Haradaydız?
26.02.2014 - 17:52
Haradaydız?
Tanınmışlar Xocalı faciəsini necə xatırlayır?
1992-ci ilin soyuq fevral gecəsində baş verən Xocalı faciəsi ilk günlər ictimaiyyətdən gizlədilib. Fakt barədə ölkə vətəndaşlarına qeyri-səhih məlumatlar verilib və baş verənlər ciddi-cəhdlə ört-basdır edilib. O zaman yayılan rəsmi məlumatlarda Xocalıda soyqırım yox, sadəcə atışma olduğunu, cəmi iki nəfərin həlak olduğunu rəsmi məlumat olaraq yayınladılar. Zamanın prezidenti Ayaz Mütəllibov bunu bilə-bilə etmişdi. Lakin faciəni gizlətmək mümkün olmadı…
O vaxtdan 22 il keçir. İndi ölkə siyasətində olan şəxslərə həmin günü necə xatırladıqları, hadisə baş verən zaman harada olmaları, qətliam barəsində hansı ortamda eşitdikləri barədə sual verdik.
Siyasi ekspert Ərəstun Oruclu “facebook”da həmin məşum gün barədə “Xocalı effekti” adlı yazı yazıb: “Xocalı qırğınından 5 gün sonra Ağdama ezamiyyətə getdim. Rayon mərkəzi xəstəxanasına gəldim. Bu şəhəri ilk dəfə idi görürdüm və ilk təəssüratım insanların üzündəki inamsız, ümidsiz ifadələr oldu. Həmin gecə ermənilər təkcə Xocalı sakinlərini qətlə yetirməmişdilər, həm də Ağdama “Qrad” reaktiv artilleriya qurğularından 4 mərmi atmışdılar. Şəhər əhalisinin xeyli hissəsi bundan qorxuya düşərək Ağdamı tərk eləmiş və gecəni şəhərdən kənardan keçirmişdi. Kimisi maşınlarda, kimisi də elə ayaqüstə çölün düzündə. Sonrakı günlər qətliam qurbanlarını yük maşınları ilə Ağdam məscidinə gətirib, orda yuyub torpağa basdırmışdılar.

Qarabağ savaşı tarixində ilk artilleriya hücumundan və kütləvi qırğından sonra insanlar ümidsizliyə qapılmışdı, hər kəs sanki taleyinə yazılmış öz ölüm anını gözləyirdi. Sahibsiz, müdafiəsiz və kimsəsiz bir millət kimi. Ağdamlı həkim dostum Muxtar deyirdi ki, indi bir şey aydındır – biz taleyin hökmünə buraxılmışıq, ümid də ancaq özümüzədir. Ağdamdakı bütün cəbhə kəndlərimiz, şəhərlərimiz kimi silaha sarınacaqdı, yüzlərlə şəhid verəcəkdi, amma bu sonra olacaqdı. 4 aydan sonra əzizimiz Muxtar həkim də döyüş meydanında yaralılara yardım göstərərkən snayper atəşinə tuş gələcəkdi. Bəli, ağ xalatlı həkimə belə aman verməyəcəkdi düşmən. Ölümündən sonra Muxtara Azərbaycanın Milli Qəhrəmanı adı veriləcəkdi. Amma bütün bunlar sonra olacaqdı, hələliksə Ağdam əhalisi gördüklərindən dəhşət və depressiya içində idi. Ağdamdan bir günlüyə Şəmkirə gəldim, doğmalarımla görüşməyə. Oğlum Turanın 3 ayı tamam olmuşdu və mən danışdırdıqca ucadan gülürdü. Onu 2 ay idi görməmişdim və deyirdilər ki, ilk dəfədir səslə gülür. Anam isə elə hey deyirdi ki, gəlmişkən ailəni də götür apar Bakıya, bizim hamımızı qırsalar da bizə baxma, qoca adamlarıq, əsas odur ki, siz xilas olun…
Ağdamdan Şəmkirə və geriyə yol boyu insanlarda ancaq məyusluq, ümidsizlik, kimsəsizlik, inamsızlıq görmək olurdu. Xocalı qətliamı öz gözlənilən effektini vermişdi.
İllər sonra indiki erməni prezidentinin amerikalı araşdırmaçı Tomas de Vaala verdiyi müsahibə dərc olundu və həmin müsahibədə Xocalı qırğının fəal iştirakçısı olmuş Serj Sərkisyan deyirdi: “Xocalıya qədər azərbaycanlılar inanmırdılar ki, biz niyyətlərimizdə ciddiyik”.
Bu günlərdə isə bir müsahibə də çıxdı, o zamanlar Azərbaycan prezidenti olmuş Ayaz Mütəllibovun müsahibəsi. Yadımdadır, Xocalı qırğını törədiləndə AzTV-də DİN-in adından verilən ilk rəsmi açıqlamada deyilirdi ki, Xocalıda 1 nəfər öldürülüb, 2 nəfər isə yaralanıb (yanıla bilərəm, bəlkə də əksinə, amma nə fərqi var?!)… Məncə bəzi siyasətçilər susanda daha yaxşı görünürlər.
Allah Vətən yolunda şəhid olan bütün soydaşlarımıza rəhmət eləsin! Onların ruhu, xatirəsi qarşısında hamımız borcluyuq. Nə qədər ki, ədaləti bərpa edə bilməmişik və nə qədər ki, insanlığa qarşı törədilmiş bu cinayətin təşkilatçıları və icraçıları cəzasızdır”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Yeni Müsavat”ın müxbirinə bildirib ki, soyqırım baş verən zaman o, Naxçıvanda olub: “Xocalı faciəsini eşidəndə Naxçıvanda, orta məktəbi bitirmək ərəfəsində idim. O zaman müəllimlərdən eşitdim, daha sonra rayon Xalq Cəbhəsinin qərargahında məlumat aldım. Partiyanın üzvü idim o vaxtdan. Sonra bir qədər başqa formada televiziyada eşitdim. Bütün hallarda qətliamın təfərrüatı tam bəlli deyildi. Sonradan dəhşətin ölçüləri barədə məlumatımız oldu. O vaxt belə xəbərlərə həssaslıq daha çox idi, müharibə dövrü, milli hisslərin qabardığı bir dönəm idi. O cür xəbərləri eşidib hamı, o cümlədən mən də sarsılmışdım. Xatirimdədir ki, rayon Xalq Cəbhəsinin toplantısı da keçirilmişdi bununla bağlı. Mitinq keçirmək təşəbbüsü müzakirə olunurdu. Soyqırım çox böyük kədər və məyusluq yaratmışdı. Bunu 20 yanvar faciəsi ilə müqayisə etmək olar, eyni hisslər idi. Sonradan qətliam barədə daha çox məlumatlar yayıldıqca insanlar bu məlumatlardan sarsılırdılar, bu, matəm təsiri göstərirdi insanlara”.

Deputat Zahid Oruc isə bildirir ki, soyqırım barəsində o zamankı tələbə hərəkatının üzvlərindən eşidib: “Biz o zaman kifayət qədər aktiv tələbə hərəkatının üzvləri idik. O vaxt Politexnik adlanan ali təhsil ocağında fəal hərəkat yaşanmaqda idi. Bütün mitinqlərin əsas hissəsini onlar təşkil edirdilər. Biz o zaman dəfələrlə dövlət orqanları qarşısında aksiyalara toplaşırdıq. Müxtəlif mitinqlər, etiraz tədbirləri düzənlənirdi. İlk xəbərlər dumanlı idi, qeyri-səhih idi, hərbi əməliyyat tarixçəsini, statistikasını özündə ifadə edirdi. Ayın 28-dən başlayaraq daha dolğun məlumatlarımız oldu. Onlar geniş tələbələrin çevrəsində danışılmağa başladı və ilk münasibət Azərbaycan hakimiyyətinə etiraz səviyyəsində idi. Düzünü desəm, o zaman bəlkə də müharibə getdiyindən və onun miqyasları bilinmədiyindən, ilkin olaraq hər kəs siyasi hakimiyyət üzərinə yüklənirdi. Hamımız o vaxt Ali Sovetə toplaşırdıq, dörd gün ərzində orada tədbirlər getdi, hətta xalq gecə də meydanda qalırdı. İlkin ovqatımız, hiddətimiz, kədərimiz orada formalaşıb – məhz siyasi mərkəzin içərisində.
Deputat sosial şəbəkədə paylaşdığı “Qələbə formulu” adlı yazıda isə tarixi günə münasibətini bu cür bildirir: “Xocalı faciədir. Lakin biz onunla ermənilərdən fərqli olaraq fəxr etmirik. Soyqırım üzərində dövlət qurulmaz. İnsanların normal həyat fəlsəfəsi sizcə necə olmaldır? Qurmağa, yaratmağa və ətrafa sevinc bəxş etməyə köklənməyən adamlar, eləcə də bu xüsusiyyəti cəmləşdirməyən toplumlar hər cür ittihamlara layiqdir. Elə isə bu gün ekran qarşısında dayana bilməyən, 1992-ci ilin acı mənzərələrinə taxılıb da ağır və amansız ölümlərin ruhuna köklənməyən Azərbaycan övladlarına haqq verməli, onların xoş duyğularla, əbədi sülh dünyası ilə yaşamasına qarşı çıxmalı deyilik. Axı normalda hər bir canlının sabaha yönələn ümid və arzuları yalnız qanlı tarixinin dərsləri, mühakiməsi üzərində qurula bilməz. Köksünə qılın sancılmış körpədən, soyuqdan yumağa dönmüş qocadan, ayağının və gözünü itirmiş gəlindən bəhs edən divar rəsmləri, foto və bədii nümunələrlə necə daim həyat sürmək olar? Biz bir dərdə 26 fevralda məruz qalmışıq, ikincisi isə onu ermənilər kimi yaşamaq, daim yasa, matəmə batmağımızdır. Onlar öz əbədi xəstəliklərini bu yolla bir virus kimi sanki içərimizə atıblar. Soyqırımlarla öyünmək onların böyük dövlət və millət fəlsəfəsi ola bilər. Lakin Azərbaycan insanı dərdləri akkumulyasiya edib içərisinə zorla toplayanda öz təbii inkişaf qanunauyğunluqlarından çıxır, elə bil başqa bir xalqın ömrünü-gününü yaşayır”.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə qeyd edir ki, faciə barəsində fevralın 26-da Bakıda xəbər tutub: “Ayın 25-də Sumqayıtda olmuşam, 26-sı səhər Sumqayıtdan avtobusla Bakıya gələrkən Şuşadan olan və bizim döyüşçülərə pul aparan yaralanmış bir uşağın atası ilə tanış oldum. Həmin uşağın- Bəxtiyarın xəstəxanaya aparılmasını öz üzərimə götürdüm. Bakıya çatanda Respublika Xəstəxanasına aparanda orada artıq Xocalıda faciə baş verməsini xəstəxananın həkimlərdən eşitdim. O vaxt mobil telefon yox idi, telekanallar düzünü, həqiqəti göstərmirdilər. ancaq mən hadisəni, faciəni danışıqlardan eşitdim”.
müavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=4627