Rəsul Quliyevin "get" çağırışı özünə qarşı çevrildi
02.03.2014 - 11:20
Rəsul Quliyevin “get” çağırışı özünə qarşı çevrildi
Eks-spikerin müxalifət liderlərinə ittihamları özünə qarşı çevrildi
Eks-spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev Azərbaycan müxalifətini yenidən ittiham edib. O, ölkənin müxalifət partiyaları liderlərinin postlarını tərk etməyin vaxtı çatdığını bildirib. Səbəb kimi isə çox vaxt onların düzgün iş görə bilməməsini göstərib.
R.Quliyev Müsavat Partiyasını daha çox hədəfə alıb. Belə ki, o, Müsavatı “gah bolşeviklərə, gah millətçilərə, gah federalistlərə, gah da sosial demokratlara qoşulan” mövqesiz partiya adlandırıb.
Onun ittihamlarına və çağırışına bəzi partiyalardan münasibət bildirilib.
Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib ki, R.Quliyevin müxalifət və müxalifətçliklə bağlı hər hansı fikirinə ciddi əhəmiyyət vermək lazım deyil. Çünki o, müxalif siyasətçi kimi artıq çoxdan unudulub. Xeyli vaxtdır onun mövqeyi hakimiyyət təmsilçilərinin mövqeyi ilə üst-üstə düşür: “Müsavat Partiyasını, müxalifəti YAP təmsilçiləri də hədəfə alır, müxalifətçiləri siyasətdən getməyə çağırır, Rəsul Quliyev də eyni ittihamları və çağırışı edir. Bu adam hər cür cəfəng, məntiqsiz iddialar, fikirlər səsləndirməkdən çəkinmir. Hər cür məntiqsizliyə, şouya əl atır ki, adı yaddan çıxmasın. Rəsul Quliyev artıq özü haqqında qeyri-ciddi adam imicini də formalaşdırır. Görün, bu adam nə qədər qeyri-ciddiliyə yuvarlanıb ki, Müsavat Partiyası kimi partiyanın tarixinə belə ləkə yaxmaqdan çəkinmir”.
T.Abbaslının sözlərinə görə, R.Quliyev özünün indiyə qədər yaratdığı cılız təşkilatlarla Müsavat Partiyasının fərqini anlamır: “Əgər Rəsul Quliyev həqiqətən də qərəzli deyilsə və demokratiyaya azacıq sayğısı qalıbsa, məntiqlə hakimiyyəti Müsavatın qurultayına yer ayırmadığı üçün tənqid etməli idi. Ancaq Rəsul Quliyev tərsini edir, hakimiyyətə dolayısı ilə haqq qazandırır, Müsavata isə böhtan atır. Rəsul Quliyev deyəsən unudur ki, Müsavat Partiyası onun indiyə qədər yaratdığı cılız təşkilatlarından fərqli olaraq böyük təşkilatdır, Rəsul Quliyevin yaratdığı təşkilatlar kimi çayxanada, kiçik otaqlarda “qurultay” keçirəcək partiya deyil”.
ADP sədri Sərdar Cəlaloğlu isə modern.az-a açıqlamasına deyib ki, hansısa müxalifət lideri R.Quliyevin təklifi ilə siyasəti tərk etmək niyyətində deyil: “Şəxsən mən onun təklifi ilə ADP-yə gəlməmişəm ki, indi də onun tələbləri ilə ordan gedim. Biz xalq hərəkatında iştirak edəndə Rəsul Quliyev hələ zavod direktoru idi. Ömrümün sonuna qədər sədrlikdə olmasa da, siyasətdə qalmağı düşünürəm”.
ADP rəhbərinin sözlərinə görə, birinci növbədə R.Quliyev özü siyasətdən getməlidir. “Çünki o siyasətdə iştirak edə bilmir. Özü siyasətdən getməklə bağlı ortalığa bir nümunə qoysun. Ondan sonra digər müxalifət liderlərini də siyasətdən ayrılmağa dəvət eləsin. Rəsul Quliyev özü Azərbaycan siyasətinə ziyan vura-vura başqalarını ittiham edir. Ölkədə repressiv bir şəraitdə pis-yaxşı mübarizə aparan insanları tənqid edir. Elə ölkələr var ki, orda eyni qüvvələr 40-50 ildir müxalifətdədir və iqtidarı istefa göndərə bilməyib. Nelson Mandela 40 il müxalifətdə qaldı və onun 20 ilindən çoxunu həbsxanalarda keçirdi. İran inqilabının rəhbəri Xomeyni uzun illər mühacirətdə yaşadı və sonradan hakimiyyətə gəldi. Rəsul Quliyev bilmir ki, uzun müddət müxalifətdə qalmaq müxalifətdən getməyin şərti deyil. Ukrayna müxalifətinə xaric milyardlarla dollar ayırıb və onlara siyasi, mənəvi dəstək verib. Amma Azərbaycan müxalifətinə xalqdan, xaricdən heç bir maddi, mənəvi yardım yoxdur. Kiçik resurslarla Azərbaycan müxalifəti nəsə edə bilirsə, o zaman ən böyük təriflərə layiqdir, nəinki istefaya. Rəsul Quliyev öz fikirlərində haqsızdır. Çünki Azərbaycan reallıqlarını nəzərə almır”.
S.Cəlaloğlunun fikrincə, R.Quliyev Azərbaycanda olmadığına görə ölkədə müxalifətin nə olduğunu aydınlaşdıra bilmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=4700