Cəmil Həsənlidən şok açıqlamalar
28.02.2014 - 15:44
Cəmil Həsənlidən şok açıqlamalar

“Tarixin son günlərinin ən möhtəşəm hadisəsi Ukrayna inqilabıdır
Kiyev Maydanında son bir neçə ayda cərəyan edən hadisələr qələbə ilə başa çatdı. Daha bir avtoritar, daha bir diktator, daha bir korrupsioner və öz ölkəsini soyan daha bir talançı rəzil oldu. Xalq öz iradəsini ortaya qoydu”, – Milli Şuranın sədri Cəmil Həsənli Ukrayna hadisələrini belə şərh edib.
O bildirir ki, qışın sərt soyuğuna baxmayaraq, Ukrayna xalqı maydanda tarix yaradıb: “Ukrayna xalqının qələbəsi Qərb dəyərlərinə, insan kimi yaşamağa can atan, öz sovet keçmişi ilə üzülüşməyə qərar vermiş qəhrəman bir xalqın qələbəsidir. Ukrayna xalqı sözün tam mənasında çağdaş dünya tarixinin ən gözəl qəhrəmanlıq salnamələrindən birini yazdı”.
C.Həsənli hesab edir ki, eyni zamanda Ukrayna hadisələri öz xalqına qarşı mübarizə aparan dar təfəkkürlü bir avtoritarın, xalqın etimadını itirmiş bir varlanmaq hərisinin, dəstəyi doğma xalqından deyil, özü kimi avtoritar rejimlərdən gözləyən bir korrupsiya düşkününün aqibətini ortaya qoydu. “”Berkut” xalqın qarşısında diz çökdü, regionlar partiyası “millət vəkillərinin” adları rüsvayçılıq lövhəsinə yazıldı. Yanukoviçin rüşvətxor nazirləri qaçmağa ölkə tapa bilmədilər. Rüşvət mühasibatı bütün dünyaya faş oldu. Belə bir tale Ukrayna Regionlar Partiyasından dəfələrlə çox çirkaba bulaşmış Yeni Azərbaycan Partiyasını da gözləyir”.
Milli Şura sədrinin fikrincə, belə bir aqibət Yanukoviç nazirləri ilə müqayisədə daha korrupsioner, daha rüşvətxor, daha talançı olan Azərbaycan hakimiyyət yetkililərini də gözləyir. “Hər halda bütün çirkin əməlləri ilə yanaşı Yanukoviçin “rüşvət siyahısından” parlament mandatlarının satılmasının hesabları çıxmadı. Ən nəhayət, Yanukoviçin indiki ərz-halı 2013-cü ilin 9 oktyabrında hakimiyyəti növbəti dəfə mənimsəmiş İlham Əliyevi də gözləyir. Çünki Viktor Fyodoroviç dörd ildən dördcə gün əskik prezidentliyi dövründə İlham Əliyevin etdikləri əməllərin heç dörd faizini də etməmişdi”, – o vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=4673