Hakimiyyət tələbə üsyanı təşvişi yaşayır
Prezident Adminstrasiyasından Mikayıl
Cabbarova gizli tapşırıqlar verildi
Hakimiyyətin
apardığı siyasət artıq cəmiyyətin bütün sahələr üzrə bumeranq effekti ilə
rejimin özünə doğru qayıtmaqdadır. Quba, İsmayıllı hadisələrində regionlardakı
narazılıq, Binə etirazlarında sahibkarların hüquqlarının pozulması, ardınca əsgər ölümləri, neftçilərin , dəmiryolçuların
və digər peşə sahiblərinin aksiyaları, “Sovetski” sakinlərinin qəfil mitinqi və
bütün bunların fonunda demək olar ki, gündəlik xarakter alan intiharlar… Azərbaycan
sanki sosial partlayışa hazır barıt çəlləyini xatırladan bir vaxtda tələbələrin
etiraz dalğası baş qaldırdı.
Bakı
Dövlət Universitetində keçirilən son aksiya hər kəs üçün şok effekti yaratdı.
Küçədə xarizmasına güvənərək tələbələr qarşısına çıxan Abel Məhərrəmovun fitə
basılması, bir gün sonra akt zalında isə xanım tələbənin onun üzünə rüşvət və
korrupsiya faktlarını açıq söyləməsi ciddi xəbərdarlıq idi. Bu həm də o demək
idi ki, sabah eyni nəticə ilə bütövlükdə hakimiyyətin özü üzləşə bilər. Buna
görə də son vaxtlar Bakıda başlayan tələbə etirazları hakimiyyətin ciddi
narahatlığına səbəb olub. Bu etirazlarda kütləviliyin olması və bir təhsil müəssisəsindən
digərinə keçməsi iqtidar texnoloqlarını ciddi addımlar atmaq məcburiyyətində
qoyub. “Yeni Müsavat”a son vaxtlar keçirilən bu aksiyaların iqtidar üçün hansı
anlama gəlməsi və etirazların daha da böyüməsinin qarşısının alınması məqsədilə
hansı planların hazırlandığı barədə məlumatlar
daxil olub.
Son
illərdə ilk dəfə olaraq hansısa təhsil
müəssisəsində tələbələr heç bir kənar müdaxilə və təşkilatçılıq olmadan, özləri
hüquqları uğrunda kütləvi şəkildə mübarizəyə qalxdılar. Bu aksiyalardan sonra
hakimiyyətdə yaranan narazılıq səbəbindən yeni təhsil naziri Mikayıl Cabbarov
Prezident Administrasiyasına çağırılıb və baş verənlərlə bağlı ondan izahat istənilib.
Nazir ölkənin təhsil sistemi, xüsusən də ali təhsil müəssisələrindəki vəziyyətlə
bağlı bu vəzifəyə təyin olunduğu gündən indiyədək topladığı məlumatlarla bağlı
raport verib və bir sıra dövlət universitetlərində rəhbərliyin dəyişdirilməsi, dövlət və özəl təhsil müəssisələrində yeni
qaydaların tətbiq olunması, ciddi yoxlamaların aparılmasının vacibliyi barədə məsələ
qaldırıb.
Əldə
etdiyimiz məlumata görə, bundan sonra nazirə bir sıra göstərişlər verilib və
onun qarşısında nə olursa-olsun, tələbə etirazlarının önlənməsi, böyüməməsi
üçün ciddi addımlar atmaq tapşırığı qoyulub. Həmçinin, ölkə rəhbərliyi adından
verilən bu direktivin universitet rektorlarına çatdırılması, gərəkirsə cəzalandırılmalı
olan ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə bağlı ciddi
addımlar atılması, təhsil müəssisələrindəki tələbələrin həmkarlar
ittifaqlarının fəaliyyətinin gücləndirilməsi, onlarla daha sıx iş aparılması və
tələbələrin əsas narazılıqlarının öyrənilməsi üçün əlavə tədbirlərin həyata
keçirilməsi tapşırılıb. “Yeni Cumhuriyyət”ə daxil olan məlumata görə dünən Təhsil
Nazirliyində bu tapşırıqların icrası ilə bağlı geniş toplantı keçirilib. Ali və
orta ixtisas təhsil müəssisələrinin rəhbərlərinin və tələbələrin Həmkarlar
İttifaqlarının təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda ölkədə
başlayan tələbə etirazları təhlükəli tendensiya kimi qiymətləndirilib. Nazir hər
kəsə ölkə rəhbərliyinin bu məsələyə çox ciddi yanaşdığını və narahat olduğunu,
eyni zamanda təhsil müəssisələrinin rəhbərlərinə bərk qəzəbləndiyini deyib.
Toplantıda əsasən də universitet rektorlarının bir çoxunun öz işlərinin öhdəsindən
gələ bilmədiyi və universitetlərdəki neqativ halların belə etirazlara səbəb olduğu bildirilib. Qeyd olunub
ki, nə yolla olursa-olsun, tələbələrin
kütləvi etirazlarına şərait yaradılmamalı və hər hansı bir narazılığın böyüməsinə
imkan veriməməlidir. Birmənalı şəkildə hansı təhsil müəssisəsində belə bir hal
təkrarlanarsa, rəhbərliyin dərhal ən sərt formada cəzalandılılacağı da diqqətə
çatdırılıb.
Eyni
zamanda, dövlət və özəl təhsil müəssisələrində hərtərəfli yoxlamaların
başlaması, universitet və texnikumlardakı real vəziyyətin öyrənilməsi üçün yeni
nəzarət qaydalarının tətbiq olunması qərara alınıb. Bu məsələlərlə bağlı baş
verənlər haqda ətraflı bilgilərə malik olan mənbələrimiz deyir ki, hakimiyyət hələ
prezident seçkilərinin səs-küyü tam yatmadığı indiki məqamda təhsil müəssisələrində
tələbələrin ayağa qalxmasını ciddi təhlükə mənbəyi sayır və bunun daha böyük
miqyas ala biləcəyindən ehtiyat edir. Buna görə də bütün vasitələrdən istifadə
edilməsilə bu cür halların qarşısını tam almağa çalışır. Bu səbəbdən də yeni təhsil
naziri qarşısında bu vəzifəyə təyin olunduqdan sonra ilk dəfə çox ciddi və qəti
tapşırıq qoyulub. Bu tapşırıqlar M.Cabbarova kifayət qədər sərt tonda
çatdırılıb. Elə nazirin də tabeliyindəkilərlə danışıq üslubu bu tonda olub.
Amma o da bildirilir ki, hakimiyyətdən çətin tapşırıq alan nazirin əlinə həm də
neçə aydan bəridir cəzalandırmaq istədiyi
bir sıra arxalı universitet rektorları ilə haqq-hesab çəkmək üçün yaxşı fürsət
düşüb. Buna görə də yaxın vaxtlarda bir sıra dövlət universitetlərinin rəhbərlərinin
dəyişdiriləcəyi gözlənilir. Özəl universitetlər isə daha çox başqa formada nəzarətə
alınacaq.
Şahin
Turan
Short URL: http://www.cumhuriyyet.net/?p=4614