.2014 - 11:33
Kələkidən Xarkova uzanan yol
Yanukoviç zora getdi. Təhlükəsizliyini qoruyacağına and içdiyi xalqa atəş açdırdı. Öz vətəndaşlarının ölümünə səbəb oldu. Lakin bu onu iflasdan xilas edə bilmədi.
1993-cü ildə Əbülfəz Elçibəy ölkə vətəndaşının qanının tökülməsini istəmədi. Buna görə də hakimiyyətini itirdi. Yanukoviç öz vətəni Xarkova, Elçibəy Kələkiyə pənah apardı. Tarixdə belə faktlar az olmayıb. Hamının prezidenti son anda yenə də öz ata yurduna sığınır. Yanukoviçlə Elçibəyin fərqi yalnız silaha əl atmaqda, yaxud vətəndaş müharibəsindən ehtiyat etməkdə də deyil. Yanukoviçin doğma təşkilatı – Bölgələr partiyası dərhal öz liderindən imtina etdi. Onu xalqı parçalamaqda, ölkənin imicini korlamaqda, korrupsiyada və son anda fərarilik etməkdə günahlandırdı.
Əbülfəz Elçibəyin rəhbəri olduğu təşkilat isə son nəfəsə qədər liderlərinin yanında olduğunu sübuta yetirdi, öldürülən, həbsə atılan, ölkədən sürgün olunanlar oldu. Lakin bütün bu təzyiqlər Elçibəyin tərəfdarlarının dönüklüyünə səbəb olmadı. Qana getmək istəməyən və korrupsiya bulaşmayan prezidentlər hakimiyyətlərini itirsələr belə, ən azı tərəfdarlarının rəğbətini yaşada bilirlər.
Yanukoviç qana getdi. Artıq Ukraynanı uzun müddətli xaos gözləyə bilər. Əbülfəz Elçibəy isə qana getmədi. Lakin bu addım Azərbaycanda qan axıdılmasının qarşısını ala bilmədi. Qısa bir zamanda 6 rayon işğal olundu. Minlərlə insan şəhid oldu. Yüzlərlə insan həbsə atıldı. Yüzlərlə insan ölkədən qovuldu. Ölkə xaosa getmədi. Gedə də bilməzdi. Hamıya sakitləşdirici dəli köynəyi geyindirilmişdi. Xaos olmadı, əvəzində ölü sakitliyi oldu. Xaos olmadı, amma demokratiya da olmadı.
Ukrayna yaxın zamanlarda xaos yaşaya bilər. Ən azı Rusiya buna çalışacaq. Yanukoviçi devirənlər indi də bir-birlərinə qarşı çıxa bilərlər. Amma Ukraynada avtoritar idarəçiliyə bir dəfəlik son qoyuldu. Artıq heç kim Ukraynada diktatura barədə düşünə bilməz. Azərbaycan qana getmədi, əvəzində elementar azadlıqlardan məhrum oldu.
Xaos nə zamansa bitir. Xaosun ardınca inkişaf gəlir.
Bəzən yüz nəfərin ölümü on minlərin ölümünün qarşısını alır. Odur ki, tarixi proseslərə bir parçanı götürüb qiymət vermirlər. Problemə bütövlükdə baxırlar.
Yaxın Şərqin ardınca, Ukrayna da qanlı toqquşmalar oldu. Ukraynada vətəndaş institutları mövcud olduğundan, bu ölkə Avropada yerləşdiyindən qarşıdurmaların miqyası da kiçik oldu. Qərb qulağının dibində xaos istəmədi. Düzdür, hələ proseslər davam edir və qan axıdılması davam edə bilər. Lakin Ukrayna demokratiya yolunu seçdi. Repressiyalar, korrupsiya, ailə hakimiyyətinə son qoyuldu.
Azərbaycanı Yaxın Şərq və Ukrayna ilə qorxudanlar yanılırlar. Vətəndaş qarşıdurması antidemokratik rejimdə yaşamaqdan, istənilən an həbsə girmək, mülkündən məhrum olmaq, ölkədən didərgin salınmaq perspektivindən daha yaxşıdır.
Xaos cəmiyyəti dağıdır. Lakin yenidən yığır. Demokratik olmayan rejimlər isə yalnız sosial ədalətsizliyə səbəb olmur. Eyni zamanda mənəvi deqradasiya yaradır. Milləti həm xaricdən, həm də içəridən yeyir.
İstər Yanukoviçin, istərsə də Elçibəyin istefası onu göstərdi ki, insanlar rəhbərlərinin istefasını isti qarşılamırlar. Ən optimal yol – seçkilər vasitəsilə hakimiyyətə gəlmək və iqtidardan getməkdir. Bu model siyasi qüvvələrin özünü qoruya bilməsi üçün yeganə yoldur. Belə model eyni zamanda cəmiyyəti xilas edir. Lakin bu birdən-birə baş verə bilməz. Bunun üçün zəmin yaradılmalıdır. Ən azı bircə demokratik seçki keçirilməli və iqtidara gələn qüvvə vaxtında, sakit tərzdə getməlidir. Sakit getmək, ölkədə sərbəst yaşamaq, siyasi fəaliyyətini davam etdirmək və yenidən hakimiyyətə qayıtmaq şansını verir. Əgər, Yanukoviç bunu vaxtında anlasaydı, siyasi meyitə çevrilməz və xalqın tarixinə qanlı diktator kimi düzməzdi.
Hakimiyyəti qorumaq naminə qan tökmək nə qədər əcaibdirsə, sənə səs verən seçiciləri taleyin ümidinə buraxıb, hakimiyyətdən getmək bir o qədər yolverilməzdir. Hakimiyyəti qorumaq zəruri olduğu kimi, lazım gələndə sakitcə getmək də mühümdür.
Vaxtından əvvəl təslim olmaq nə qədər absurddursa, vaxtı yetişəndə dirəniş göstərmək bir o qədər cəfəngdir. Siyasətdə uzağa gedən gedişlər etməyi bacaranlar qələbə qazanır. Nə ağ bayrağı əlində olanlar, nə də ki mat elan edildikdən sonra oyunu davam etdirmək fikrində olanların qələbə şansları olmur. Siyasətdə qlobal düşünməyi bacaranlar qələbə əldə edir… (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=4586