Abutalıbov istefaya yox, həbsə göndərilməlidir!
Abutalıbov istefaya yox, həbsə göndərilməlidir!
Leyla Yunus Abutalıbovu məhkəməyə verməyə çağırıb
Sülh və Demokratiya İnstitutu (SDİ) qanunları və ölkə vətəndaşlarının hüquqlarını pozduğuna görə Bakı meri Hacıbala Abutalıbovu cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
Buna Abutalıbovu istefaya çağıran AXCP gənc fəalı Tofiq Dadaşovun 10 gün müddətinə həbsi əsas olub.
SDİ hesab edir ki, Abutalıbovun cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə hüquq-mühafizə orqanlarına rəsmi müraciət etmək lazımdır.
Bəyanatda qeyd edilir ki, SDİ 2011-ci ildən etibarən Azərbaycan hüquq-mühafizə orqanlarını H.Abutalıbovu cinayət məsuliyyətinə cəlb etməyə çağırır.
2010-cu ilin fevral ayından 2011-ci ilin iyununa qədər SDİ prezident İlham Əliyevin vətəndaşlara korrupsiyaya qarşı mübarizə aparmaq və korrupsiya faktları haqqında məlumat vermək çağırışına cavab olaraq dövlət başçısına, Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədrinə, DİN, Baş Prokurorluq, Ali Məhkəmə rəhbərlərinə 8 məktub göndərib.
SDİ direktorunun sözlərinə görə, Abutalıbov və tabeliyindəki şəxslər Azərbaycan CM-in aşağıdakı maddələrində nəzərdə tutulmuş cinayətləri törədiblər: 107-ci maddə “Əhalinin deportasiyası və ya məcburi köçürülməsi”, 157.3-cü maddə “Mənzil toxunulmazlığı hüququnun pozulması”, 178.3-cü maddə “Mütəşəkkil qrup tərəfindən törədilmiş və xüsusilə böyük ölçüdə ziyana səbəb olmuş fırıldaqçılıq”, 179.3-cü maddə “Xüsusilə böyük ölçüdə dövlət vəsaitlərinin mütəşəkkil qrup tərəfindən mənimsənilməsi və israf edilməsi”, 186.2-ci maddə “Əmlakın qəsdən məhv edilməsi və ya əmlaka ziyan vurulması ağır nəticələrə səbəb olduqda”, 308.2-ci maddə “Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda”, 309.2-ci maddə “Vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda”, 322.2-ci maddə “Özbaşınalıq”.
2013-cü ildə SDİ Bakı şəhər icra hakimiyyətinə qarşı AR Ali Məhkəməsinə qədər bütün instansiya məhkəmələrində bir sıra məhkəmə proseslərini qazanıb. 2013-cü ilin oktyabrından 2014-cü ilin fevralına qədərki dövrdə H.Abutalıbova məhkəmə qərarlarının yerinə yetirilməsi zərurəti haqqında 10 məktub, o cümlədən, Səbail rayon məhkəmə qərarlarının icrası şöbəsinin müdiri Araz Hüseynovun imzası ilə məktub, AR Məhkəmə-Hüquq Şurasından MHŞ aparatının baş müşaviri Zahid Məmmədovun imzası ilə məktub və s. göndərilib. Lakin bütün bu məktublara məhəl qoyulmayıb.
“Qüvvədə olan qanunvericiliyə əsasən, məhkəmə icraçılarının təqdimatı əsasında Ədliyyə Nazirliyinin İstintaq İdarəsi H.Abutalıbova qarşı məhkəmə qərarlarının qəsdən yerinə yetirilməməsinə görə cinayət işi açmalıdır”. SDİ vətəndaşları hüquq-mühafizə orqanlarından cinayət törədən vəzifəli şəxslərə qarşı cinayət işləri açılmasını daha fəal şəkildə tələb etməyə çağırır. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4655