İsmayıllıda yenidən gərginlik yaranıb
26.02.2014 - 12:44

“Həbs olunan məhbusların yaxınları Prezident Administrasiyası önündə aksiya keçirəcəklər”
Şəki Ağır Cinayətlər Məhkəməsində Ismayıllı hadisələri ilə bağlı həbs olunanların işi üzrə prosesdə dövlət ittihamçısının çıxışına və vəkillərin vəsatətlərinin təmin olunmamasına etiraz olaraq müttəhimlər fevralın 24-dən aclıq aksiyasına başlayıblar.
Təqsirləndirilən şəxs Vasif Ibrahimovun vəkili Nəvai Abbasov “Amerikanın Səsi” radiosuna bildirib ki, aclıq edənlər kütləvi iğtişaşların təşkilində və digər maddələr üzrə özlərini günahkar bilmirlər. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslər ədalətli qərarın çıxarılmasını istəyiblər.
Rayon sakini Elçin Ismayıllı “Azadlıq”a açıqlamasında bildirdi ki, təqsirləndirilən Elşən Qurbanov, Vasif Ibrahimov, Anar Həsənov, Elşən Ismayıllı, Mirkazım Abdullayev və Cəfər Cəfərov aclığa başlayıblar: “Hətta Elşən Qurbanov məhkəmədə prokurorun çıxışından sonra özünü doğrayacağını demişdi. Ismayıllıda ictimaiyyət nümayəndələri, ziyalılar da aclıq aksiyası başlayacaqlar”.
Elçin Ismayıllının sözlərinə görə, rayon sakinləri Heydər Əliyev mərkəzinın qarşısında da aksiya keçirməyi planlaşdırırlar: “Prokurorun çıxışı, vəkillərin təqdim etdiyi vəsatətləri məhkəmənin təmin etməməsi, işin qərəzli aparılması insanları hiddətləndirib. Buna görə də həbs olunan məhbusların yaxınları Bakıya gəlib Prezident Administrasiyası önündə aksiya keçirməyi planlaşdırırlar”.
Qeyd edək ki, fevralın 24-də dövlət ittihamçısı yekun sözlə çıxış edib. Prokuror Fuad Musayev ReAL Vətəndaş Hərəkatının sədri Ilqar Məmmədovun 8 il, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun 7 il, digər 16 nəfər Ismayıllı sakininin 4 ildən 9 ilədək azadlıqdan məhrum edilməsini istəyib.
Bütün müttəhimlər Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkil) və 315.2-ci maddəsi (polis əməkdaşlarına qarşı zorakılıq) ilə ittiham olunur.
2013-cü il yanvarın 23-24-də Ismayıllıda kütləvi iğtişaşlar baş verib. Buna səbəb icra başçısına yaxın adamların kobud davranışıdır. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar “Çıraq” hotelini yandırıblar. Sonra rayon rəhbərliyinin istefasını tələb edən sakinlərlə polis arasında qarşıdurma yaranıb.
(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4616