Kəmaləddin Heydərovun Göygöl səfərinin gizlini
Göygöldəki dəbdəbəli villa kimə məxsusdur?
Göygöldəki dəbdəbəli villa kimə məxsusdur?
Məlum
olduğu kimi ötən həftənin cümə günü Quba mədəniyyət evində fövqəladə hallar naziri
Kəmaləddin Heydərov vətəndaşları qəbul edərkən jurnalistlər tədbirə
buraxılmayıblar. Şimal bölgəsində yaşayan vətəndaşların problemlərinin çözülməsini
hədəfləyən qəbulda tədbir təşkilatçıları teleçəkiliş qruplarından kameraların
söndürülməsini tələb ediblər. Azadlıq Radiosunun bölgə müxbiri Cəmil Məmmədli
jurnalistlərin qəbul otağına buraxılmadığını xəbər verir: “Bizi başqa bir otağa
salıb qapıını arxadan bağladılar. Etirazımızı bildirsək də, iki saata yaxın həmin
otaqda qaldıq. Deyirdilər ki, sizi nazir getməmiş buraxmayacağıq. Səs-küy
salandan sonra qapını açdılar. Bir neçə dəfə kameranı yandırıb olub-bitəni çəkmək
istədim, amma hər dəfə tədbirin təşkilatçıları kameranı əlimdən aldılar. Bizi
binadan uzaqlaşdırdılar və bildirdilər ki, nazirin istəyi ilə tədbiri yalnız
İctimai TV çəkir”.
Tədbiri
işıqlandırmaq üçün Qubaya getmiş “Doğru TV”nin əməkdaşı Dəyanət Azərsoy da
Azadlıq Radiosunun tədbir təşkilatçıları tərəfindən təzyiqlərə məruz qaldığını,
iki saata yaxın bağlı qapı arxasında saxlanıldığını bildirib. FHN şefinin bölgə
səfərləri ilə bağlı araşdırmalarımız zamanı başqa bir maraqlı faktla
rastlaşdıq. “Yanvarın 31-də Azərbaycan
Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov
Göygöl şəhərində Gəncə şəhərinin, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy,
Daşkəsən və Samux rayonlarının sakinlərinin qəbulunu keçirmişdir. Fövqəladə
hallar naziri tərəfindən qəbul edilən 32 vətəndaşın müraciətlərinin bir çoxu
yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal
zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə
tapşırıqlar verilmişdir”. Bu məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi
internet səhifəsində yerləşdirilmiş məlumatdan götürülüb.
FHN
rəhbərinin yerli sakinlərlə keçirilən növbəti görüşü, görüşdə insanları narahat
edən məsələlər və onların həlli istiqamətində görülən işləri bir kənara qoyub
diqqətinizi başqa bir məsələyə cəlb etmək istəyirik. Ən azından ona görə ki,
Göygöldə (keçmiş Xanlar rayonu- red.) keçirilən görüş də Kəmaləddin Heydərovun
bundan öncə Salyanda və İmişlidə keçirdiyi nəticəsiz görüşlərindən heç nə ilə fərqlənmədiyinin
fərqindəyik. Çünki ötən görüşlərdə olduğu kimi bu dəfə ki görüş də formal
keçirilib. Amma Kəmaləddin Heydərovun Göygöl səfəri ilə bağlı etibarlı mənbədən
“Yeni Cumhuriyyət”ə başqa ilginc məlumat daxil olub. Əldə etdiyimiz məlumata
görə əslində FHN şefinin adı çəkilən rayona səfəri heç də əhali ilə görüşmək və
onların problemlərini həlli ilə bağlı olmayıb. Ən yaxşı halda bu səfər yerli
sakinlərlə görüş keçirmək adına “quş
qoymaq” məqsədi daşıyıb.
Mənbəmizin
verdiyi məlumata görə yerli sakinlərlə formal görüşünü tələm- tələsik
yekunlaşdıran Kəmaləddin Heydərov gözəl təbiəti, əla mənzərəsi olan Göygöldə qurub
yaratdığı obyektlərinə, ticarət və istirahət mərkəzlərinə baş çəkib. Bu obyektlər
içində onun Göygöl rayonunun mərkəzindən 17 km aralıda yerləşən, gözəl təbiəti olan, dəniz
səviyyəsindən yüksəklikdə yerləşən Zod qəsəbəsində oğlu Taleh Heydərov üçün müasir
Avropa standartlarına uyğun tikdirdiyi villa- iqamətgahın xüsusi yeri var.
Xatırladaq ki, bu iqamətgahın sahəsi 2400 kvadratmetr olmaqla bir neçə ildir
ki, tikilir. Tikintini həyata keçirən məsul şəxslərdən birinin “Yeni Cumhuriyyət”ə
verdiyi məlumata görə binanın 2 mərtəbəsi yerin alt qatında, 3 mərtəbə isə
yerin üst qatında yerləşir. İqamətgahın bir neçə hektar ərazisi, yataq, qonaq,
iş və ayrıca qəbul otaqları, eləcə də saunası var. Güclü mühafizə olunan
tikilinin həyatında müxtəlif bəzək bitkiləri və həyətində təyyarə meydançası
var. Göygöldən iqamətgaha olan 17
km yola asfalt örtük döşənib. Dağların qoynunda meşə ərazisində
yerləşən iqamətgah xüsusi layihə əsasında hazırlanıb və böyük həcmdə vəsait
hesabına başa gəlib. Tikinti xüsusi qrup tərəfindən həyata keçirilib və bir neçə
ilə başa gəlib.
Verilən
məlumata görə Kəmaləddin Heydərov oğulu Taleh üçün tikdirdiyi bu iqamətgaha
ayrılan vəsait dövlət büdcəsindən nəzərdə tutulan ayrı bir dövlət proqramı
hesabından istifadə edilib. Bununla bağlı apardığımız araşdırmalar da ortaya
ilginc faktlar çıxartdı.
“Yeni
Cumhuriyyət”in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə Qax- Zaqatala zəlzəsinin
nəticəsini aradan qaldırmaq üçün dövlət büdcəsindən ayrılan pulların böyük bir
hissəsi mənimsənilib və bu vəsait bir neçə istiqamətdə xərclənib. Bu vəsaitlər
təkcə şəxsi istək və arzuların reallaşmasına, problemlərin həllinə deyil, digər
məqsədlər üçün də istifadə olunur. Çox maraqlıdır ki, bu vəsaitlərin xərclənmə
coğrafiyası bəzən FHN- ni aşaraq digər yüksək vəzifəli şəxslərin maraq dairəsinə,
bəzən isə siyası məqsədlərə xidmət edir. Əldə etdiyimiz bilgilərə görə həmin
pulların (oxu milyonların- red.) bir hissəsi FHN- nin rəhbərliyində təmsil
olunan şəxslərin, onların yaxın ətrafının, qohumlarının ailə və biznez maraqlarının
təmin olunmasına srəf olunur. Vəsaitlərin digər hissəsi isə daha yuxarı
oqranlara göndərilir. Mənbəmizin verdiyi məlumata görə fəlakətə ayrılan
pullarla orda çalışmalı olan şirkətlər Xızıda Prezident Administrasiyaında işləyən
yüksək vəzifəli şəxslərə, onların yaxın qohum- əqrabasına və digərləri üçün
müasir tələblərə cavab verən yaraşıqlı, böyük iqamətgahlar tikiblər. Yuxarıda
haqqında bəhs Göygöldəki villa da “Azəri Trans” şirkəti tərəfindən inşa olunub.
Əldə etdiyimiz digər bilgiyə görə Qax- Zaqatala zəlzələsinin əsas ilhamverici və
pay sahibi olan şirkətlərindən biri olan “Azəri Trans” şirkəti Zirə qəsəbəsində
Heydər Əliyev Fondunun adı ilə bu yaxınlarda orta məktəb tikib istifadəyə
verib. Dövlət başçısının da açılışında iştirak etdiyi 280 yerlik bu məktəbin
tikintisinə “Azəri Trans” şirkəti nə az, nə çox Zaqatala zəlzələsi üçün ayrılan
vəsaitdən 9, 5 milyon manat vəsait xərcləyib. İşi həyata keçirən bütün işçilərə
də bərk- bərk tapşırılıb ki, bu məktəbin FHN adından inşa olunmasına dair heç yerdə
bir kəlmə də olsun danışmayın. Soruşan olsa deyin ki, məktəbi Mehriban xanımın
təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tikilib.
Başqa
misallar; FHN rəhbərliyi ilə qohumluq əlaqəsində olan Ağdaş RİH başçısının xətti
ilə sözü gedən rayonda 7 mərtəbəli 5 ulduzlu Olimpiya oteli, Yanğınsöndürmə Məntəqəsinin
inşa olunmasını, rayonun asfalt örtüyünün dəyişdirilməsini, Lənkəran şəhərində
tikilən, təməl qoyma mərasimində Prezidentin iştirak etdiyi 7 ədəd 7 mərtəbəli
5 ulduzlu otel komleks və digər bir sıra sosial yönümlü işləri də “Azər Trans”
MMC həyata keçirilib və bunun üçün “zəlzələ qaçqınları” üçün ayrılan vəsaitdən
milyonlarla manat vəsait xərclənib.
Əldə
etdiyimiz məlumata görə Göy- gölə səfəri çərçivəsində Kəmaləddin Heydərov Zodda
oğlu Taleh Heydərov üçün tikdirdiyi sözü gedən iqamətgaha baş çəkib, ordakı
tamamlama işləri ilə tanış olub. Buna deyərlər “həm ziyarət, həm də ticarət”.
Amma deyəsən FHN şefinin Göy- gölə səfəri daha çox yerli sakinləri ziyarət edib
onların problemlərini dinləyib həll etmək yox, dövlət büdcəsi hesabına
tikdirdiyi obyektlərinə, istirahət mərkəzlərinə, iqamətgahlarına baş çəkmək məqsədi
daşıyıb. Yüksək vəzifəli dövlət məmurunun bu hərəkəti son zamanlar nazirlərin
regionlarda yerli sakinlərlə keçirdikləri görüşlərin formal xarakter daşıması
ilə yanaşı onların bu görüşlərdən və səfərlərdən də öz məqsədləri üçün istifadə
etdiklərini bir daha təsdiqləyir.
Elçin Əmirov
Short URL: http://www.cumhuriyyet.net/?p=4703