Avropa Birliyindən korrupsioner rejimlərə öldürücü zərbə

28.02.2014 - 10:49

Avropa Birliyindən korrupsioner rejimlərə öldürücü zərbə

Çirkli pullarla Avropanı “fəth etmək” mümkün olmayacaq; qanunsuz vəsaitlər müsadirə ediləcək
Ukraynada baş verən hadisələr fonunda 2014-cü ilin fevralın 25-də Avropa Parlamentinin qəbul etdiyi və qanunsuz yolla əldə olunan vəsaitlərin müsadirə edilməsini tənzimləyən yeni qaydalara diqqət yetirmək lazımdır.
Yeni qaydalar AB üzv-dövlətlərin milli hakimiyyətlərinə qanunsuz yolla əldə edilən istənilən aktivlərin və hesabların dondurmasını asanlaşdırır. Bu məsələ ilə bağlı qanun layihəsi Avropa Birliyi ölkələrinin hökumətləri ilə qeyri-rəsmi şəkildə müzakirə olunub. Bu, AB-nin cinayətkarlıq, fırıldaqçılıq, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizənin daha geniş staretgiyasınının bir hissəsidir. 
Anlamaq çətin deyil ki, Avropa Parlamentinin qəbul etdiyi direktiv postsovet məkanındakı dövlətlərin fəal şəkildə Avropada aktivlər, daşınmaz əmlak əldə edən, Avropa banklarında hesabları olan elitasının maraqlarına birbaşa təhlükə yaradır. Ukrayna rəhbərliyinə qarşı ABŞ və Avropa Birliyi ünvanlı sanksiyalarla bağlı qərar qəbul edəndən sonra ordakı rejimin necə çökdüyü son proseslərdə göründü. 
Bu qaydaların korrupsiya yolu ilə əldə etdikləri vəsaitlərini Avropa banklarında saxlayan Azərbaycan hakimiyyəti təmsilçilərinə də ciddi zərbə vuracağı şübhəsizdir.
“Azərbaycanın vətəndaş cəmiyyəti institutları beynəlxalq təşkilatlara konkret qərarların qəbulu üçün kömək etməlidir”
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusun fikrincə, bu məsələ beynəlxalq birliyin və demokratik ölkələrin ən aktual problemlərindən biridir. Avropa banklarında Orta Asiya, Rusiya, Ukrayna və Azərbaycanın korrupsiyalaşmış məmurları milyardlarla pul saxlayır. Ərəb ölkələrində baş verən inqilablar da bu vəsaitlərin nə qədər böyük olduğunu göstərdi. 
Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanın vətəndaş cəmiyyəti institutları Avropa Birliyi, Avropa Şurası kimi beynəlxalq təşkilatlara Azərbaycandan olan cinayətkar məmurların bank əməliyyatlarının dayandırılması üçün konkret qərarların qəbul edilməsinə kömək etməlidir. Bunun üçün dövlət strukturlarında korrupsiya ilə bağlı ciddi araşdırmalar aparılmalıdır. Eyni zamanda qanunvericiliyin,  mülkiyyət hüquqlarının pozulması ilə bağlı faktların ortaya qoyulmasına ehtiyac var.
L.Yunusun sözlərinə görə, əgər Azərbaycan Avropaya inteqrasiya etmək istəyirsə, qanunlar hamı üçün bərabər olmalıdır. Bunun üçün də Avropa dövlətlərində korrupsiyalaşmış məmurların çirkli pullarının yuyulmasına imkan verilməməlidir. Bu həmin məmurların öz ölkəsini talamaq və pullarını Avropa ölkələrində gizlətmək imkanını əlindən alacaq.
“Azərbaycan məmurları Qərbdəki vəsaitlərini müxtəlif adlar altında ölkədə yerləşdirməyə çalışacaqlar”
Iqtisadçı-ekspert Natiq Cəfərli Avropa Parlamentinin bu qərarının gözlənilən olduğunu deyir. Çünki çirkli pulların yuyulması ilə bağlı çox ciddi beynəlxalq kampaniyalar gedir və korrupsiya yolu ilə əldə edilən pulların aqibəti ilə bağlı dünyada baş verən proseslərlə paralel olaraq ciddi tədbirlər görüldü. Bu da gözlənilən idi: “Azərbaycan hakimiyyətinin yuxarı eşalonunda təmsil olunan məmurların böyük əksəriyyətinin korrupsiya yolu ilə əldə etdikləri gəlirlərin böyük hissəsi daşınmaz əmlak və nağd pul şəklində Qərbdə, əsasən də Avropa ölkələrindədir. Çox güman ki, bu qərar Azərbaycan məmurlarını hərəkətə gətirəcək və o vəsaitləri müxtəlif adlar altında Azərbaycanda yerləşdirməyə çalışacaqlar. Amma Azərbaycan bazarı kiçikdir və burada yatırımların edilməsi ilə bağlı ciddi şərait yoxdur. Onların gəliri də çox aşağı olacaq. Digər tərəfdən, bu vəsaitlərin Avropadan çıxarılması da o qədər asan baş verməyəcək. Çünki böyük vəsaitlərin hərəkətliliyi başlanarsa, Avropa Birliyinin qaydalarına əsasən, onların mənbələri ilə bağlı araşdırmalar da başlanıla bilər”.
Ekspertin fikrincə, ola bilsin Azərbaycan məmurları bu vəsaitlərin böyük bir hissəsini ərəb, Asiya ölkələrinə transfert etməyə çalışacaqlar. Çox güman ki, yaxın gələcəkdə belə hərəkətlilik görə bilərik: “Azərbaycanda çox böyük miqdarda vəsaitin gətirilməsi iqtisadi cəhətdən mümkün deyil. Yatırımların qoyulması onların gəlirliliyi baxımından çətinlik yaradacaq. Ona görə də yaxın gələcəkdə biz Asiya, ərəb ölkələrinə Azərbaycan məmurlarının izinə rast gələ bilərik. Onlar çalışacaqlar ki, vəsaitlərini həmin regiona göndərsinlər. Amma qlobal dünyada belə bir proses başlanıbsa, bu tək Avropa məkanı ilə məhdudlaşmayacaq, dünyanın bütün ölkələrinə əhatə edəcək. Sonunda korrupsiya, qeyri-qanuni yolla əldə olunmuş vəsaitlərin üzə çıxarılması böyük skandalların gündəmə gəlməsi ilə nəticələnəcək. Yaxın gələcəkdə bu skandallarda Azərbaycan məmurlarının da adı hallanacaq”. (azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4660

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930