"Zakir Qaralov imzasına hörmətsizlik etdi"
02.03.2014 - 16:55
“Məhkəmə hesab edir ki, DİN yalan məlumatlar yaymaqla məşğuldur və bunu bilmək hamının borcudur”
Gültəkin Hacıbəyli: “Bu günün bir sabahı da olacaq”
Xəbər verdiyimiz kimi Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyli 29 yanvar tarixində Yasamal Rayon Məhkəməsində elə məhkəmə iclasında xüsusi ittihamçı – Aynur Mehdiyeva tərəfindən hədələnmiş və təhdid edilmişdi. Məsələnin maraqlı cəhəti budur ki, Daxili İşlər Nazirliyi Aynur Mehdiyevanın törətdiyi insan alveri əməllərinə görə fakt üzrə hələ 2013-cü ilin iyun ayında cinayət işi açsa da və Aynur Mehdiyeva tərəfindən zor tətbiq etməklə əməyi istismar edilən filippin vətəndaşı zərərçəkən kimi tanınsa da, A. Mehdiyeva bugünədək cinayət məsuliyyətinə cəlb edilməyib, əksinə Yasamal Rayon məhkəməsində keçən açıq məhkəmə iclasında onlarla insanın gözü qarşısında G.Hacıbəylini təhdid edib və hədələyib. Milli Şura üzvü bu təhdidlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. “Hər-hansı bir nəticə varmı?” sualı ilə Gültəkin xanımın özünə müraciət etdik:
“Elə həmin gün təhdidlə bağlı DİN-ə rəsmi müraciət etdik. Yasamal Rayon Polis idarəsinin 28-ci bölməsində Aynur Mehdiyevanın məni təhdid etməsi və hədələnməsi ilə bağlı təhqiqat başladılıb və işin materialları artıq Yasamal Rayon Prokurorluğuna göndərilib. Oradan da iş yenidən 28-ci polis bölməsinə qaytarılıb. Şahidlər dindirilib, ancaq əlavə bir məlumatımız yoxdur. Eyni zamanda, Yasamal Rayon məhkəməsində bütün iclaslar lentə alınır. Yəni, istək olan halda, bu cinayəti sübut etmək çox asandır. Ancaq şübhələrim var. Çünki, Baş Prokuror Zakir Qaralov mənə qarşı böhtan və qarayaxma kampaniyasında baş rolu müvəffəqiyyətlə yerinə yetirdiyinə görə Aynur Mehdiyevanın qardaşı Mahmud Mehdiyevi hətta öz imzasına hörmətsizlik hesabına olsa belə Xətai Rayon Prokurorluğuna müstəntiq vəzifəsinə təyin edib. Halbuki, 2010-cu ildə hərbi xidmətdən yayınma və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə görə Zakir Qaralov özü Mahmud Mehdiyevi öz əmrilə işdən qovmuşdu. Bununla da Baş Prokuror ya Mahmud Mehdiyevi 2010-cu ilsə işdən çıxaranda, ya da indi müstəntiq təyin edəndə qanunsuzluq etdiyini etiraf etmiş oldu. İstənilən halda, Z.Qaralov bu əmələ görə məsuliyyət daşımalıdır. M.Mehdiyevin zərərçəkən qismində yalan ifadə verdiyi üçün cinayət məsuliyyətinə cəlb olunması haqqında artıq iki vəsatətimiz var və məhkəmə bu vəsatətləri Baş Prokurorluğa göndərməlidir. Düşünürəm ki, prokurorluq orqanlarında əmək fəaliyyətinə cinayət məcəlləsinin 297.1 və 289.1-ci maddələrini pozmaqla və qanunçuluğu tapdalamaqla başlayan yeni müstəntiqin “əsas uğurları” hələ irəlidədir. Yeri gəlmişkən, biz 10 ildən sonra aliment almaq üçün məhkəməyə müraciət etmişik. Rəsmi müraciət etdiyimiz Xətai rayon prokurorluğunda Mahmud Mehdiyevin müstəntiq vəzifəsinə təyinat aldığını təsdiqlədilər, lakin maliyyə arayışını yalnız Baş Prokurorluğun Maliyyə idarəsi verə biləcəyini dedilər.
Baş Prokurorluq 20 gün əvvəl rəsmi müraciət etməyimizə baxmayaraq Mahmud Mehdiyev haqqında maliyyə arayışını vermir və bununla da övladımın aliment almaq hüququnu belə pozur, bu cılızlığı da özünə yaraşdırır. Aynur Mehdiyevaya gəlincə, yenə də Baş Prokurorluq onu məsuliyyətdən yayındırmağa çalışır. Bu dünya hüquq elmində və praktikasında bir nonsensdir ki, konkret şəxs tərəfindən törədilən əmələ görə cinayət işi açılsın, insan alverinin qurbanı zərərçəkən kimi tanınsın və zərərçəkən həmin şəxsin ona işgəncə verdiyini, sənədlərini əlindən alıb bir il ərzində əməyini istismar etdiyini, müqavilədə göstərildiyindən başqa işə məcbur edildiyini, ac saxlanıldığını, döyüldüyünü, təhqir edildiyini, sutkada 21-22 saat işlədərək işgəncəyə məruz qoyduğunu təsdiqləsin, ancaq 9 ay ərzində həmin şəxsə qarşı ittiham irəli sürülməsin və o, təqsirləndirilən şəxs qismində cəlb edilməsin. Xatırladım ki, DİN hələ 13 iyun 2013-cü il tarixində yaydığı rəsmi məlumatda filippinli qadının məhz Aynur Mehdiyeva tərəfindən zor tətbiq etməklə istismar edildiyini yazmışdı. İnsan alveri faktı ortada, zərərçəkən ortada, əməlin Aynur Mehdiyeva tərəfindən törədildiyi 9 ay əvvəl DİN tərəfindən etiraf edilib, lakin Aynur Mehdiyevaya qarşı cinayət işi açılmır. Niyə bu iş 9 aydır yubadılır? Hansı əsasla zərərçəkənin üzünə duraraq işgəncə faktını sübutlarla təsdiq etdiyi və məhz onun əməllərinə görə fakt üzrə cinayət işi açıldığı halda Aynur Mehdiyevanın ölkədən çıxışına yasaq qoyulmayıb və o, keçən ilin avqust ayında bir ay müddətində ölkəni tərk edib? Niyə bir il ərzində Aynur Mehdiyeva tərəfindən işgəncələrə məruz qalan əcnəbi qadın 9 ay da əlavə olaraq sığınacaqda yaşamalı və mənəvi işgəncəyə məruz qalmalıdır? Filippinli qadına bu yolla mənəvi təzyiq göstərilir və şikayətdən imtinaya vadar edilir. Filippinli qadın bunları mənə bütün təfərrüatları ilə özü danışıb və öz razılığı ilə mən onun söhbətini qeydə almışam. İstintaqın yekununu gözləyirəm. Aynur Mehdiyeva törətdiyi əmələ görə öz layiqli cəzasını almayacağı təqdirdə bu yazı həm yerli, həm də beynəlxalq səviyyələrdə ictimailəşdiriləcək. Odur ki, bir il gec, bir il tez nəinki Aynur Mehdiyeva, hətta onu himayə edərək bu ağır cinayət faktını ört-basdır etməyə calışanlar da öz layıqli cəzalarını alacaqlar. Bu günün gerçəyi isə belədir: görün mən nə qədər təhlükəli düşmənəm ki, mənə böhtan atmaq və yalandan üzümə durmaq naminə Baş Prokurorluq və DİN-i bu biabırçılıqları özünə yaraşdırır, öz imzalarına və mövqelərinə hörmətsizlik edir, ictimai nüfuzlarını xərcləyir, özlərini təkzib edir və ən əsası, sabah qanun qarşısında məsuliyyət daşıyacaqlarını bilə-bilə hətta ABŞ Dövlət Departamentinin İnsan Alveri üzrə hesabatında yer alan cinayət faktını törədəni himayə edirlər. Məndə olan məlumata görə, Aynur Mehdiyevanı məsuliyyətdən yayındırmaq məqsədilə hətta filippinli qadına hüquqi yardım göstərən Azərbaycan Miqrasiya Mərkəzinin hüquqşünasları Əlövsət Əliyev və Asimə Nəsirlini istintaqdan uzaqlaşdırıblar. Qoy bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyev elə proses ərzində yalan danışmamaq haqqında iltizam imzalayandan sonra bir dəfə boşandığını, bir dəfə isə Prokurorluğa təyinat aldığını gizlətməklə yalan ifadə verən və prosesdə məhkəməni təhqir etməklə cinayət törədən, hərbi xidmətdən yayındığına görə prokurorluqdan qovulan birisinin, yenə də prosesdə tərəfi açıq təhdid etməklə cinayət törədən, törətdiyi insan alveri əməlinə görə 9 aydır cinayət istintaqı davam edən başqa birisinin “şərəf və ləyaqətini” qorusun. Əksəriyyəti hakimiyyət KİV-i olmaqla onlarla mətbuat orqanı 13-14 iyun 2013-cü il tarixində DİN-in Mətbuat Xidmətinə istinadən Aynur Mehdiyevanın tutulduğunu və saxlanıldığını yazanda, media onu insan alverçisi adlandıranda bu Mehdiyevlərin şərəf və ləyaqətinə toxunmayıb, lakin üç ay sonra müsahibəmdə onun saxlanılıb buraxıldığını xatırlatmağım Mehdiyevlərin şərəf və ləyaqətinə sarsıdıcı zərbə vurub. Halbuki, KİV haqqında Qanuna görə mən daha əvvəl geniş tirajlanmış xəbərin təkrar yayılmasına görə heç bir məsuliyyət daşımıram. Digər tərəfdən, adamın saxlanılmasını demək nə vaxtdan onu ağır cinayətdə ittiham etmək deməkdir? Cinayət Məcəlləsində saxlanma adında yeni ağır cinayət növü hakim Sərdar Mehrəliyevin kəşfidir və məhz bu kəşfin sayəsində barəmdə Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə, yəni, şəxsi ağır və xüsusilə ağır cinayətdə ittiham etməyə görə icraat başladılıb. Cinayət Məcəlləsinə görə böhtan insanın yalan olduğunu bilə-bilə başqasının şərəf və ləyaqəti aşağılayan məlumatı yaymasıdır. Yəni, mən DİN-in rəsmi saytında və və onlarla KİV-də DİN-ə istinadən yayılmış və təkzib olunmamış məlumatın yalan olduğunu əvvəlcədən bilməli idim. Yəni, məhkəmə hesab edir ki, DİN və KİV-lər yalan məlumatlar yaymaqla məşğuldur və bunu bilmək hamının borcudur. Azərbaycan hüquq-mühafizə sistemində, məhkəmələrdə bax belə əcaib-qəraib hadisələr baş verir. Olsun. Ancaq, sözsüz ki, bu günün bir sabahı da olacaq və biz də, hələlik, məhz, o sabah üçün bütün hüquqi prosedurları savadlı bir şəkildə keçməyə çalışırıq”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4715