Tayyib Ərdoğan "Camaat"ı Bakıda vurur
01.03.2014 - 10:33
Tayyib Ərdoğan “Camaat”ı Bakıda vurur
AKP ilə nurçuların savaş coğrafiyası böyüyür; Azərbaycanda “Camaat”a qarşı sosial şəbəkədə və mətbuatda yazıların sayı kəskin artıb; ortada şok iddialar var
Son günlər sosial şəbəkələrdə və Azərbaycan mediasında “Camaat” adı ilə bilinən türkiyəli ruhani Fətullah Gülən hocaəfəndinin tərəfdarlarına qarşı dərc olunan yazıların sayı və intensivliyi artıb. Bəzi müşahidəçilər bu faktı Türkiyənin baş naziri Tayyib Ərdoğanın “Camaat”a qarşı başlatdığı savaşın coğrafiyasını böyütməsi ilə əlaqələndirilər. Hər hansı bir yolla Azərbaycan mətbuatına yol tapan, o cümlədən də rəsmi Bakıya təzyiq vasitəsi əldə edən Türkiyə iqtidarı “Camaat”ı Bakıda vurur. İddia olunur ki, sayt və qəzetlərin istinad etdikləri Facebook statusu və digər eventlər də hər hansı bir şəkildə Türkiyənin indiki iqtidarına xidmət edən texnoloqlara bağlıdır. Lakin bunu təsdiq edəcək faktımız yoxdur.
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə Azərbaycanla bağlı ciddi məqamlar var. O qədər ciddi ki, qəzet olaraq onların üzərindən keçmək mümkün deyil. Ayrıca, “Yeni Müsavat”ın elektron ünvanına Azərbaycandakı “nurçular” – “Gülən Hərəkatı” ilə bağlı çoxsaylı materiallar daxil olmaqdadır. Onların əksəriyyəti isə qaba yazılmış, təhqir elementləri olan materiallardır.
Lakin Facebok sosal şəbəkəsində “İnci Azeri” bir profil var. Onu diqqətə almağa dəyər. Ötən sayımızda “Yeni Müsavat” qəzeti də o profilə istinadən bir material yaymışdı. Oxuma rekordları qıran həmin məqalədə iddia olunurdu ki, “nurçular ” Azərbaycan hakimiyyətində də kifayət qədər təmsil olunurlar. “İnci Azeri” iddia edir ki, Türkiyədən qovulan “Todays Zaman” qəzetinin müxbiri Mahir Zeynalovun Türkiyədə akkreditasiya olunması göstərişi Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovdan gəlib. Qaynağın sözlərinə görə, Mahir Zeynalovun Türkiyədə akkreditasiya almasına görə Elnur Aslanov XİN-in sözçüsü olan yaxın qohumu Elman Abdullayevə, Elman Abdullayev isə öz sırasından Azərbaycanın Türkiyədəki səfirliyinə və İstanbuldakı Baş Konsulluğuna təzyiq göstərib.
“İnci Azəri” onu da bildirirdi ki, Elnur Aslanov və Elman Abdullayevlə yanaşı ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, onun müavini Gündüz İsmayılov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Ceyhun Osmanlı, Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, Gənclər Fondunun sədri Fərhad Hacıyev də “nurçu” düşərgədədir.
Fevralın son günündə “İnci Azəri” Azərbaycandakı “nurçu” şəbəkəsi haqqında daha iki status paylaşıb. Mövzunun aktuallığını və yetərincə maraqla qarşılandığını nəzərə alaraq statusları oxucularla paylaşmağı gərəkli saydıq. Çünki oradakı məlumatlar qəzetimizi məhkəmə ilə təhdid edən SAM rəhbəri Fərhad Məmmədova bir növ cavab xarakterlidir:
I STATUS : “APA-ya açıqlama verən SAM rəhbəri Fərhad Məmmədov hakimiyyətə sevgisindən, ona xidmətdən gen-bol danışıb, materialı müzakirəyə çıxaranları isə məhkəmə ilə hədələyib. Bütün bunların əvəzində o, “nurçular”la əlaqələrinin olub-olmadığına aydınlıq gətirsəydi, daha düzgün olardı. Biz Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyindəki mənbəmizdən belə bir məlumat aldıq ki, Azərbaycanın İstanbuldakı baş konsolu Həsən Zeynalov “Todeys Zaman” Qəzetində çalışan azərbaycanlı jurnalistlər, onların “nurçular”la əlaqələri, həmin jurnalistlərin akkreditasiyasının təşkili, SAM-ın bu işdə rolu barədə Azərbaycan XİN-ə, Prezident Administrasiyasına və digər dövlət orqanlarına məktub yazıb.
Ancaq heç bir cavab ala bilməyib. Fərhad Məmmədov ona aydınlıq gətirsin ki, bu işdə rolu olub, yoxsa yox. Onun işçisi Zaur Şiriyev İstanbuldakı Azərbaycan Baş Konsulluğuna təzyiq göstərib, yoxsa göstərməyib? Desin görək Elnur Aslanovun “kiryuxası” Elman Abdullayev nəyə görə bu məktubu uzun müddət üzə çıxarmayıb, bu sənədlə bağlı ona verilən göstərişləri icra etməyib, onu aidiyyəti orqanlara göndərməyib?
Türkiyə hökuməti Həsən Zeynalovu narahat edən məsələ ilə bağlı Azərbaycan hakimiyyətinə müraciət edib, yoxsa etməyib? … O ki qaldı hakimiyyətə sədaqətli xidmət məsələsinə məsləhət görərdik ki, Fərhad müəllim keçmişini unutmasın.
Yoxsa AMİP sədri Etibar Məmmədovun köməkçisi və partiyanın gənclər təşkilatının sədri olan dövrdə dediklərini çap edib yaddaşını təzələmək məcburiyyətində qalacağıq”.
II STATUS: “2011-ci ildə Wikileaks saytında dərc olunmuş
materiallardan birində Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun “nurçular”la əlaqəsindən bəhs edilmişdi.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili olan Donald Lu Dövlət Departamentinə məktubunda yazmışdı ki, Elnur Aslanov “nurçular” dini təriqətinin lideri Fətullah Gülənə bağlılığı ilə tanınan “Çağ Öyrətim” təhsil şəbəkəsinin rəhbərləri ilə yaxındır. Donald Lu hesab edirdi ki, hökumət üzvlərinin övladlarının “Çağ Öyrətim” məktəblərində təhsil alması gülənçilərin Azərbaycan hakimiyyəti ilə münasibətlərinin yaxınlaşmasında mühüm amillərdən biri hesab olunur. Gülənçilərlə sıx münasibətlərdə olan rəsmilər arasında daha çox Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun adı hallanır. Onun gülənçilərlə tez-tez görüşdüyü və sıx əməkdaşlıq etdiyi söylənir”.
“İnci Azeri” digər statusunda iddia edir ki, 2013-cu ildə Bakıda dəftərxana və məktəb ləvazimatlarının satışı ilə məşğul olan Türkiyənin “Nil” mağazalar şəbəkəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən qlobuslar satılıb. Orada Dağlıq Qarabağ Ermənistanın ərazisi kimi göstərilib. “İnci Azeri” iddia edir ki, həmin mağaza da “nurçular”ın kontrolundadır. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=4685