Deputat gömrüklə bağlı fikirlərinə niyə düzəliş etdi
27.02.2014 - 10:30

Qubad Ibadoğlunun araşdırması hakimiyyəti narahat edib
Xəbər verildiyi kimi Milli Məclisin son iclasında deputat Bəxtiyar Əliyev son günlər ictimaiyyətdə müzakirələrə səbəb olan ötən iclasdakı gömrüklə bağlı çıxışına aydınlıq gətirib. B.Əliyev bildirib ki, keçən iclasdakı çıxışında Azərbaycanda bəzi iqtisadi göstəricilərdə Statistika Komitəsinin müəyyən rəqəmləri qeyri-dəqiq göstərdiyini vurğulayıb:
“Komitə sədri Əli Hüseynli də verdiyi müsahibədə mənim çıxışımdan sonra bəzi müxalifət mətbuatında gedən qaranlıq, heç bir həqiqətə uyğun olmayan məsələlərə aydınlıq gətirdi. Bu gün mənə verilən izahat və arayışda da qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin saytında onun statistik rəqəmləri bütün dünyaya açıqdır. Nəinki xarici ticarət dövriyyəsi, hətta gömrükdən keçən malların strukturu da göstərilir. Bu günə qədər heç bir dövlətdən, heç bir rəsmi təşkilatdan oradakı rəqəmlərin qeyri-dürüstlüyü ilə bağlı rəsmi müraciət olmayıb. Deməli, bunlar həqiqəti əks etdirir və ona görə də bununla bağlı kimlərsə hansısa manipulyasiya edirsə, bu düzgün deyil”.
Bundan əvvəl isə Bəxtiyar Əliyev demişdi ki, ölkələr arasında mal dövriyyəsində ciddi problemlər yaranır: “Bu problemlər daha çox qiymətlərdə özünü göstərir”.
Bəxtiyar Əliyev daha sonra bildirmişdi ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumatlardan məlum olur ki, rəqəmlərdə çox ciddi fərqlər əmələ gəlir: “Eyni zamanda hökumətlərarası komissiyaların görüşlərində dəfələrlə vurğulanıb ki, müxtəlif ölkələrdən daxil olan mallarla bağlı statistik məlumatlar başqa, Azərbaycanın yaydığı statistik məlumatlar isə başqa olur. Fərqli rəqəmlər yayırlar. Yaxşı olardı Dövlət Gömrük Komitəsi bu sahədə işlərinə yenidən baxsın”.
Əldə etdiyimiz məlumatlara görə, deputatın fikirlərinə düzəliş etməsi bir neçə gün əvvəl iqtisadçı ekspert Qubad Ibadoğlunun Dövlət Gömrük Komitəsi ilə bağlı açıqladığı ilginc faktlardır. Ekspert “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarını araşdırıb.
Qubad Ibadoğlu bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib. Bu araşdırma Bəxtiyar Əliyevin açıqlamasından sonra ictimaiyyətə təqdim edilib. Məlumatlarda bildirilir ki, bundan narahat olan hökumət həm Qubad Ibadoğlunun açıqladığı faktları yalana çıxarmaq üçün müxtəlif arqumentlər səsləndirməyə başlayıb (guya qediyyata alınmayanlar hərbi məhsulların idxalıdır), həm də Bəxtiyar Əliyevi fikirlərinə düzəliş etməyə məcbur edib. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4632