Siyasi məhbus ailəsi
02.03.2014 - 12:45
Babək Ədalətlinin ətrafında baş verənlərin səbəbi nədir?
Sülh və Demokratiya Institutunun Azərbaycandakı siyasi məhbuslarla bağlı tərtib etdiyi siyahıda bir ad var: Ədalətli Babək Bəxtiyar oğlu. Təşkilatın rəyinə görə, Babək Ədalətli siyasi motivlərlə girov kimi həbs olunanlardandır. Hazırda Babək Ədalətlinin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam edir.
1952-ci il təvəllüdlü Babək Ədalətli həkimdir, eyni zamanda, o, Şah Ismayıl Partiyasının sədridir.
Ədalətli Babək 2013-cü ilin mayında həbs olunub. Ona qarşı külli miqdarda narkotik saxlama ittihamı irəli sürülüb.
Babək Ədalətlinin oğlu Emil Ədalətli də atasının şərlənərək həbs edildiyini deyir. Onun sözlərinə görə, atası müxalif fikirlərinin qurbanı olub. O deyir ki, atası həm hakimiyyətə, həm də müxalifətə qarşı tənqidi mövqedə olub.
Oğlu atasının həbs edildikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində (“Bandotdel”) dəhşətli işgəncələrə məruz qalıb.
Indi ailənin probleminin üstünə daha ağır dərd gəlib. Buna görə də Emil Ədalətli fəryad edərək, səlahiyyət sahiblərindən kömək istəyir. Onun sözlərinə görə, atasının xiffətini çəkən qardaşı xəstəlik tapıb və bu səbəbdən xəstəxanaya yerləşdirilib. Qardaşının vəziyyətinin çox ağır olduğunu deyən Emil Ədalətlinin sözlərinə görə, o, aramsız qan qusur, ailələri faktiki ölümə məhkumdur. Belə bir situasiyada o, özünün də həbsinə hazırlıq getdiyini bəyan edir: “Iki nəfər hər gün müxtəlif maşınlarda məni güdür, anonim zəng edirlər ki, səni dəlixanaya saldıracağıq”.
Emil Ədalətli onu da qeyd edir ki, “Bandotdel”in qanunsuzluğundan, özbaşınalığından müxtəlif dövlət orqanlarına şikayət edib. Həmin dövlət orqanları isə şikayəti araşdırılması üçün elə “Bandotdel”ə göndərib.
Emil Ədalətli “Bandotdel”ə çağırılıb. O ehtiyatlanır ki, məsqəd onu idarədə şərləyib həbs etməkdir. Emil Ədalətli isə həm vəkili olmadığından və şərlənərək həbs edilməsindən ehtiyatlandığından idarəyə getmir. O, hüquq müdafiəçilərindən də dəstək istəyir.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4705