Vəhabilər Məkkəni dağıdırlar

01.03.2014 - 03:03

Tikilən göydələnlər hətta Kəbəni kölgədə
qoymağa başlayıblar 

Vəhabilər türbələri, pirləri və başqa yerləri
günah hesab edirlər, lakin Səudiyyə krallarının milyonlarla dollar hesabına
mühafizə olunan məzarlarının adını çəkmirlər

Müsəlmanların sükutu təkcə qorxaqlıq yox, həm
də riyakarlıq kimi qiymətləndirilə bilər


 

Müsəlmanlar
Məkkə və Mədinənin amansız söküntüsünə etiraz səslərini niyə ucaltmırlar? “The
İndependent” qəzetinin dini məsələlər üzrə müxbiri Jerome Taylor (Cerom Teylor)
öz məqaləsinə belə bir sual-sərlövhə qoyub.O yazır ki, Səudiyyə Ərəbistanının vəhabiləri
Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdır, yerində göydələnlər və ticarət
mərkəzləri tikirlər.

Müəllif
qeyd edir ki, müsəlman icması, ümumən götürəndə, etiraz icması deyil. “Məsələn,
onlar dini ekstremizmə və ya qadınlara qarşı zorakılıqlara sükutla baxırlar”.
Taylor qeyd edir ki, “digər tərəfdən, adi müsəlmanlar onların adından edilənlərə
cavabdeh deyillər. Lakin eyni zamanda çoxluğun sükutu və təmkini, hay-küyçü
azlığa İslama necə sitayiş edilməsi və İslamın dünya tərəfindən necə qavranmasına
dair qeyri-mütənasib diqtə imkanı yaradır”.

“Lakin
elə bir məsələ var ki, – yazır müəllif, – bütün müsəlmanların bir ağızdan
danışacağını gözləmək olardı: Bu, islamın doğulduğu yerdə arxeoloji və tarixi
abidələrin ucdantutma məhv edilməsi məsələsidir. Son 20 ildə neft pulları və
barışmaz vəhabilər tərəfindən qızışdırdırılan Səudiyyə hakimiyyəti ağlasığmaz
bir miqyasda mədəni vandalizm siyasəti yürüdür”.

Buldozerlər Məkkədə

Müəllif
yazır ki, İslamın iki ən müqəddəs şəhərində – Məkkə və Mədinədə buldozerlər
sistematik olaraq, bərq vuran göydələnlərə, lüks otellərə və ticarət mərkəzlərinə
meydan açmaqda davam edirlər.  “Səudiyyəlilər
israr edirlər ki, sürətlə genişlənən və çulğalaşan dünyada sayı getdikcə artan
zəvvarlar üçün bu iki şəhərin böyüməsinə ehtiyac vardır. – yazır Jerome Taylor,
– və onlar haqlıdırlar. Lakin bunu doğrudanmı elə bir şəkildə etmək lazımdır
ki, lüks mənzillər və gecəsi 500 dollara olan otel otaqları bütün müsəlmanların
bərabər olduqları Kəbənin başı üstündən asılsın?”

Müəllifin
fikrincə, ən dəhşətlisi budur ki, Peyğəmbərin özünə aid yerlər də daxil
olmaqla, erkən İslamla bağlı onlarca abidə yer üzündən silinib.  “Vəziyyət o qədər acınacaqlıdır ki, – yazır
Jerome Taylor, – Vaşinqtonda mənzillənmiş Körfəz İnstitutu minillik yaşı olan qədim
binaların son 20 ildə 95 faizinin dağıldığını təxmin edir”.

Jerome
Taylor yazır ki, “mədəni vandalizmin” əsas hissəsi Səudiyyə krallığının rəsmi
dini olan və İslamı ən sərt şəkildə təfsir edən Vəhabilik təriqəti tərəfindən
ilhamlandırılır.Vəhabilər bütlərə sitayişə dözümsüzdürlər və inanırlar ki, qəbirlərin,
ocaqların və Peyğəmbərlə bağlı yerlərin yad edilməsi şirq – yəni saxta
allahlara sitayiş, tək olan Allaha şərik tanımaq deməkdir. Jerome Taylor yazır
ki, müsəlmanların sükutu təkcə qorxaqlıq yox, həm də riyakarlıq kimi qiymətləndirilə
bilər. Beləki, ağzı-köpüklü islamofoblar Vaşinqtonda bir araya gəlib Məhəmməd
Peyğəmbər haqqında mənasız, lakin təxribat qəsdi ilə film çəkəndə bütün dünyanı
etiraz dalğası bürüyür, cümə xütbələrində imamlar və şeyxlər İslamın və Peyğəmbərin
təhqir olunduğunu bəyan edir, qaragüruhu küçələrə çıxarır və nəticədə əksəriyyəti
müsəlman olan adamlar həlak olurlar.

Jerome
Taylor sual edir: “Bəs görəsən həmin imamları Məkkə və Mədinədə baş verənlər tərpətmir?
Görəsən həmin imamlar Məhəmmədin birinci arvadı Xədicənin evi dağıdılanda və
yerində ictimai ayaqyolu tikiləndə və ya Mədinə ətrafında Xəndək Döyüşü ilə əlaqəsi
olan 7 məsçiddən 5-i söküləndə və ya Peyğəmbərin nəvəsi ilə bağlı olan məsçid
polislərin alqışları altında dinamitlə partladılanda niyə özlərindən çıxmırlar?
Çünki siyasi baxımdan sənin dininin banisinə hörmətsizlik göstəriləndə, kafiləri
ittiham etmək daha rahatdır, nəinki özününküləri ittiham etmək”.

Müəllifin
fikrincə, Səudiyyə Ərəbistanı müsəlman aləmində olduqca böyük nüfuza malikdir.
Krallıq 1984-cü ildən özünü “təvazökarlıqla” iki müqəddəs məsçidin xidmətçisi
adlandırır. Ər-Riyad həcc və ümrənin kvotalarını verməkdə monopoliyadır. Başqa
sözlə, bir çox müsəlman ölkələrində, “həcc biznesinə” nəzarət edən şeyxlər,
şeyxülislamlar, müftilər və imamlar Səudiyyədən asılı vəziyyətdədirlər.

Məkkənin dərdini xristianlar niyə çəkir?

Jerome
Taylor yazır ki, belə bir xof şəraitində, müsəman çoxluğu səsini çıxarmır, Qərb
arxeoloqları və tarixçiləri isə fəal mövqe tuta bilmirlər.Onlara deyə bilərlər
ki, “bizim müqəddəs ocaqlarımızın sizə nə dəxli var?” Müəllifin fikrincə, Səudiyyə
Ərəbistanının özündə isə mövqelər haçalanıb. Çünki sökülən təkcə tarixi abidələr
deyil, onların həndəvərindəki yaşayış tikililəridir. Adamlar göydələnlərin
tikiləcəyi yerlərdən zorla çıxarılırlar.

Jerome
Taylor yazır ki, Məkkə və Mədinəyə qeyri-müsəlmanları buraxmırlar, lakin “The
İndependent” qəzeti bu müqəddəs şəhərlərə gizli yol tapa bilib. Məkkəlilər müqəddəs
yerlərlə bərabər bütöv yaşayış məhəllələrinin sökülməsindən şikayət edirlər.
Bir çoxlarına sökülmüş evləri üçün kompensasiya da verilmir.

Bir məkkəli
qəzet müxbirinə belə deyib: “Əgər hər hansı şahzadə və ya kral ailəsinin üzvü
öz malikanəsini böyütmək istəyirsə, o bunu edir və heç kəs də qorxusundan
cınqırını çıxarmır”.

Məkkə Las-Veqasa çevrilir?

Jerome
Taylor yazır ki, bütün müsəlmanların bu kimi məsələlərdə biganə olduqlarını da
söyləmək olmaz. “Mən ötən sentyabrda məqalələrimdən birində Məkkənin Las Veqasa
çevrilməsi barədə yazanda, bir neçə saatın ərzində bütün müsəlman dünyası
boyunca internet saytları, bloggerlər və oxucular bu yazıya reaksiya verdilər…Facebookda
bu məqalə 37 min dəfə yenidən post edildi”.

Müəllif
yazır ki, o bir qədər sonra üzvlərinin əksəriyyəti gənc peşəkarlar olan “City
Circle” təşkilatına öz tədqiqatı barədə məlumat vermək üçün dəvət olunubmuş.
Jerome Taylor iştirakçıları belə təsvir edir: “Bu kütlə Londonun istənilən müsəlman
icması kimi son dərəcədə qarışıq idi: şalvarlarının üçdə biri olmayan
uzunsaqqal sələfilər, hippiyə oxşayan sufilər, başıbağlı və hicablı və başı
açıq qadınlıar, müasir Avropa qiyafəsində olan kişilər. Mən gözləyirdim ki, bu
kütlə Səudiyyə Ərəbistanında baş verənləri dəstəkləyəcək. Lakin hamı son dərəcə
əsəbi görünürdü”.

“Çıxışımdan
sonra əyində qara əba, gözlərində yaş olan bir qadın mənə yaxınlaşdı, – yazır
Taylor, – o dedi ki, onlar İslamın təvəllüd ünvanını dağıdırlar. Bu yerlər Peyğəmbərin
yaşadığı və ibadət etdiyi yerlərdir. Biz nə isə etməliyik”… Müəllif yazır ki, Məkkədə
tikilən göydələnlər hətta Kəbəni kölgədə qoymağa başlayıblar. Bu kimi məqalələrə
cavab olaraq Səudiyyə şahzadəsi Turki əl-Faisal bildirib ki, hökumət müqəddəs
yerlərin qorunub saxlanmasına 19 milyard dollar pul xərcləyib və müqəddəs yerlərin
dağıdılması barədə heç söhbət də gedə bilməz.

Lakin
Jerome Taylor bu qənaətdədir ki, faktlar şahzadənin dediklərinin əksini sübut
edir. Müqəddəs yerlərin qorunması məqsədilə yaradılmış İslami İrs Fondunun sədri
Irfan Ahmed al-Alawi bildirir ki, Peyğəmbərin anası Amina bint Wahb-ın 1998-ci
ildə aşkar edilmiş məzarının başına gətirilənlər bariz nümunədir: “Əbvada olan
bu məzarı buldozer yerlə yeksan etdi. Sonra isə məzarın olduğu yerə benzin
töküldü. Bütün müsəlman dünyası boyunca göndərilən minlərlə petisiya bu
aksiyaya mane ola bilmədi”.

Jerome
Taylor yazır ki, bu gün Məkkədə Peyğəmbərin adı ilə bağlı cəmi 20 yer qalıb.
Peyğəmbərin silahdaşı Əbu Bəkrin evinin yerində indi Hilton oteli ucalır, onun
nəvəsi Əli Oreydin evi və Əbu Qubays məsçidinin yerini Kral Sarayı tutub.

Səud ailəsi Məkkə və Mədinəni zəbt edib

“İslamın
Beşiyi” kitabının müəllifi xanım Mai Yamani deyir ki, müsəlman hökumətləri Səudiyyənin
neft sərvətini unudaraq etiraz səslərini ucaltmalıdırlar. “Ən həyacanlandırıcısı
budur ki, dünya əl-Səud ailəsinin İslamın iki müqəddəs şəhərinin “xidmətçisi”
olduğu barədə iddiaları sual altında qoymur”. “The İndependent” qəzetinin
müxbiri yazır ki, “hətta ABŞ konqresmenləri də sadəlövhcəsinə Səud ailəsinin
binayi-qədimdən bu iki şəhərin “xidmətçisi” olduğuna inanırlar”.

Əslində
isə, Səud tayfası Məkkə və Mədinəni cəmi 80 il bundan əvvəl zəbt edib. Hər şey
ondan başlanıb ki, 1744-cü ildə dini islahatçı, bugünkü vəhabilərin sələfi
Mohamed Ibn Abdul-Wahab, Mohammed bin Saud-la pakt imzalayıb. Həmin pakta əsasən
indi ölkənin “dünyəvi” rəhbərliyi Səud ailəsinin malıdır, dini rəhbərlik isə vəhabilərin
əlindədir.

Səudiyyədə
ilk neftin fontan vurduğu 1938-ci ilədək kral ailəsinin əsas gəlir yeri zəvvarlar
idi. Məhz həmin vaxtdan bəri dini rəhbərlik dünyəvi rəhbərliyin petrodollarları
ilə hesablaşmalı olur. Bununla belə vəhabilik dövlətin fəqərə sütunu olaraq
qalır. Vəhabilərin nə dərəcədə qüdrətli olduğunu 1929-cu ildə baş vermiş faciəli
hadisələr göstərir. O vaxtadək Misirli zəvvarlar Məkkədə özlərininin Məhməl
deyilən mərasimlərini qeyd edərdilər.  1929-cu ildə misirliləri zorakılıqla Məkkəyə
buraxmadılar və baş verən toqquşmada 30 nəfər öldürüldü. Misir Səudiyyə Ərəbistanı
ilə diplomatik əlaqələrini kəsdi. Bu yerdə xatırlatmaq yerinə düşərdi ki,
Rusiya Şərqşünaslıq İnstitutunun professor, mərhum Saleh Əliyev Məkkə və Mədinənin
əslində, haşimilərə, onların bugünkü törəmələri olan iordaniyalılara məxsus
olduğunu söyləyirdi. O deyirdi ki, kiçik İordaniya krallığı qorxusundan səsini
çıxarmır.

Peyğəmbər icazə vermir

Hicazlı
memar Sami Angawi bəyan edir ki, Məkkə və Mədinənin son günlərinə çox qalmayıb.
“The İndependent” müxbirinin yazdlğına görə, vəhabilərin dağıdacağı növbəti müqəddəs
yer əl-Nur, yəni İşıq dağındakı Hirə mağarasıdır. Rəvayətə görə, Peyğəmbərə
Quranın ilk ayələri məhz burada vəhy olunub. Bu gün isə burada vəhabilər tərəfindən
fitvalanmış bir xəbərdarlıq lövhəsi var: “Peyğəmbər əleyhüssəlam sizə bu təpəyə
qalxmağı, burada ibadət etməyi, daşlara toxunmağı və ya ağaclara parça
bağlamağı qadağan edib”.

Dağıdılan ocaqların tüstüsü

İslami
İrs Fondu bildirir ki, Peyğəmbərin arvadının da dəfn olunduğu Əl-Baqi qəbristanlığı
dağıntılara 1950-ci illərdə məruz qalıb. Fond bildirir ki, Səudiyyənin “könüllü
polis” dəstəsi bu yeri gecə-gündüz qoruyur və adamların buraya gül-çiçək dəstələti
qoymasının qarşısını alır. Lakin başqa mənbələrdə buranın dağıdılmasına daha əvvəllər
başlandığı barədə məlumatlar var. İslama dair ədəbiyyatın internet külliyyatı
olan “al-islam.org” saytında bu məzarlıq barəsində geniş məlumat vardır.

Sayt
yazır ki, həm də “Jannat al-Baqi” kimi tanınan bu qəbristanlıqda Məhəmməd peyğəmbərin
qohumları və silahdaşları dəfn olunubmuş. Buraya ilk basdırılan onun dostu
Uthman b. Madhoon olub, buradakı ağaclığın bir hissəsi Peyğəmbərin əmri ilə
qırılıb ki, məzar üçün yer açılsın. Sonrakı illərdə Peyğəmbər, ölümünə
hönkür-hönkür ağladığı azyaşlı oğlu İbrahimi burada dəfn edib.

Bundan
sonra çox sayda mədinəli ölənlərini burada basdırırmışlar, çünki Peyğəmbər “Ey
Allah al-Baqi sakinlərinə özün rəhm et” – deyə bu qəbristanlığı şərəfləndirib.
Saytda qeyd olunur ki, burada ümumiyyətlə, Imam Həsən ibn Əli, Imam Əli ibn
al-Hüseyn, Imam Məhəmməd əl-Bağır və Imam Cəfər əl-Sadiq da daxil olmaqla Peyğəmbərin
yaxın ətrafından 700 nəfər dəfn edilib.

 Peyğəmbəin xalaları Səfiyə və Aatika, habelə
İmam Əlinin anası Fatimə bint Əsəd, üçüncü xəlifə Osman (əvvəlcə qəbristanlıqdan
kənarda dəfn edilsə də, sonradan məzarlıq böyüyüb və bu qəbri içərisinə alıb)
da burada uyuyurlar.

 Əbu Bəkr və Ömər də Peyğəmbərin yanında dəfn
olunmalarını vəsiyyət ediblərmiş.

 Və nəhayət tanınmış üləmaları da burada dəfn
ediblər və əl-Baqinin müsəlmanlar arasında bu qədər əziz olması təəccüb
doğurmur.

 Əl-İslam saytı yazır: “1221-ci ildə (1806) vəhabilər
Mədinyə gələrək bu məzarlığı və məsçidi dağıtmaq istəyiblər, lakin nədənsə bu
fikirdən daşınıblar”.

 Lakin sonrakı illərdə al-Baqi hər halda yerlə
yeksan edilib və yenə həmin saytın yazdığına görə kral Peyğəmbər ocağının üç qaradərili
gözətçisinə orada olan xəzinənin gətirilməsini əmr edib.

Məkkə və Mədinəni türklər xilas ediblərmiş

1800-cü
illərdə vəhabilər o qədər fəallaşıblar və gücləniblər ki, həcc ziyarətinə kimlərin
buraxılıb-buraxılmamasını da onlar qərara alırmışlar.

 Onlar ilkin şərt kimi öz təriqətlərinin qəbulunu
tələb edirmişlər.Mənbə minlərlə insanın Məkkə və Mədinədəki evlərindən didərgin
düşməsindən də yazır.Nəhayət Osmanlı sultanı öz nəzarətində olan bu əraziyə
Mehmet Ali Paşanı göndərir.Mehmet Ali Paşa asayişi bərpa edir.Beləliklə, müqəddəs
ocaqların tam dağıdılmasının qarşısı alınır.

 Yenə həmin mənbənin bildirdiyinə görə bütün
müsəlman dünyası bu hadisəni böyük atəş-fəşanlıqla bayram edir. Misirdəki şənliklər
5 gün, 5 gecə sürübmüş.

 Müsəlmanların sərbəst həcc ziyarəti bərpa
olunur.

 1818-ci ildə, həm də xəlifə olan Osmanlı
sultanı Əbdül Məcid, sonrakı illərdə onun xələfləri Əbdülhəmid və Məhəmməd
bütün müqəddəs yerlərin təmir və bərpasını həyata keçiriblər.

 Yenə 1848 və 1860-cı illərdə bərpa işləri
davam etdirilir. Bu işlərin əksəriyyəti üçün ayrılmış 700 min funt sterlinq məbləğində
pulun çox hissəsi Peyğəmbərin türbəsi üstündə yığılmışdı.

 Bir sıra tarixi mənbələrdən bu da məlumdur ki,
Ərəbistanda Osmanlı İmperiyasının dayaqlarını sarsıtmaq istəyən Avropa ölkələri,
başlıcası Britaniya kəşfiyyatı bütün anti-Türk elementlərini dəstəkləyirdi.

Vəhabilərin ikinci istilasi

1924-cü
ildə artıq Osmanlı İmperiyası yox idi və Al-islam saytının yazdığına görə vəhabilərin
Hicaza ikinci qanlı həmləsi məhz bu ilə təsadüf edir.

Məkkənin
şərifi Awn bin Hashim o zaman yazırdı: “Mənim qartşımdakı vahə meyitlərlə dolu
idi, ətrafı qan gölmələri bürümüşdü. Elə ağac yox idi ki, onun altında iki-üç cəsəd
olmasın”…

Saytda
dərc olunmuş məqalədə deyilir ki, 1925-ci ildə Mədinə vəhabilərə təslim oldu.
Buradakı bütün islami irs məhv edildi. Yalnız Məhəmməd Peyğəmbərin türbəsinə
toxunulmadı.

İslami
İrs Fondu isə bildirir ki, buna baxmayaraq, Beytül- Mövlud kimi tanınan bu yer əvvəlcə
mal-qara bazarına çevrilib, məkkəlilərin etirazlarından sonra isə burada
kitabxana qurulub. Belə bir narahatlıq var ki, Böyük Məsçidin genişləndirilməsi
əsnasında bu abidə tamamilə dağıdıla bilər.

Tanınmış
vəhabilərdən Ibn Jabhan deyirmiş: “Biz bilirik ki, Peyğəmbərin qəbri üzərindəki
o məqbərə bizim prinsiplərimizə ziddir və qəbrin məsçiddə olması dəhşətli
günahdır”.

Rəsmi
hakimiyyət nümayəndələrinin də bəzi bəyanatları bu kimi ritorika ilə səsləşir.

2007-ci
ildə Səudiyyənin İslam İşləri Nazirliyinin Mədinədə Peyğəmbərin, Əbu Bəkr və Ömərin
məzarları üzərində ucalan və 15-ci əsrə aid yaşıl gümbəz barədə yaydığı və Səudiyyənin
böyük müftisi Əbdül Əziz əl-Şeyx tərəfindən xeyir-dualanmış bəyanatında
bildirib ki, gümbəz dağıdılacaq və Peyğəmbərin məsçidindəki üç məzar yerlə
yeksan ediləcək.

Müsəlmanlar etiraz edibmişlər

Peyğəmbər
məscidinin dağıdılmasına bundan əvvəl müsəlmanların qəzəbli etirazlarını görən
kral İbn-Saud vəd edib ki, dağıntılar bərpa ediləcək və Hicaza yerli beynəlmiləl
hakimiyyət rəhbərlik edəcək. 2 vədin heç biri yerinə yetirilməyib. Görünür hər
şey “The İndependent” qəzetinin yazdığı kimi deyil. Hələ 1926-cı ildə bütün
İslam dünyasından imzalanmış petisiya Səudiyyə Krallığına təqdim edilib.

 Həmin petisiyada Peyğəmbər əleyhissəlamın
doğulduğu şəhərdə dağıdılmış abidələrin bərpası tələb olunub və müsalmanların
müqəddəslərin qəbirləri üzərində Fatihə surəsini oxumalarına vəhabilərin mane
olmasından şikayət edilib.

 Bu etiraznamədə həmçinin Taif, Mədinıə, Əqsa və
Qatifdə törədilmiş qətliyamlar barədə ölçü götürülməsi tələb olunurdu.

 Buna bənzər etirazların İranda, İraqda, Misirdə,
İndoneziyada və Türkiyədə də keçirildiyi bildirilir.

 Al-İslam saytı dağıntıya məruz qalmış bir sıra
abidələrin siyahısını da verir. Bunların arasında Ciddədə Həvvanın məzarı, Mədinədə
Peyğəmbərin atasının məzarı, Səyyidə Fatimənin, Mədinədə Beytül-Əhzan – “qüssələr
evi” kimi tanınan məqbərəsi, Mədinədə Peyğəmbərin hicrətdə yaşadığı ev və başqa
abidələr var.

 Beləliklə, müsəlmanlar müqəddəs yerlərdəki
abidələrin dasğıdılmasına etiraz ediblər, sadəcə olaraq informasiya vasitələri
indiki miqyasında olmayıb.

İndi isə qorxu üstün gəlir

“The
İndepent” qəzetinin müxbiri yazır ki, Səudiyyə Krallığının özündə çox az
adamlar rəsmi siyasəti tənqid etmək kimi riskin altına girirlər. Onun fikrincə,
yalnız iki ölkə, İran və Türkiyə yeri gələndə sözlərini deyə bilirlər. “Bu mədəniyyət
vandalizminin əleyhinə çıxmaq üçün heç kəsdə cəsarət yoxdur, – deyir İslami İrs
Tədqiqatları Fondunun icraçı direktoru professor Irfan al-Alawi, – Biz artıq
400-500 tarixi abidəni itirmişik”.

 Regionun İslam memarlığı üzrə tanınmış
eksperti Sami Angawi deyir ki, hazırda baş verənlər Məkkənin təbiəti və Allah
evinin müqəddəsliyi ilə tam ziddiyyət təşkil edir.

 O, Reuters agenlyinə veridiyi müsahibədə
bildirir ki, “göydələnlər Məkkə və Mədinəni tarixi baxımdan artıq bitiriblər”.

 Doktor İrfan al-Alawi-nin isə başlıca
narahatlığı müqəddəs Kəbənin yerləşdiyi Böyük Məsçidin genişləndirilməsi üçün nəzərdə
tutulan az qala 1 milyard dollarlıq inkişaf planıdır.

 Tikinti rəsmən oktyabr ayında başlanıb və ölkənin
ədliyyə naziri Mohammed al-Eissa təntənəli şəkildə vəd edib ki, “bu məsum yerin
şərəf və müqəddəsliyinə toxunulmayacaq”.

 400 min kvadrat metrlik sahəsi olan yeni
tikili əlavə olaraq ildə 1 milyon 200 min zəvvarın yerləşməsinə şərait
yaradacaq və Böyük Məsçidi doğrudan da dünyanın ən boyük dini binasına çevirəcək.

 Hesablamalara görə hazırda Məkkəyə ildə 12
milyon zəvvar gəlirsə, 2025-ci ilədək bu rəqəmin 17 milyona çatacağı gözlənilir.

 Lakin İslami İrs Fondu bu tikintinin, Osmanlı
və Abbasi sektorları da daxil olmaqla, təhlükə altına ala biləcəyi abidələrin
siyahısını təqdim edib.

 Bu abidələrin arasında Məhəmməd Peyğəmbərin
doğulduğu və əmisi Həmzənin böyüyüb başa çatdığı ev də var.

Zəmzəmdən zəmzəmə

Zəvvarlar
Kəbənin ətrafında dövrə vurarkən başlarını qaldıranda buludsuz səmanı yox, 600
metr hündürlüyü olan Məkkə Kral Saat Bürcünü görürlər, – yazır Jerome Taylor.
Burada başqa maraqlı bir göydələn də var. “Zəmzəm” adlı dəbdəbəli göydələni əsası
Osama bin Ladenin atası tərəfindən qoyulmuş Bin Ladin tikinti şirkəti ucaldıb.
Maraqlıdır ki, 1803-cü ildə vəhabilər məşhur Zəm-zəm bulağının üstündəki gümbəzi
də dağıtmışdılar. Burada tikiləcək 5 ulduzlu otellər daha imkanlı zəvvarların
ixtiyarına veriləcək.

“The
İndependent” yazır ki, bu göydələnlər şəhərini salmaq üçün hakimiyyət bütöv bir
dağı və

Osmanlı
zəmanəsindən qalmış Əcyəd qalasını dağıdıb.Böyük Məsçidin Osmanlı sütünlarının
da sökülməsi planlaşdırılıb. “The İndependent” yazır ki, vəhabilərin xoşuna gəlməyən
bu sütunların üzərində Peyğəmbərin silahdaşlarının adlarının həkk olunmasıdır.
Doktor Alawi ümid edir ki, beynəlxalq ictimaiyyət, nəhayət qəflət yuxusundan
ayılıb İslamın beşiyinin dağıdılmasına etiraz edəcək. O deyir ki, Misir
ehramlarını dağıtmağa kiminsə cəsarəti çatmaz, lakin İslam tarixinin beləcə
silinməsinə göz yumulur.

 “The İndependent” qəzetinin yazdıqlarına rəğmən
dünya müsəlmanları bu məsələyş iganə deyillər və onu internet forumlarında
qızğın müzakirə edirlər.

 Bu mövzuda yazılan şərhlərdən birində deyilir:
“Vəhabilər türbələri, pirləri və başqa yerləri günah hesab edirlər, lakin Səudiyyə
krallarının milyonlarla dollar hesabına mühafizə olunan məzarlarının adını çəkmirlər”.
(avrasiya.net)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4683

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031