Abid Şərifovdan məntiqsiz “Sovetski” açıqlaması
26.02.2014 - 11:03
Vətəndaşlara vəd verilsə də, qeyri-müəyyənlik müşahidə olunur
Bu ölkədə bütün hüquqlar kimi, mülkiyyət hüququ da dəfn edilib və insanların xüsusi mülkiyyətinə hörmətsizlik hər addımda müşahidə olunur. Bakıda cərəyan edən tikinti-söküntü prosesi isə bu reallığı bir daha göz önünə gətirdi.
Bugünə qədər müxtəlif ərazilərdə söküntülər oldu və əhalinin narazılığına baxmayaraq hökumət öz şərtlərini həyata keçirdi. Bu məsələdə ilk inqilabı “Sovetski” sakinləri reallaşdırdı və hökumətin qarşısına şərt qoydular. “Sovetski” sakinlərinin kütləvi etirazı hökuməti geri addımlamağa vadar etdi və martın 3-nə qədər sakinlərdən vaxt istənildi.
Ancaq hökumət nümayəndələrinin qeyri-müəyyən açıqlamaları onu göstərir ki, “Sovetski”də də əvvəlki “siyasət”i həyata keçirmək istəyirlər.
Belə ki, baş nazirin müavini Abid Şərifov fevralın 19-da sakinlərlə görüşdü və müraciətlərinin nəzərə alınacağını, onlara bir həftə ərzində cavab veriləcəyini söylədi.
Fevralın 23-də ANS-də çıxışı zamanı isə Abid Şərivov bildirdi ki, 1 kvadratmetr yaşayış məkanı üçün 1500 AZN kimi maksimum hədəf qoyulub: “Heç kimə də sirr deyil ki, “Sovetsk” deyilən sahədə yaşayış evləri 50, 60, 70 il, bəziləri 100 il bundan qabaq tikilib. Evlərin kvadratı kiçikdir. 30 faiz ev 25 kvadratmetrdir. Insanlar da deyirlər ki, “əgər mən 15 kvadratmetr evdə yaşıyıramsa, verilən məbləğə nə ala bilərəm?”. Prezidentin verdiyi tapşırığı vətəndaşlarımızın nəzərinə çatdırdım ki, heç kim zorla oradan çıxarıla bilməz. Kim qalmaq istəyirsə, qalsın”. O ki qaldı sakinlərin “bizi şəhərin mərkəzində evlə təmin edin”, – tələbinə Abid Şərifov bildirib ki, indiyə qədər belə bir təcrübə olmayıb ki, biz kiməsə ev tikək verək: “Aydın məsələdir ki, 1500 manata ev almaq olar. Şəhərin mərkəzində, yaxud kənarında. Yeganə məsələ onun yaşadığı evin kvadratmetridir ki, burada 15, 20 kvadratmetrdə yaşayır. Bu problem ola bilər. Buna görə də biz belə göstəriş aldıq ki, bu evlərə toxunulası deyil”.
Əvvəla “Kim qalmaq istəyirsə, qalsın” ifadəsi vətəndaşı ələ salmaqdır. Çünki ərazinin böyük bir hissəsi söküldüyü təqdirdə, işıq, su, qaz xətləri də kəsiləcək və burda yaşamaq mümkünsüz olacaq. Eyni zamanda böyük bir tikinti xarabalığının toz-torpağında yaşamaq imkansızdı. Digər tərəfdən, sual meydana çıxır. Əgər hökumət bu ərazidə geniş prospekt salmaq istəyirsə, onlarla evin sökülməyəcəyi təqdirdə bunu necə reallaşdıracaq”.
Deməli, “kim qalmaq istəyirsə, qalsın” ifadəsi növbəti “priyom”dur. Belə ki, əhalinin bir hissəsinə kompensasiya verib köçürəcəklər, digər hissəsi isə ya məcbur olub razılaşcaq, ya da zorla köçürüləcək.
Ikinci reallıq ondan ibarətdir ki, şəhərin mərkəzində 1500 manata mənzil almaq mümkün deyil. “Sovetsiki”yə yaxın ərazilərdə təmirsiz mənzilin kvadrat metrinin qiyməti 2000-2500 manatdan başlayır. Bunun üstünə 300 manat təmir pulunu da əlavə etmək lazımdır.
Üçüncü məqam ondan ibarətdir ki, dövlət yaxın ərazilərdə yaşayış binası tikə bilərdi. Beləliklə, həm vətəndaş razı qalardı, həm də dövlətin maliyyə itkisi az olardı. Indiki halda isə hökumət alış-verişi özü həyata keçirir və vətəndaşın xüsusi mülkiyyətinə qiymət qoyur. Bu həm də Konstitusiyanın müvafiq maddələrini pozmaqdır. Çünki Konstitusiya və qanun qarşısında mülkiyyət hüququ toxunulmazdır.
Ədalətsizlik həm də evlərin kvadrat metrinə görə pul bölgüsündədir. Tutalım bir vətəndaşın 25 kvadratmetr evi var və həmin vətəndaşa kvadratmetrinə görə 2000 manat pul ödənilir. Axı, yeni tikilən binalarda 25 kvadratmetrlik mənzil olmur. Şəhər ətrafında olan yeni tikililərdə 1 otaqlı mənzilin ölçüsü 70 kvadratmetrdən başlayır. Yəni hökumət təmsilçilərinin “bu pula şəhərin mərkəzində mənzil almaq olar” fikri tamamilə absurddur.
Abid Şərifovun “Belə bir təcrübə olmayıb ki, biz kiməsə ev tikək verək” fikri isə, ümumiyyətlə, qəbul edilən deyil. Əgər indiyə qədər belə təcrübə olmayıbsa, indən sonra tətbiq edin. Bunu etmək müşkül, qaydalara ziddirmi? Vətəndaşın şəxsi mülkiyyətini başına uçurmaq təcrübəsi də dünyada yoxdur. Ancaq Azərbaycan hökuməti bu “təcrübə”ni sınaqdan keçirir. Zəhmət çəkib yaxşı təcrübələri də tətbiq etmək lazımdır.
Bir sözlə, yaranmış vəziyyət onu göstərir ki, hakimiyyət bu dəfə də vədinə əməl etməkdə maraqlı görünmür və “Sovetski” sakinlərini öz şərtləri ilə köçürmək istəyir .(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4608