Hakimiyyət mətbuatı Ukrayna hadisələrini niyə işıqlandırmır?
26.02.2014 - 11:51
Mehman Əliyev: “Azərbaycanda da avtoritar rejim olduğu üçün, digər avtoritar rejimlərin acı aqibətini nümayiş etdirməkdə maraqlı deyillər”
“Hökumət Ukraynada baş verənlərin geniş auditoriyaya çatdırılmasını istəmir”
Ukrayna hakimiyyəti Avropa Birliyi ilə Assosasiya sazişi imzalamaqdan imtina etdiyi andan etibarən dünyanın diqqəti bu ölkəyə yönəldi. Kütləvi etirazlar start götürdükdən sonra isə dünyanın bir nömrəli gündəmi Ukrayna ilə bağlı oldu. Dünya mətbuatı, telekanallar 24 saat Ukrayna hadisələrini tirajladılar. Artıq Ukrayna xalqı öz mübarizəsində qələbə qazanıb və Yanukoviç hakimiyyəti tarixin arxivinə gömülməkdədir. Hadisələrin yekunlaşmasına baxmayaraq bu gün də dünya Ukraynadan danışır. Avtoritar rejimlərə Ukrayna nümunəsi göstərilir, əzilən xalqlara Ukrayna xalqından ibrət götürmək tövsiyə olunur.
Bütün dünyanın Ukrayna ilə nəfəs aldığı bir vaxtda Azərbaycan hakimiyyəti yenə də “analoqsuz”luq nümayiş etdirir. Belə ki, hakimiyyətin nəzarətində olan mətbuat, telekanallar Ukrayna hadisələrini işıqlandırmır. Telekanallar müəyyən süjetlər göstərir ki, bu da Ukraynadakı yanğınlar, zorakılıqlarla bağlıdır. Rejim mətbuatı isə, demək olar, Ukrayandan kənarda gəzməyə qərar verib.
Ukraynada baş verənlərə belə ögey münasibət nədən xəbər verir?
Turan”ın rəhbəri Mehman Əliyev hesab edir ki, hakimiyyət Ukrayna hadisələrini mənfi qiymətləndirməklə əhalini inqilabdan yayındırmaq istəyir: “Yanukoviç rejimi avtoritar rejim idi və xalq bu rejimi yola saldı. Azərbaycanda da avtoritar rejim olduğu üçün, digər avtoritar rejimlərin acı aqibətini nümayiş etdirməkdə maraqlı deyil. Ona görə də daha çox Ukraynadakı zorakılıq qabardılır və cəmiyyətə göstərmək istəyirlər ki, inqilabi situasiya ölkəni pis vəziyyətə salır. Bu yolla camaatı inqilabi əhval-ruhiyyədən çəkindirmək istəyirlər və insanların etirazının qarşısını almağa çalışırlar”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, rəsmi mətbuat bir qayda olaraq etirazları işıqlandırmağa meyl etmir: “Əgər Ukraynada baş verənlər hökumət mətbuatında az işıqlandırılırsa, deməli, bu hadisənin geniş auditoriyada yayılmasına meylli deyillər və Azərbaycanla Ukrayna arasında müəyyən paralellər aparırlar. Ümumiyyətlə, Azərbaycanda da aksiyalar, əhalinin etirazı müşahidə olunanda da rəsmi mətbuatın və hakimiyyət nümayəndələrinin eyni münasibət göstərdiyinin şahidi oluruq. Bir qayda olaraq kütləvi etirazlar olanda hakimiyyətdə yumşalmalar müşahidə edilir və bu, maaşların artmasında, müəyyən tələblərin yerinə yetirilməsində özünü göstərir. Ancaq sakitlik yaranan kimi bu münasibət dəyişir. Rəsmi mətbuat isə insanların tələblərini, etirazlarını işıqlandırmaqda bir qayda olaraq maraqlı görünmür”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4612