Hakimiyyətin gələcək nəslə problem yaradacaq borcu

02.03.2014 - 12:39

Hakimiyyətin gələcək nəslə problem yaradacaq borcu

Məhəmməd Talıblı: “Artan xarici borcla azalacaq neft gəlirləri arasında nisbəti nəzərə almaq lazımdır”
“Xarici borcun bu səviyyədə olmasına şübhələrim var”
1 yanvar 2014-cü il tarixinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4 milyard 753,2 milyon manat, onun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 8,2% təşkil edib. Bu barədə Bakupost.az-a Maliyyə Nazirliyindən məlumat verilib. Nazirlikdə bildirirlər ki, bu nisbət Türkiyədə 36%, Rusiyada 14,1%, Gürcüstanda 32,9%, Macarıstanda 79.8%, Slovakiyada 34,3%, Çexiyada 40,2%-dir. Kredit vəsaitlərinin 8.1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
Əsasən, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya Inkişaf Bankı, Islam Inkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahələrə sərf edilib. Dövlət Statistika Komitəsinin bu ilin əvvəlinə olan məlumatına görə, Azərbaycanda əhalinin sayı 9477,1 min nəfər təşkil edib. Beləliklə, ölkədə hər vətəndaşa orta hesabla 501,55 manat və yaxud təxminən 640 ABŞ dolları xarici dövlət borcu düşür.
Iqtisadi Təhlil Institutunun rəhbəri Məhəmməd Talıblı Maliyyə Nazirliyinin bu açıqlamasına xeyli tərəddüdlə yanaşdığını deyir. Çünki buna yanaşmada bir neçə təhlil üçün amilləri nəzərə almaq lazımdır: “Fikrimcə, yuxarıda illər üzrə xarici borcların ÜDM-də xüsusi çəkisinin azalması onun faktik azalması anlamına gəlməməlidir. Əslində bu, xarici borcun məbləğ olaraq artması və hədsiz böyüməsi anlamına gəlir. Bu təkcə ölkə içində illər üzrə təhlildən çıxan nəticə deyil. Belə ki, qonşularımız olan Ermənistan və Gürcüstanla ölkəmizin xarici borcunun müqayisəsinin maraqlı nəticələri bu haqda düşünməyə imkan yaradır. Məlumat üçün bildirim ki, 2012-ci ildə Ermənistan xarici borcu ötən il üçün 4,3 milyard dollar təşkil edirdi. Bəzi mənbələr isə bunu 5,2 milyard dollar səviyyəsində qiymətləndirir. Əsas kreditorları kimi Dünya Bankı və Rusiya çıxış edir. Gürcüstanın isə xarici borcu 2011-ci ilin ortasına 4,206 milyard dollar səviyyəsində olub. Azərbaycanın isə 2011-ci ilin əvvəllərinin statistikasına görə, xarici borcu 4 512,6 milyon ABŞ dolları olmuşdur. 2012-ci ildə büdcədən maliyyələşəcək investisiya layihələrini də (1,47 milyard manat) əlavə etsək, borcun həcminin artmasını görərik”.
Ekspertin sözlərinə görə, Milli Büdcə Qrupunun hesablamalarına əsasən, 2012-ci ilin sonuna xarici borcumuzun səviyyəsi 6,5 milyard ABŞ dolları idi. Bu isə xarici borcun ÜDM-də xüsusi çəkisinin 12% olduğu demək idi. Heç bir təbii resursu olmayan Ermənistan və Gürcüstanın xarici borcu resurs üstünlüyü olan Azərbaycanın xarici borcundan xeyli azdır. Bu isə o deməkdir ki, 2013-cü ildə dünyaya gələcək hər bir körpəmiz xarici ölkəyə 720 dollar borcla doğulurdu. 1 yanvar 2014-cü il tarixinə olan məlumata görə, dövlətimizin xarici borcunun adambaşına düşən məbləği 640 dollardır. Amma ötən ilin sonuna imzalanmış kredit sazişlərini də nəzərə alanda məlum olur ki, ilin sonuna hər bir vətəndaşımızın borcu məhz adambaşına 720 dollar təşkil edirmiş: “Maraqlı gələn o oldu ki, imzalanmış xarici borc sazişlərinin aydan-aya artdığı bir mərhələdə necə oldu ki, 1 ildə xarici borcumuz artmaq əvəzinə azaldı? Açığı, bu, məndə xeyli şübhələr yaratdı. Digər tərəfdən, buna standart olaraq xarici borcun ÜDM-ə nisbətini deyil, xarici borcun qeyri-neft ÜDM-də nisbətinə xüsusi diqqət yetirməyi də zəruri hesab edirəm. Çünki neft sektorundan daxilolmalar bizim idarəetmə siyasətimizin nəticəsi deyil. Bunu daha çox Tanrının bizə verdiyi və iradəmizdən kənar faktor adlandırmağın tərəfdarıyam. Yəni kimliyindən asılı olmayaraq həmin neft çıxarılaraq satılmalıdır. O baxımdan neft sektorundakı hasilat hesabına ÜDM-in böyüməsi ölkə iqtisadiyyatının istehsalçı yönümünün genişlənməsi və qeyri-neft sektorundakı dinamizmin göstəricisi deyil”.
Ekspertin bildirdiyinə görə, qeyri-neft ÜDM-də xarici borcun qiymətləndirilməsi standart baxımından qənaətbəxş qəbul olunmasa da, nəzəri və perspektiv situasiyanı qiymətləndirmək baxımından vacibdir: “Xarici borcun qeyri-neft ÜDM-ə nisbətini götürdükdə, məlum olur ki, 20 faizdən artıqdır. Ümumiyyətlə, xarici borcu bir tərəfdən artırmaq digər tərəfdən isə neft gəlirlərinin sürətlə xərclənməsi paradoksunu aradan qaldırmaq lazımdır. Çünki xarici borc daha çox gələcək nəsillərin öhdəliyidir. Yeri gəlmişkən, bağlanmış sazişlərin 43 faizi 10 ildən başlayaq 20 il ərzində qaytarılacaq. Bu isə 2020-ci ildən sonrakı dövrə təsadüf edir”.
(azadlıq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4704

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031