Rəsul Quliyevdən şok açıqlamalar
26.02.2014 - 16:20
Rəsul Quliyevdən şok açıqlamalar
“Kimlərinsə harada nə qədər pulunun olmasının milli maraqlarla heç bir əlaqəsi yoxdur”
“Milli maraqlara aid hesab etdiyimiz informasiyaların mənbəyi ancaq hökümətdə işləyənlər ola bilər”
Politika.Az Eks-spiker Rəsul Quliyev teleqraf.com-a verdiyi müsahibəni təqdim edir:
– Azərbaycan müxalifətindəki bəzi şəxslərin xarici təşkilatlara, dövlətlərə informatorluq etməsinə dair məlumatlar gündəmə gəlib. Uzun müddətdir xaricdə yaşayan siyasətçi olaraq necə hesab edirsiz, Azərbaycanda dövlət və milli maraqların əleyhinə xaricə məlumat ötürən və ya ötürməyə meylli olan şəxslər varmı?
– Doğrusu, qəzetlərin və oxucularınızın bu dosye məsələsinə bu şəkildə emosional reaksiya verməsini anlaya bilmirəm. Məgər müxalifət düşərgəsindən olan kimlərinsə hökümətlə əlaqəli olduğundan, onlar tərəfindən maliyələşdirildiyindən xəbəriniz yox idi? Mən bilən Azərbaycanda uşaqdan böyüyə hər kəsin haqqını alıb müxalifət imitasiyası yaratdığından xəbəri var. Oğru, dələduz aləmi ilə inzibati orqanların (sovet dövründə bu belə idi) biznes əlaqələrini ört-basdır etmək üçün bir oğrunun tutulması prinsipi ilə ildə bir-iki müxalifətçini həbs etməklə müxalifəti təmiz gözdən salmamaq siyasəti göz qabağındadır.
Mən fikirləşmirəm ki, bizim müxalifət üzvləri içərisində ağılı infarmator səviyyəsinə qalxa biləcək olan bir adam tapıla. Çünki infarmator müəyyən ciddi məsələləri analiz edib ondan çıxan nəticəni lakonik şəkildə ötürən şəxsdir. Bəlkə siz tanıyırsınız, ancaq mən belə analitik qabiliyyəti olan bir şəxs görmürəm. İnfarmator yox, donos xarkterli xəbərləri məmuniyyətlə ötürənlərin sayı kifayət qədərdir. Ancaq onların verəcəyi danos da heç kimə lazım deyildir.
Milli maraqları satanların olub-olmamasına gəlincə, öncə milli maraqların nə olduğunu anlamaq lazımdır. Azərbaycanın strateji məhsullarının hamısının resursları bəllidir, ildə nə qədər istehsal ediləcəyi də məlumdur, burada elə bir gizli şey yoxdur. Azərbaycanın hərbi sənayesi də yeni və tam məxfi saxlanılan məhsul istehsal etmir. Gizli saxlanılması vacib olan məsələlərdən biri hökümətin Dağlıq Qarabağla əlaqədar apardığı məxfi siyasətdən düşmənin, ümumiyyətlə, başqa dövlətlərin xəbər tutmamsı ola bilər. Həmçinin ordunun dislokasiyası, hansı texnikanın harada dayanması, məsələn, baş qərargahın hucum, müdafiə planlarının və buna bənzər informasiyaların düşmənə və ya başqa dövlətlərə ötürülməsi milli maraqların satılması və xalqa xəyanət kimi qiymətləndirilməlidir. Yəni kimlərinsə harada nə qədər pulunun olduğunu, kiminsə kimi pulla satın aldığını aşkarlamağın milli maraqlarla heç bir əlaqəsi yoxdur, əlbəttə o, açıqlanmalıdır. Prokurorluq bununla əlaqədar heç kimə qarşı heç bir cinayət işi aça bilməz, faktların düzgünlüyünü araşdıra bilər. Konkret şəxsə qarşı ittaham isə həmin şəxsin adlarını çəkdiyi adamların şikayət ərizəsi olduqda irəli sürülə bilər.
Milli maraqlara aid hesab etdiyimiz informasiyaların mənbəyi ancaq hökümətdə işləyənlərdə ola bilər. Müxalifətdən kimlərsə bu informasiyalardan halidirsə, deməli, onun mənbəyi hökümətdədir. Milli maraqlara zidd informasiyaların ötürülməsi bütün ölkələrdə, bəlkə də, daha çox Azərbaycanda da ola bilər. Bunun iki səbəbi var.
Birincisi, ideologiyanın tələbi ilə informatorun bu işi görməyi özünə borc bilməsi. Məsələn, ideoloji baxışlara görə ABŞ-ın atom bombası istehsalı, Manhetten adlandırılan proyektinin hamısı bolişeviklərə ötürüldü və ya İspaniya kommunisti Trotskini öldürdü.
İkincisi, pul hərisləri, böyük pula özünü satanlar belə alçaqlıqlar edə bilər. Buna qarşı mübarizə aparmağın yolu məxfi informasiyaları bilənlərin sayının az olmasıdır. Elə informasiyalar var ki, onu məsələn, ancaq iki nəfər bilməlidir. İkincisi, hökümətdə işə götürülənlər ( yəni məxfi informasiyalara çıxışı olanlar) xüsusi təlimatla seçilməlidir.
– Amerika senatının nümayəndələrinin Azərbaycan müxalifətilə bu qədər yaxından maraqlanması nə ilə izah edilə bilər? Ümumiyyətlə, müxalifətdə kimin hakimiyyətə yaxın, kimin uzaq olmasının Senat üçün nə əhəmiyyəti var?
– Azərbaycan bir neçə faktora, yerləşdiyi coğrafi məkana görə mühüm əhəmiyyət kəsb edir. Birincisi, Azərbaycan İranla Rusiya Federasiyası arasında yerləşir. Qərbin bu ölkələrlə əlaqədar 50 ilə hazırlanmış xüsusi strategiyası var. İkincisi, Azərbaycan müsəlman ölkəsidir, əksəriyyəti şiə olsa da, Ərəb Əmirliyindəki kimi liberal müsəlmanlardır. Üçüncüsü və ən az əhəmiyyətlisi, enerji resurslarına malik olmasıdır.
Bu faktlara görə Qərb Azərbaycanı tam şəkildə özünə bağlamaq, regionda imkanlı favoritə çevirmək istəyir. İndiki hökümət öz siyasəti ilə 80 faiz Qərbin tələblərinə cavab verir, ancaq imkanı olan hər bir şəxs rüşvət alır və rüşvət verir.
Bir çox ölkələrin məsələn, İngiltərə, Almaniya, Fransanın kəşfiyat orqanları Azərbaycanın daxilində işləyirlər. ABŞ super dövlət olduğu üçün bu işi açıq da görə bilər. Dünyanın 4-cü ölkəsi sayılan Almaniyanın kanslerinin telefon danışıqlarına qulaq asan ABŞ-ın konqres işçilərinin Azərbaycandan kimlərləsə bu tip söhbətlərin aparmasında nə qəribəlik var, bilmirəm. Və bu söhbət əsnasında kiminsə öz fikirlərini söyləməsində ölkəyə və ya milli marağa qarşı hansı qəbahəti axtarırsınızı, anlamaq çətindir.
Nə üçün Senatın işçiləri sizin fikrinizlə desək, belə delikat məsələlərə qarışır. ABŞ və Avropa İttifaqı istər ayrı-ayrı, istərsə də birləşmiş müxalifətdə, istərsə də fərdi liderlər arasında Azərbaycanda gedə biləcək proseslərə təsiri olacaq nə partiyanın, nə də liderlərin olmadığını bizdən yaxşı bilir. Ona görə də hökümətin içərisindən kimlərin narazı olduğunu və o şəxslərin potensial nüfuzunun səviyyəsini öyrənmək istəyirlər. Bu insanların demokratik dəyişiklər uğrunda mübarizə aparmaq şansının hansı səviyyədə olduğunu müəyyənləşdirirlər. Çünki Qərb Azərbaycanda pozisiyasının stabil qalmasının yeganə yolunu cəmiyyətin demokratikləşməsində görür və bu da yeganə düzgün yoldur. Və Qərbin bu istəyi Azərbaycan xalqının maraqlarına xidmət edən istəkdir. İqtisadiyatın, siyasətin qloballaşma istiqamətində inkişafını dayandırmaq mümkün deyildir. Artıq dünyanın ümumi məhsul istehsalının 75 faizi qloballaşmanın tərəfində olan ölkələrin əllində təmərküzləşib. Rusiya və ona bənzər bir sıra kiçik ölkələrin bu prosesə qarşı çabalarının aqoniyaya keçməsinə az qalıb. Super dövlət olmağın astanasında dayanan Çin isə özünü ali irq hesab edir, bu proseslərin belə getməsinə mane olmur, əksinə iqtisadi qloballaşmanı dəstəkləyir və 50 ilə dünyanın ağası olacağına inanır. Sizlərə də Azərbaycanın çərçivəsindən bir qədər kənara çıxıb dünyada gedən proseslərə diqqət yetirmənizi arzulayardım. Onda nə Senatın işçiləriniə, nə də onlarla görüşənlərin “əməllərinə’’ qarşı belə aqressiv yanaşmazdız. Qaranlıq otaqda qara pişik axtarmayın, çünki o otaqda pişik yoxdur.
– Doğurdanmı, müxalifətdə təmsil olunan bəzi şəxslərdən həm də agent kimi istifadə olunur? Təcrübəli siyasətçi olaraq partiya daxilindəki informatorların müəyyənləşdirilməsinin yollanı bilirsinizmi?
– Hökümətin özlərini əsas müxalifət elan edənlərə şərait yaratdıqlarına heç bir şübhə yoxdur. Onlar hərdən hökümətin müəyyən sifarişlərini yerinə yetirir. Məsələn, Milli Şuranı dağılmağa qoyma və ya alternativ vahid namizəd seç, paylarını alıb “müxalifətçiliklərini” davam edirlər. Məsələn, özünü 3 ay bundan öncə prezident elan edən Cəmil müəllim artıq Əliyevə prezident deyə müraciət edir. Onların agent olub-olmamaqlarının camaata və ya hökümətə heç bir isti-soyuğu yoxdur. Mən o adamların bir çoxunun absurd mülahizələrini az eşitməmişəm, sifətlərinə sirli maska taxıb “məxfi’’ informasiyalar (əslində heç bir əhəmiyyəti olmayan) verdiklərinin şahidi olmuşam. Bu məsələ ətrafında qaldırılan hay-küy hökümətin diqqəti yayındarmaq üçün atdığı növbəti addımlardan biridir. Belə işlər həmişə olacaq.
– Bir müddət öncə qeyd etmişdiz ki, İsa Qəmbər və Əli Kərimli liderlikdən getməlidir. Qarşıda Müsavat Partiyasının qurultayının keçirilməsi gözlənilir. İsa Qəmbər namizədliyini irəli sürməyəcək. Sizcə yeni seçiləcək başqan partiyanı inkişaf etdirə biləcəkmi? Əsas namizədlər sırasında Arif Hacılının adı çəkilir. Onunla münasibətlərinizin yaxşı olmadığı bəllidir. Onun başqan seçilməsi Müsavata nə vəd edir?
– Musavat Partiyasının liderinin kim olması partiyanın daxili işidir. Bu, həm də seçkinin nə dərəcədə demokratik standartlara uyğunluğundan asılıdır. Çünki bu yaxınlarda Müsavatın gəncləri bir-birini saxta seçki keçirməkdə ittiham edirdilər. Adını çəkdiyiniz şəxsiyyətin partiyanın lideri seçilməsi Müsavat Partiyasının siyasətlə vidalaşması deməkdir. Məqsədi bu gün parlamentdə təmsil olunan “müxalifət’’ partiyalarından birinə çevrilmək olacaq. Belə bir prosesin getməsi Müsavat Partiyasının tarixində az olmayıb. Onlar 15 il müddətində tam bir-birinə əks olan cəbhələrə keçiblər. Gah bolişeviklərə, gah millətçilərə, gah federalistlərə gah da sosial demokratlara qoşulublar. O partiyada kifayət qədər ağıllı və azadlıq ideyalarına sadiq adamlar var. Bir sözlə, Müsavat bu seçksində yolunu müəyyənləşdirəcək. Çox arzu edərdim ki, gənclər də öz namizədliklərini cəsarətlə irəli sürsünlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=4625