Ağcabədidə müəllimlərin maaşları verilmir
Bayram qabağı Ağcabədi rayonunun orta məktəb müəllimləri, musiqi məktəbləri, muzey və kitabxanaların işçiləri maaş ala bilmirlər. Müəllimlər bildirirlər ki, 150-200 manat məbləğində olan maaşlarını noyabr ayı üçün dekabr ayında iki dəfə hissə-hissə veriblər, dekabr ayının maaşı isə hələ də verilməyib. Bununla bağlı şikayət etsələr də heç bir faydası yoxdur.
Mədəniyyət və Turizm şöbəsində işləyən müəllimlər də bildirir ki, onların nə noyabr, nə də dekabr aylarının maaşlarını veriblər.
Adının çəkilməsini istəməyən tarix müəllimi deyir ki, “məktəb direktorları müəllimləri yığıb bildirib ki, rayonda “bayraq muzeyi” tikilir, ona görə də icra başçısı Şahin Məmmədov məktəb direktorlarına tapşırıb ki, hər məktəb 5 min manat pul verməlidir, ona görə də direktor da müəllimlərin maaşlarından tutur.”
3 saylı məktəbdə işləyən müəllimlərin bildirdiyinə görə direktor Tofiq Zeynalov hər müəllimin maaşından üçaylıq tutulacağını bildirib, yəni 60 manat. Üstəlik də pulları indidən tələb edir, artıq bir neçə müəllim gətirib pul verib.
11 saylı məktəb müəllimləri də bunu təsdiqlədilər ki, direktor Eynulla Hacıyev də hər müəllimin maaşından 10 faiz tutulacağını bildirib.
Digər bir müəllim açıqladı ki, həm maaşımızı vermirlər həm də bizim maaşlarımızdan 1% – YAP, 2% -həmkarlar, 1% – uşaq birliyinə, 1% – MİS, 1% – hərbi fonda, dörd aydan bir də dövlət qəzetlərinə abunə pulu tuturlar.
Bu özbaşınalıq Ağcabədi rayonunda bütün məktəblərdə baş verir. Rayon sakinlərinin əksəriyyətinin ailəsində müəllim işləyənlər var, sakinlər də bunu təsdiqləyirlər.
Rayon sakini Tahir Süleymanov deyir ki, “mənim ailəmdə üç nəfər müəllimə işləyir, direktorları onlara öncədən üç aylıq maaşılarının 10-20 faiz arası tutulacağını bildirir.
Xaliq Kərimov da narazılıq edərək bildirir ki, qızım 9 ildir müəllimlə işləyir, maaşını vermirlər, prezident İlham Əliyev Ağcabədi rayonuna quruculuq və abadlıq işlərinə görə milyonlar ayırıb amma icra başçısı Şahin Məmmədov “bayraq muzeyi”nin tikintisinin maliyyə xərclərini büdcə təşkilatlarında işləyənlərin maaşlarından kəsərək edir. Ölkədə devalivasiya böhranı yaşanır, qiymətlər də bir tərəfdnə qalxıb, kreditləri ödəyə bilmirik, bunlar da maaşları gecikdirir, hələ üstəlik maaşlardan tuturlar.”
Məktəb müəllimləri çox narahatdırlar, çünki artıq 31 dekabrdan etibarən 7 yanvara qədər iş olmayacaq, deməli dekabr ayının maaşını da verməyəcəklər.
Bundan başqa Ağcabədi rayonunda bu gün kənd təsərrüfatı məhsullarının yarmarkası da keçirilib. Yarmarkaya gedən rayon sakinləri bazardakı qiymətlərlə yarmarkadakı qiymətlərdə heç bir fərqin olmadığını bildirdilər. Yarmarkada iştirak edən Qafarov Xudayar bu haqda öz fikirlərini bildirdi: “Bir neçə gün öncədən elan etmişdilər ki, guya yarmarka keçiriləcək. İndi gəlmişik, baxıram ki, nə ətin, nə də meyvələrin qiymətlərində heç bir ucuzlaşma yoxdur, bazarda necədir burada da eynidir. Yalandan camaatı bura yığıb özlərini reklam edirlər, icra başçısının müavini Rövşən Əhmədov özünü reklam edir, kameralara göstərir. Belə yarmarka bizə lazım deyil, müəllimlərə maaş verilmir, necə gəlib alsınlar? Xahiş edirik ölkə rəhbərliyinə bu haqda məlumat verib.”
Satıcılar da bildirdi ki, onları bura zorla gətiriblər, bazarda oturub birtəhər satış edirdik, amma burada satış çox zəifdir, çünki hamı bazara gedir.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=47092