Oqtay Əsədovdan yeni bəhanə
28.02.2014 - 11:08
Spiker Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın Avropaya inteqrasiyasına mane olduğunu deyir
“Qarabağ məsələsinin ölkədə islahatlar aparılmasına heç bir maneçiliyi yoxdur və ola da bilməz”
Azərbaycanın Avropaya inteqrasiyasında maraqlı görünməyən hakimiyyət təmsilçiləri bununla bağlı müxtəlif bəhanələr gətirir. Milli Məclisin sədri Oqtay Əsədov Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupu ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın Avropaya inteqrasiyasına mane olduğunu deyib.
Bu arqumentlər nə dərəcədə tutarlıdır? Ekspertlər bunu sadəcə bəhanə adlandırır. Çünki uzun illərdir ki, Avropa Birliyi ilə Azərbaycan hökuməti arasında münasibətlərin daha yüksək mərhələyə qaldırılması məsələsi müzakirə olunur. Məlum olduğu kimi, Avropa Birliyi Assosiasiya və Azad Ticarət Müqaviləsi təklif edir. Birinci müqavilə siyasi, ikinci isə iqtisadi islahatların aparılmasını nəzərdə tutur. Avropa Birliyinin Azərbaycan hökumətinə təklif etdiyi variantları hakimiyyət qəbul etmir. Səbəb isə çox sadədədir. Azərbaycanda mövcud olan sərt avtoritar rejim ölkənin demokratikləşməsi ilə nəticələnə biləcək belə təklifləri qəbul etmək fikrində deyil. Məhz buna görə Azərbaycanın hakimiyyət nümayəndələri tez-tez müxtəlif bahənələr gətirirlər. Ekspertlərin fikrincə, Qarabağ məsələsinin ölkədə islahatlar aparılmasına heç bir maneçiliyi yoxdur və ola da bilməz. Yeri gəlmişkən, 2010 və 2012-ci illərdə Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistan işğalçı qüvvələrinin ərazilərdən çıxmasını tələb edən qətnamələr qəbul edib. Azərbaycan rəsmiləri Avropa ilə daha yaxından əməkdaşlıq etmək əvəzinə “bizim Avropa Birliyinin üzvü olmaq niyyətimiz yoxdur” bəyanatları ilə cavab veriblər. Qarabağ probleminin həllində əsas beynəlxalq güc mərkəzlərindən biri olan Avropa ilə yaxınlaşmaq kursundan faktiki imtina edib. Bunun da başlıca səbəbi Avropanın demokratik islahatlar tələb etməsidir. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4661