Baş bankir Elman Rüstəmovun qumarbaz oğlu və… (ARAŞDIRMA)

25.02.2014 - 15:16

Baş bankir Elman Rüstəmovun qumarbaz oğlu və…  (ARAŞDIRMA)

Son günlər Azərbaycanın adı daha bir beynəlxalq qalmaqalda hallanır.  Avstriyada, Vyana məhkəməsində Azərbaycan Mərkəzi Bankı və bu ölkənin banknot çapı ilə məşğul olan “OeBS” şirkəti arasında rüşvət sövdələşməsinə dair qalmaqallı məhkəmə prosesi nəhayət ki, başlayıb. Elman Rüstəmov və Azərbaycanın adı dünya çapındakı maliyyə maxinasiyasında ciddi şəkildə hallanır. Bununla bağlı jurnalist Aynur İmranovanın “Yeni Müsavat” qəzetində dərc olunana araşdırmasını oxucuların diqqətinə çatdırırıq. 
 Avstriya
Avstriya Avropa ölkəsi olmasına baxmayaraq xeyli sayda şübhəli maxinasiyaların həyata keçirilməsinə münbit şərait yaradan qanunlara malikdir. Məsələn,  Qəzzafinin milyonlarla vəsaiti bu ölkədə batdı. Həmçinin Liviyanın neft naziri Şükrü Qanem qaçaraq bu ölkədə sığınacaq almışdı. Şükrü Qanem həm də zamanında Avstriyanın  neft şirkətləriylə böyük müqavilələr bağlamış şəxs idi. Amma bir gün Qanemin cəsədi Dunay çayında tapıldı, müəmmalı şəkildə öldürülən keçmiş nazirin ölüm səbəbi açılmadı və onunda bu ölkədə böyük sərvətinin olduğu bildirilirdi.
İndi də Azərbaycan məmurları Avstriyaya axın edirlər. Aldığımız məlumata görə onların bir çoxunun bu ölkədə genişlənən biznesi var və biz bununla bağlı araşdırmalarımızı sizə təqdim edəcəyik. Yuxarıda gətirdiyimiz misallara başqalarını da əlavə etmək olar, amma məsələni çox uzatmadan gələk Azərbaycan milli valyutasının çapı üzərindən yaşanan rüşvət qalmaqalına.
 
19 milyon dollar
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da adının hallandığı məhkəmə işində artıq prokuror ilkin çıxışını edib. Bloomberg agentliyinin verdiyi xəbərdən məlum olur  ki, Avstriyanın Mərkəzi Bankı Azərbaycan və Suriyadan valyuta çapı üçün sifarişlər alıb. Prokuror Volkert  Sackmann bildirib ki, razılaşmaya görə Avstriya bankı həmin ölkələrin milli valyutasını dəyərindən 20 faiz baha çap edib və həmin artıq 20 faiz pul, yəni 19 milyon dollar sifarişçilərin özlərinə – yəni, Azərbaycan və Suriya rəsmilərinə qaytarıb. Eyni zamanda Avstriya Mərkəzi Bankının pulların çapı ilə məşğul olan bölməsinin keçmiş rəsmisi də Azərbaycan rəsmilərinə rüşvət verdiklərini etiraf edib. 2011-ci ildə auditorlar Azərbaycan və Suriya pullarının çapı üçün müqavilələrdə hansısa xidmət haqqı kimi offşor şirkətlərə külli miqdarda pul ödəndiyindən şübhələniblər və ilkin yoxlamalarda 4 nəfər saxlanılıb. Sonradan daha 5 nəfər sorğuya cəlb edilib. 3 ilə yaxındır davam edən istintaq keçən ilin sonu yekunlaşıb və fevralın 17 də başlayan məhkəmənin may ayına qədər davam edəcəyi gözlənilir. Məhkəmənin gedişatında rüşvət kimi verilən pulların Azərbaycanda konkret kimə verildiyi ilə bağlı məlumatların da üzə çıxacağı gözlənilir.
 “Venkoy”
Banknot çapına görə ödənilən artıq məbləğin geri ödəməsinin bir hissəsi Panamada qeydiyyatdan keçən “Venkoy” şirkətinin vasitəsilə həyata keçirilib.
Məsələnin izi ilə biz Panamada qeydiyyatdan keçən “Venkoy” şirkətinin sənədlərini tapdıq.
“Venkoy” şirkətinin təsisçilərindən olan Rudolf Erika offşor şirkətlərin qurucusu olan yaşlı bir qadındır, daha dəqiq desək onun adına çoxlu offşor şirkətlər qeydiyyatdan keçib və əməliyyatlar üçün ona müəyyən “pay” ödənilib. Azərbaycanla bağlı əməliyyat üçün Erikaya 4.000 avro ödənildiyi bildirilib. Bu ilk prosesdə verilən ifadələrdir. Erikanın digər offşor şirkətlərinin də siyahısını təqdim edirik. Maraqlananlar araşdıra bilər, bəlkə yenə bizimkilərin izinə rast gəlmiş olacaqsınız.
Tanıdığımız Elman Rüstəmovu bir də tanıyaq…
Ölkə büdcəsinin formalaşmasında bank sektorunun ən gəlirli sahə olmasına heç bir şübhə yoxdur. Son illər problemə çevrilən və heç cür inkişaf etdirilə bilməyən qeyri-neft sektorunda formalaşan ümumi daxili məhsulun üçdə iki hissəsindən çoxu məhz bank sektorunun payına düşür. Kommersiya banklarının kreditləşməsi, xarici banklarda saxlanan neft pullarından gələn dividentlər, maliyyə sektorunda həyata keçirilən əməliyyatlara nəzarət Mərkəzi Bankın rəhbərini həmişə cəlbedici fiqur kimi gündəmdə saxlayıb.
Elman Rüstəmov hal-hazırkı hakimiyyətin ən uzun ömürlü məmurlarından biridir. 1995-ci ildən Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Fəaliyyəti dövründə iqtisadçılar Elman Rüstəmovun özü üçün geniş imkanlar yaratdığını iddia edirlər. Zaman-zaman baş bankirin “Planet” şadlıq sarayının, “Subaru”, “Bakı İnvest Holdinq”in, “Bakı Sığorta”, “Səba broyler”, “Honda”, “Mitsubishi”, “Bakı taksi” və “Bank Respublika”nın sahibi olduğu bildirilsə də, sənədlərlə bunu sübut etmək mümkün olmayıb (bir çox məmurlarda olduğu kimi). Elman Rüstəmovun tikinti bazarında da geniş biznesinin olduğu bildirilir. Xüsusən “Şüşəli Bazar” ətrafında tikilən kooperativ evlər və Səudiyyə Ərəbistanın səfirliyinə kirayə verilmiş malikanənin ona məxsus olduğu  iddia olunur. Təəssüf ki, Azərbaycanda əmlakla bağlı sənəd bazalarının qapalı olması jurnalistlərin bu sahədə geniş tədqiqat aparmasına şərait yaratmır.
Baş bankirin imkanları barədə qəzetlərin birində iqtisadçıların belə bir rəyi gedib:  ” Qeyri-rəsmi ekspert hesablamalarına görə, Elman Rüstəmovun sərvətlərini Səudiyyə Ərəbistanı şahzadəsinin varidatı ilə müqayisə etmək olar. Ekspertlərin fikrincə, Elman Rüstəmovun sərvətlərinin illik artımı 20-30% civarındadır. “
Ölkənin 19 illik 1 nömrəli bankiri statusunda fəaliyyət göstərdiyi dövrdə Elman Rüstəmovun adı  dəfələrlə qalmaqallarda da hallanıb. Bu qalmaqallardan biri də İpoteka Fondunun tikilməsi zamanı 10 milyon manatın mənimsənilməsi ilə bağlı idi. Ümumiyyətlə,  bu və digər maliyyə və bank maxinasiyaları ilə bağlı çoxsaylı xəbərlərlə baş bankirin adını axtarış sisteminə verərək tanış ola bilərsiz.
Elman Rüstəmovun 3 övladı var. Müəyyənləşdirdik ki, onların heç birinin adı seçici siyahısında yoxdur. Hər 3 övladı Böyük Britaniyada yaşayır.
 
Günel Rüstəmova
Londonda yaşayan və modelyerliklə məşğul olan Günel Rüstəmovanın keçirdiyi dəfilələr haqqında Azərbaycan mətbuatında yetərincə məlumat gedir. Baş bankirin qızı Yəmən şahzadələri daxil olmaqla, Avrasiyanın “mavi qan”a məxsus olan bir çox yüksək rütbəli məmurların ailələrinin geyimlərinin modellərinin müəllifidir.
Həyat yoldaşı Cuma Əhmədzadə ilə birlikdə Londonda yaşayan Günel Rüstəmova bir neçə şirkətin təsisçisi və direktorudur.
Böyük Britaniyada olan şirkəti Günel xanımın adı ilə “GYUNEL LİMİTED” adlanır.
Çexiyadakı şirkətləri
Gənc ailənin Çexiyada olan şirkətləri “ALPS s.r.o.” adlanır.
Elçin Rüstəmov
Elman Rüstəmovun sevimli oğlu Elçin də bacısı kimi Böyük Britaniyada yaşayır. O tanınmış nəsil olan Şəmsəddinskayalardan  Mehriban Şəmsəddinskaya ilə evlidir. Mehriban Şəmsəddinskaya ixtisasca rəssamdır. 
Biz Elçin Rüstəmovun FB hesabından onun son model maşınların həvəskarı olduğunu görürük. Çexiyada, Dubayda və Azərbaycanda olan maşınlarının şəkillərini sizə təqdim edirik. Qeyd etmək istəyirəm ki, Dubayda və Azərbaycanda olan maşının markası eynidir.
Əslində biz Elçin Rüstəmovun da adına offşor bölgələrdə şirkətlər axtardıq. Araşdırmamız hələ də davam edir. Amma Google-da axtarış zamanı qəzetlərdə Elçin Rüstəmovun dəbdəbəli həyata meyli, eyş-işrət məclisləri ilə ilgili bir xəbər oxudum. Xəbər diqqətimi çəkdi, bir tərəfdən də Avropada oturub, lüksə meylli olan məmur övladının nə işlə məşğul olması maraqlı idi. Bu üzdən də məşhur Poker saytlarında axtarışa başladım. Və aşağıdakı mənzərə ilə qarşılaşdım. 
Müxtəlif saytlarda böyük məbləğlərdə udan və uduzan, bir sözlə bütün günü internet üzərindən qumar oynayan Elçin Rüstəmov adına rast gəldik. Məbləğlərin də yetərincə yüksək rəqəmlər olduğunu görürsüz. Və bunlar əldə etdiyimiz görüntülərin çox az bir hissəsidir. Bəlkə də kimsə iddia edə bilər ki, bu şəxsin Elman Rüstəmovun oğlu olduğunu necə sübut edə bilərik? Bizim israrlı iddiamız yoxdur. Lakin  bu saytlarda pul kredit kartlarından ödənir və bu şəxsin kim olduğu asanlıqla sorğu ilə təsdiq olunur. Bir də gördüyünüz kimi, yaşadığı yer bütün qeydlərdə Böyük Britaniya kimi göstərilib. Hesab edirik ki, Böyük Britaniyada yaşayan və belə böyük məbləğləri göyə sovuran (qazanılmayan pullar) bir neçə Elçin Rüstəmovun olması mümkün hesab edilə  bilməz. Qeyd etmək istərdim ki, Elçin Rüstəmov hətta Londonda keçirilən bir poker yarışına da qatılıb. Onunla bağlı gedən xəbərin linkini də sizə təqdim edirik. Xəbərdə oynayıb, uduzaraq yarışı tərk edənlərin adları arasında sözü gedən şəxsin də adına rast gələcəksiz. 
 
Süsən Rüstəmova
 
E. Rüstəmovun üçüncü övladı azyaşlıdır, Londonda kollecdə oxuyur.  Onun adına hər hansı bir şirkət, əmlak rastlanmadı…
 
Son olaraq onu qeyd edək ki, illərdir imzasını cibimizdə daşıdığımız adam kimi və Azərbaycan hakimiyyətinin ən uzun ömürlü məmuru kimi Elman Rüstəmov diqqət mərkəzimizdədir. Yəqin ki, Vyana məhkəməsinin önümüzdəki aylarda davam edən proseslərində Azərbaycan banknotlarının çapı hesabına dövlətin büdcəsindən oğurlanan 19 milyon dolların kimin cibinə axması bizi yenə bu mövzuya qayıtmağa vadar edəcək. Araşdırmalarımızı davam etdirəcəyik.  (bugun.az)
 
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4597

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930