Türkiyədə davam edən siyasi savaşda “Azərbaycan izi”

27.02.2014 - 10:02

Türkiyədə davam edən siyasi savaşda “Azərbaycan izi”

Dinlənilən telefonlar siyahısında bir neçə azərbaycanlının, o cümlədən ilahiyyatçı Taleh Bağırovun adlarının olmasının arxasındakı ilginc sirr
Türkiyədə gündəmin əsas hadisəsinə çevrilmiş telefon dinləmələrində Azərbaycandan olan bəzi şəxslərin də adı hallanır. Qeyd edək ki, Türkiyə mətbuatı ölkədə dinlənilən 7 min telefon nömrəsindən 3 minə yaxınını açıqlayıb. Maraqlıdır ki, açıqlanan telefon nömrələrindən 4-ü azərbaycanlılara məxsusdur. Bunlar tanınmış jurnalist Sevil Nuriyeva, hazırda Türkiyədə yaşayan azərbaycanlı fəal Hakim Əlizadə, Hacettepe Universitetinin beynəlxalq əlaqələr üzrə təmsilçisi Elvin Ağayev və hazırda həbsdə olan ilahiyyatçı Taleh Bağırovdur. 
Türkiyədə AKP-yə və şəxsən baş nazir Ərdoğana bağlı “Yeni Şafak” qəzeti Azərbaycanla da bağlılığı olan yeni sensasion iddia yayıb. Virtualaz.org saytının məlumatına görə, qəzet iddia edib ki, “paralel dövlət”in (guya ruhani Fətullah Gülənə bağlı olan dövlət içərisindəki gizli dövlət nəzərdə tutulur) prokurorları baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, minlərlə şəxsi “uydurma “Salam” terror təşkilatı”na mənsub olmaq ittihamı ilə həbs etmək üçün cinayət dosyesi hazırlayıbmış.
Prokurorların hazırladıqları dosyedə baş nazir Ərdoğanın, İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın və “Hizbullah” təşkilatının lideri Həsən Nəsrallahın bu terror təşkilatının liderləri olduğu göstərilir.
Qəzetin yazdığına görə, “paralel prokurorlar” ABŞ-ın terrorçu siyahısında olan “Hizbullah” liderini və Əhmədinejadı Ərdoğanla ortaq terror təşkilatı lideri kimi göstərmək üçün hazırladıqları dosyeni BMT-yə təqdim etməyi planlaşdırıblar. Bununla da Türkiyənin beynəlxalq ictimai rəydə terrora dəstək verən ölkə imicini formalaşdırmalıdır.
İddiaya görə, “uydurma “Salam” təşkilatının gizli yürüdülən istintaqında 70 iranlı da dinlənilib. Prokurorların hədəfi terrora dəstək verən siyasi partiya kimi AKP-nin bağlanması barədə iddianın qaldırılması olub. Qəzet istintaqa Ərdoğanın radikal şiə qruplaşması “Hizbullah”la ortaq olduğu barədə ittihamın hazırlanması təlimatının İsrail kəşfiyyatı MOSSAD tərəfindən verildiyini də yazıb.
Bildirilir ki, prokurorların hazırladığı dosyenin orijinalı xaricə qaçırılıb, onun polisə göndərilən surəti isə yoxa çıxıb. Prokurorların “Salam” təşkilatı istintaqı çərçivəsində minlərlə AKP mənsubunu, habelə “şantaj məqsədi ilə” AKP əleyhdarlarını da dinlədikləri bildirilir. İstintaqın 2011-ci ildə prokurorluğa göndərilən “Müstekbirlərlə Mübarizə Metodları” adlı sənədlə başladığı və minlərlə adamın dinlənilməsinə təlimat verildiyi də xəbərdə göstərilir.
“Ərdoğanı terror təşkilatının rəhbəri kimi həbs etmək istəyiblər”
Dinlənilənlər arasında 70-ə yaxın İran diplomatı və fəalı, habelə İranın Ankaradakı səfiri Əli Mehrabi, İranın İstanbuldakı baş konsulu Abdullah Aklahi, İranın Milli İslahat Hərəkatının Türkiyə təmsilçisi Əli Əkbər Vali, İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat şefi Əli Həsən Salami və digərləridir. 
Qeyd edək ki, azərbaycanlı ilahiyyatçı Taleh Bağırov hazırda həbsdədir. Ötən gün ilahiyyatçının vəkili ilə əlaqə saxlayıb bu məsələyə onun rəyini almağa çalışdıq. Ancaq vəkil Cavad Cavadov müvəkkili ilə yalnız cümə günü görüşəcəyini, eyni zamanda T.Bağırovun bu günə qədər heç bir xarici ölkə və ya təşkilatla əlaqəsinin olmadığını, yalnız Azərbaycanda fəaliyyət göstərdiyini bildirdi.
Taleh Bağırovun adının məhz izlənilənlər siyahısında olması ilə bağlı Türkiyədəki mənbələrimizlə də əlaqə saxlayaraq, əlavə məlumatlar toplamağa çalışdıq. Əldə etdiyimiz məlumatlara görə, ilahiyyatçı 2013-cü ilin əvvəllərində Türkiyədə səfərdə olub. Ancaq Türkiyədə qaldığı müddətdə T.Bağırov özünə telefon nömrəsi almayıb. Yalnız ehtiyac olanda dostlarının telefonundan istifadə edib. Bu baxımdan dinlənilən şəxslər siyahısında qısa müddətdə Türkiyədə olan T.Bağırovun adının olması müəmmalı olaraq qalır. Üstəlik, nömrə sahibi kimi onun adının Hacı Taleh Bağırov yazılması da maraqlıdır. Türkiyədəki mənbələrimiz T.Bağırovun bu ölkədə ciddi nüfuzu olan və xüsusi olaraq izlənilən Akabe Vakfı və onun rəhbəri Mustafa İslamoğlu ilə görüşdüyü üçün izlənilə biləcəyini ehtimal edirlər. Daha bir maraqlı məqam ondan ibarətdir ki, Türkiyənin “Yeni Şafak” qəzetində çıxan siyahıda T.Bağırovun adı yoxdur, yalnız Türkiyə qəzetində çıxan siyahıda ilahiyyatçının adı qeyd olunur. Bu isə siyahı ətrafında hansısa maraqlı qüvvələrin manipulyasiya etdiyini və bu qüvvələrin Azərbaycanın adının, özü də dini camiənin xəttilə hallandırılmasında maraqlıdırlar. Məlum olduğu kimi T.Bağırov son illərdə hakimiyyətə qarşı sərt çıxışları ilə seçilib və aktiv tənqidçi mövqedə olub. Bizə çatan məlumata görə, azərbaycanlı ilahiyyatçının adının dinlənilənlər siyahısında olması həm də Azərbaycanda dini qurum və şəxsləri Türkiyədə müəyyən dairələrə bağlamaqla hazırlanan əməliyyatın miqyasını böyütmək, eyni zamanda Azərbaycanda bəzi dairələrə zərbə vurmaq məqsədi daşıyır. Eyni zamanda bu məlumatın dövriyyəyə buraxılması, dini camiənin bu prosesə qatılması Türkiyədə davam edən siyasi böhranın bir ayağının Azərbaycana da çatdığını göstərmək məqsədi daşıyır.  
(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4630

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031