Nemət Pənahlının ailəsi Azərbaycanı tərk etməyə hazırlaşır

02.03.2014 - 13:07

Azadlıq Aşiqinin ailəsi məhbəsdə, ailəsi
müstəqil dövlətin əzabkeş vətəndaşları…

Həcər Pənahlı: “Neməti oradan buraxsınlar,
çıxaq,  bu ölkədən, baş götürüb, gedək”

“Deyək ki, Nemət  məhbusdur, həbsdədir, bu, tamamilə başqa
mövzudur. Ancaq onun ailəsi, uşaqları var. Onun uşaqları da cinayətkardır?”

 

Azərbaycan  Milli Dövlətçilik Partiyasının(AMDP) sədri,  Milli Azadlıq Hərəkatının önəmli simalarından
biri Nemət Pənahlı  artıq  dörd ildir ki, həbsdədir. O, 2011-ci ilin
iyun ayında  xuliqanlıq  və bədənə xəsarət yetirmə maddəsi ilə  təqsirli bilinərək,  altı il  müddətinə azadlıqdan məhrum
edilib.  N. Pənahlının xanımı Həcər Pənahlı
ilə həyat yoldaşının hazırkı vəziyyətindən, Nemət bəyin  səhhətindəki problemlərindən və ailələrindəki çətinlikdlərdən danışdıq.

“Günü-gündən vəziyyəti  lap pisləşir”

– Hazırda Nemət bəyin  vəziyyəti necədir?

– Nemət
bildiyiniz kimi, Qobustanda qalır. Orada da ciddi rejimdir. Üç  ayda bir dəfə görüş verirlər.  Oranın şəraiti həddindən artıq pisdir. Özü də
şəkər xəstəsidir. Təsəvvür edin ki,  şəkər  xəstəsi qapalı şəraitdədir. Gündə bir dəfə,  bir saatlıq havaya çıxarırlar, ona da
heç  hava demək olmaz. Dörd tərəfi bağlı,
üstü dəmir barmaqlıqla örtülü bir yerdir. Yalnız dəmir barmaqlıqların arasından
bir az hava gəlir, vəssalam. Səhhəti ilə bağlı çox ciddi problemlər yaşayır.
Qobustan qapalı rejimdir, belə rejimdə şəkər xəstəsi heç cür qalmamalıdır. Həm
hərəkətsizlik, həm də havasızlıq. Axırıncı dəfə iki günlük onun yanında qalmağa getmişdim. Onda tam olaraq dərk edə  bildim ki, onun vəziyyəti nə qədər ağırdır. Şəkərlə
bağlı olaraq bütün əsəbləri pozulub. Oradakı şərait də elədir ki, günü-gündən vəziyyəti  lap pisləşir. Yaxşılığa doğru heç bir şey
yoxdur.

– Siz Nemətin bəyin başqa bir təcridxanaya
köçürülməsi üçün müraciət etmişdiniz. Son olaraq, nə cavab aldınız?

– Bəli,  müraciət etmişdim ki, onu başqa bir yerə
köçürsünlər. Amma heç bir nəticə olmadı. Şəkər xəstələrində əsas əsəb roblem
olur. Onlar hələ müalicə oluna-oluna əsəbi olurlar. O da olsun ki, o havasız, hərəkətsiz,
psixoloji gərin bir vəziyyətdə saxlanılan adam. Buna görə, hətta,  xahiş etmişdim
ki, heç olmasa, ona televizor versinlər. Çünki orada televizor da
qadağandır.  Bu müraciətimə də cavab verən
olmadı. Müraciətlərin heç birinə nə baxan var, nə reaksiya verən.

“Orada onun ömrünü tükətməklə məşğuldurlar”

– Konkret olaraq hansı qurumlara  müraciət etmişdiniz?

– Vallah, mən
həmişə hansısa bir quruma,  rəsmi
orqanlara müraciət edəndə, cavab ala bilməmişəm deyə, müraciətimi mətbuat  vasitəsi ilə etdim. Pentensiar Xidmətə müraciət
etdim.  Konkret məktubla yox, mətbuat
vasitəsi ilə müraciət etdim. Mətbuat nümayəndələri də aidiyyatı orqanlarla əlaqə
saxladılar. Mehman Sadıqov (Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri. Red.) bildirdi ki,  o həbsxanada
yalnız ömürlük məhkumlara televizor verilir. Nemət də ömürlük həbsdə deyil deyə,
ona televizor verilməsi qadağandır. Deyirlər ki, Nemət ömürlük həbsdə deyil. Amma onun saxlandığı şəraitə baxanda, görürsən ki, elə demək olar,  orada onun ömrünü tükətməklə məşğuldurlar.

– Həbsxanada Nemət bəyin səhhəti mütəmadi
olaraq həkim tərəfindən yoxlanılırmı?


Bilirsiniz, mənim özümün  də səhhətimdə
çox ciddi problemlərim var. Bu dəqiqə özüm böyrəyimdə ciddi problem olduğu üçün
əməliyyat olunmalıyam.  Sadəcə olaraq,
indi Nemətin durumuna görə qalmışam. Xəstəliyimlə bağlı da yüksək təzyiqim
var.  Mən hələ dustaq deyiləm.  Nemətin yanında qalmağa gedəndə, orada kriz
keçirdim. Təzyiqim qalxdı. Təsəvvür edin, biz səhər tezdən  ora həkim çağırdıq, axşam yatmaq vaxtı həkimi tapıb, gətirdilər.  Ümumiyyətlə, ora elə bir şəraitdir ki,  guya orda həkim gəlib Nemətə nə edəcək? Çünki
mühit, şərait  elədir ki, orada onu
müalicə etsələr belə, bunun heç bir xeyri olmayacaq.  Üstəlik, həkim ona nə edə bilər ki? Bu adam
havada olmalıdır, bayırda olmalıdır. Daimi həkim nəzarətində olmalıdır. Çünki
onun şəkəri çox yüksəkdir.  Həm də ki, isə
şəkərin bircə  dərmanı var, gündə bir dəfə
onu atmalıdır. Arada  onlardan
dava-dalaşla o dərmanı  ala bilir. Heç
onu da  aparamaq problem deyil.

“Orada qanun çıxır, burada  həmin qanun Nemət Pənahlının ailəsinə şamil
edilmir”

– Nemət bəyin həbsindən sonra ailənizin
hazırkı  vəziyyəti  necədir?

– Evimizdəki
vəziyyətlə bağlı mən deyim, siz təsəvvür edin. 6 nəfər uşaqdır.  Bunların təhsili, hər cür təmin edilməsi var.
Uşaqlarımın dördü oğlandır. İnşallah 18 yaşları tamam olan kimi hökümət
başımızın üstünə kəsdirəcək ki, ver, uşağını əsgər aparım. Ancaq mən bu gün
onları  hansı əziyyətlərlə böyüdürəm, onu
bir Allah bilir. Özü də mənim uşaqlarım elə uşaqdırlar ki, heç onları  əsgərliyə çağırmağa ehtiyac yoxdur.  On yedi yaşı var, indidən əsgərliyə getmək davası edir.  “Ərizə yazım, əsgər gedim” deyir. Yəni, bu
uşaqlar  vətənə lazım olan övladlardır.
Ancaq mən onları elə əziyyətlə, elə şəraitdə böyüdürəm. Bircə şeyi deyim sizə.
Qərar çıxdı ki, beş usağe  olanlara
yardım olunacaq. Mənim beş yox, altı uşağım var.  O yardımı ala bilmək üçün ortaya elə şərtlər
qoyurlar, adam sadəcə dəhşətə gəlir. Necə yəni? Birinin bu qədər yaşı
olmalıdır, birinin bu qədər yaşı olmalıdır. Fakt  bu altı nəfər uşaqdır da, altı nəfər canlı
ortadadır. Yaşın bura nə dəxli var? Yəni, mənim heç bir yandan maddi köməkliyim
yoxdur. Mən bu gün evimi satmaq məcburiyyətindəyəm. Hazırda mən faktiki olaraq,
evimi satmaq haqda düşünürəm. Bu uşaqları öldürəsi deyiləm ki.  Eyni zamanda hətta,  bununla bağlı da neçə dəfə müraciət etmişəm.
Dediyim kimi təcili əməliyyat olunmalıyam. Aparıb Neməti salıblar içəri, mən
necə bu uşaqları evdə qoyub, gedim bıçağın altına düşüm? Mümkün deyil.  Evdəki şərait, ümumiyyətlə, danışılası deyil.
Ümidimiz bircə, Allahadır. Onun ətəyindən yapşımışıq. Hər şeyi qoyuram bir tərəfə.  Prezidentimiz deyir ki, niyə hər problemdən
ötrü bizə yox, Avropya mürcaiət edirlər? Şəxsən mən hər dəfə bu hökümətin məmurlarına
müraciət etmişəm. Heydər Əliyev adına Fonda müraciət etmişəm. Mən Avropaya
müraciət etməmişəm ki.  Yaşadığım ölkənin
aidiyyatı qurumlarına  cavabdeh  məmurlara müraciət etmişəm.  İstər Nemətin, istər uşaqlarımın, istərsə də
öz durumumla bağlı müraciətlərimin heç birinə indiyə qədər bircə dəfə də mənə cavab gəlməyib. Neməti bir kənara qoyuram.
Mən öz ailəmin, uşaqlarımın vəziyyəti ilə bağlı müraciət etmişəm. Mənim
uşaqlarımın ikisi ödənişli təhsil alır. Mən bu uşaqları nə  təsildən saxlaya bilirəm, nə də oxutdura  bilirəm. Bu uşaqlar bu ölkənin vətəndaşlarıdır
da. Yəni, bunların taleyini düşünən yoxdur. Müraciət edirsən, cavab verən
yoxdur.  Elə bir inanılmaz şəraitdir ki,
deməyə söz tapmıram. Yəni, get,  öl,
diril, amma  özün öz başının çarəsinə
baxmalısan. Yenə də deyirəm, hər şeyi bir kənara qoyuram. Mən şəxsən canlı insan, bütün  respublikanın da tanıdığı adam. Nə bir sosial
yardım alıram, nə də  beşuşaqlı ailələrə
yardım edilməsi ilə bağlı qərar çıxsa da, o yardımı ala bilirəm. İndi nazirliyə
müraciət etmişəm. Hələ ki, rəsmi cavab almamışam. Amma oradan aldığım digər məlumatlara
görə, şərtlər bizə uyğun deyil.  Onların
şərtlərinə görə,  ən kiçik uşağın iki, ən
böyüyünün on səkkiz yaşı olmalıdır. Çox gülünc bir vəziyyətdir. Yəni, bizim ölkəmizdə
belə qanunlar çıxır. Beşuşaqlı ailələrə yardım edirlər, amma altıuşaqlılara
artıq yardım düşmür. Çünki onlar beş deyil axı, altıdır.

– Ümumiyyətlə, həyat yoldaşınız həbs olunandan sonra hansısa ayrı-ayrı şəxslərdən,  onun dostlarından  sizə maddi və ya mənəvi
yardım göstərənlər  olurmu?


Vallah,  indi ölkədə iqtisadi vəziyyət o
qədər gərgindir ki, mən heç bir qohumdan tanışdan, dostdan heç nə ummuram.  Üstəlik, Nemətin ailəsi  böyük bir ailədir və  bu ailəninin dolanışığını kimin isə bizə baş
çəkməsi ilə ödəmək  mümkün deyil. Yenə də
deyirəm,  uşaqlarımın ikisi ödənişli təhsil
alır. Bir  daha vurğulamaq istəyirəm,
başa düşdük, Nemət  məhbusdur, həbsdədir,
bu, təmamilə başqa mövzudur. Ancaq onun ailəsi, uşaqları var. Onun uşaqları da
cinayətkardır? Nemət kimi adamın, Azərbaycan tarixinə möhürünü vurmuş bir adamın üstünə xuliqan adı qoyub,  içəri salmısınız . Yaxşı, bunu bildik, bu,
tamam başqa mövzudur. Nemət müəyyən siyasi fikirlərinə görə, konkret olaraq
siyasi sifarişlə həbs olunub. Onun uşaqlarının ki, siyasi fikirləri, cinayəti
olmayıb. Bu uşaqlar erməni balaları deyil ki. Bu uşaqlar bu ölkənin vətəndaşlarıdır
da. Bəs, bu uşaqların taleyi haqqında heç kim fikirləşməməlidir? Demək, orada
qanun çıxır, burada  həmin qanun Nemət Pənahlının
ailəsinə şamil edilmir. Hansı qanundan söhbət gedə bilər? Hansı haqdan, ədalətdən
söhbət gedə bilər? Nə bilim vallah. Bircə, ümidimiz odur ki, Neməti oradan
buraxsınlar, çıxaq,  bu ölkədən, baş
götürüb, gedək.  Mənəvi köməyə gəlincə,
Nemət bəyin köhnə dostlarından kim qalıb ki? Ya onlar da həbsdədirlər, ya da
ki… Ümumiyyətlə isə, mən heç kimi qınamıram. Çünki hamının durumunu bilirəm.
Bilirəm ki, Nemətə yaxın olan adamların əskəriyyətinin vəziyyəti bəlkə bizim
özümüzün vəziyyətindən daha  pisdir. Mən
onlardan nə gözləyə bilərəm?  Sadəcə
olaraq, arada zəng vurub, kef-əhval tutan adamlar var. Hər halda, xeyirdə-şərdə
xəbərləşirlər.  Onların da adlarını çəksəm,
sabah eşidəcəksiniz ki, həbsdədirlər.

 

Söhbətləşdi: İzolda

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4707

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031