Hakimiyyətin vəhabilərə qarşı müharibəsinin pərdəarxası

03.03.2014 - 01:15

Dini Komitə narahatlıq
doğuran məscidlərdə “içəridən təmizləmələrə” başlayıb, proses hakimiyyət
daxilində qrupların savaşına çevrilib

 

Ötən ilin sonlarından başlayaraq radikal dini qrupların fəallaşması,
cihad çağırışları, radikal dini qruplara qoşularaq Suriyaya gedən
azərbaycanlılar mövzusu ölkə gündəmini zəbt edib. Hələ ötən ilin sonlarında şiə
məscidlərinə terror çağırışı edildi; Sumqayıtda radikal dini qruplar arasında
atışma baş verdi. Yanvar ayında isə əvvəlcə rəsmi qurumlar, daha sonra isə
Qafqaz Müsəlmanları İdarəsi dini vəziyyətə dair, o cümlədən Suriyaya gedən
azərbaycanlılar məsələsi ilə bağlı fitva yaydı.

Həmin vaxt ortada bir əsas sual vardı. Azərbaycan cəmiyyəti, dövlət
orqanları ciddi narahatlıqla qarşılanan bu vəziyyətlə bağlı hansı addımları
atacaq. Doğrudur, o zaman “Yeni Müsavat” dövlət orqanlarının radikal dini
qrupları zərərsizləşdirmək üçün planlar üzərində işlədiyi haqda məlumat
yaymışdı. Ancaq planın nədən ibarət olması, ən mühümü hansı strategiyanın
tətbiq olunacağı maraqlı idi.

Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti bir qayda olaraq dini
sahədə (eləcə də digər sahələrdə) baş verən problemli vəziyyətləri
hüquq-mühafizə orqanlarının əli ilə həll edir. Şablon var: etiraz edənlər həbs
olunur, məscid qapadılır və sair. Elə yanvarın sonlarında QMİ-də məlum Suriya
fitvası verilərkən bəzi ruhanilərin bir neçə məsciddə radikal qrupların fəal
olduğunu bildirməsinə Şeyxin reaksiyası bu oldu ki, həmin məscid və din
xadimləri barəsində “lazımı ölçü” götürüləcək.

Ancaq elə həmin vaxt bir çox ekspertlər dini sahədə, indiki
situasiyada bu kimi zorakı və qadağa üzərində qurulan siyasətin nəticə
verməyəcəyini, əksinə problemi daha da dərinləşdirəcəyini iddia edirdi. Bu
baxımdan daha doğru olan məsələnin “qan-qadasız”, kökündən həll olunması ilə
bağı ciddi addımlara ehtiyac vardı. Doğrudur, o zaman vaxt elan olundu ki, Dini
Komitə ölkə boyu məscid və icmalarda radikal fikirlərə qarşı maarifləndirici
seminarlar, görüşlər keçirir. Ancaq bu cür seminar həm gecikmiş olması, həm də
sürətli nəticə verməsi baxımından problemin həlli üçün yetərli deyildi. Ən
maraqlı detal isə bu fitva və çağırışlardan sonra ölkə mediası araçılığı ilə
qarşılıqlı “kompromat hücumu” idi.

Bura həm QMİ və onun rəhbərinə qarşı aparılan kampaniya, eyni zamanda
Dini Komitəyə qarşı qara piar, həmçinin Şeyxin vəhhabilərlə əlaqəsi haqda
məlumatlar və ayrı-ayrı ruhanilərin gözdən salınmasına hesablanmış kompromatlar
daxil edilə bilər. Bəlli qruplar tərəfindən həyata keçirilən və hər gün yayılan
“şok” məlumatlar gündəmi zəbt etmişdi. Eyni zamanda ardıcıl informasiya hücumu
radikal qrupların xeyli təşkilatlanmış və güclü olduğunu nümayiş etdirirdi.
Ancaq qəribə də olsa, son günlər gündəm qəflətən dəyişdi və mediaya əsasən
“nurçu”larla bağlı məlumatlar ötürülür. Bu isə bir növ “vəhhabi təhlükəsi”ni
arxa plana atmağı bacarıb.

Bununla yanaşı, iki gün əvvəl sələfi və radikal qruplar mövzusu
yenidən gündəmə gəldi. Məlum oldu ki, mediada yayılan məlumatlarda radikal
qrupların əsas bazası kimi göstərilən Müşfiqabad məscidindəki dini icma Komitə
tərəfindən ləğv edilib. Və bundan sonra yenidən mediaya bu mövzuda materiallar
ötürülməyə başladı. Ötən gün “Yeni Müsavat” da daxil olmaqla, bir sıra media
orqanlarına Müşfiqabad məscidində icma sədrinin və imamın dəyişdirilməsi və bu
hadisənin etirazla qarşılanması barədə məlumatlar ötürüldü. Məlumatda maraq
doğuran iki məqam da vardı – guya məsciddə camaat sünni-hənəfi imamı qəbul
etməyib və baş verən etirazları sələfi ilahiyyatçı kimi tanınan Əlixan
Musayevin qızışdırır.

Qeyd edək ki, Müşfiqabad məscidi hələ 7 ildən başlayaraq yerli
dindarlar arasında mübahisəli yer olub. Əbu Bəkr məscidinə qarşı terrordan
sonra yerli sələfilərin bir çoxunun bu məscidə getməsi nəticəsində orada
vəziyyət dəyişdi. Paytaxtdakı sələfilərin bir qisminin bu məscidə getməsi
nəticəsində məscid camaatının sayı sürtələ artdı. Ancaq eyni zamanda məsciddə
məzhəblər arasında qarşıdurma elementləri, radikal qrupların məscidə gəlməsi
ilə bağlı iddialar da vardı.

Yanvarda QMİ-də keçirilən tədbirdə barəsində şikayət olunan iki
məsciddən biri də məhz Müşfiqabad idi. Bir çox mənbələr Suriyaya gedənlərin
böyük əksəriyyətinin bu məscidə gələnlər arasında olmasına diqqət çəkirdilər.
Bu məscidi “təkfirçilərin əsas qalası” da adlandırırdılar. QMİ rəhbərliyi açıq
şəkildə məscidin bağlanması, güc strukturları inzibati tədbirlər həyata
keçirməyi planlaşdırırdılar. Ancaq son hadisə, yəni icmanın və imamın dəyişdirilməsi
yeni “alternativ” modelin tapıldığını göstərir. Bizə çatan bilgiyə görə, Dini
Komitə məscidlə bağlı məhz bu şəkildə, yəni yeni icma formalaşdırmaq və köhnə
komandanı kənarda qoymaq üsulu ilə məsələni həll etməyə çalışıb.

Məscidə toplaşan icmanı içəridən neytrallaşdırmaq, radikal liderlərin
deyil, mötədil şəxslərin irəliyə çəkilməsi ilə vəziyyəti dəyişmək cəhdi
Müşfiqabad məscidinə tətbiq olunub. Bizə çatan məlumata görə, bunun tətbiqi
xeyli çətin olub. Çünki bura toplaşanların arasında şərti olaraq “anti-vəhhabi”
adlandırdığımız icmaya 50 aktiv üzvün yığılması çətin olub. Ancaq Komitə
Müsfiqabad məscidində həm icmanı, həm də imamı dəyişib. Hazırda məscidə yenə də
vəhhabilər gəlsə də, əldə etdiyimiz məlumata görə idarəetmə onların əlindən
çıxıb. Belə ki, məscidin açarı yeni icmadadır. Həmçinin əsas atributlar olan
azan, xütbə və namaz qıldırmaqdan vəhhabilər kənarlaşdırılıb.

Daha bir maraqlı və diqqətçəkən məqam ondan ibarətdir ki, bir müddət
əvvəl ölkə prezidenti tərəfindən açılışı olan Şamaxı Cümə məscidində də radikal
dini qruplaşma üzvləri ilə bağlı problem yaranıb. Bizə çatan bilgiyə görə,
hətta vəziyyət o həddə çatıb ki, mövcud icmanı kənarlaşdırıb, radikallar orada
önə keçmək istəyiblər. Bundan sonra hökumət hərəkətə keçərək qısa zamanda
məsciddə mövcud olan icmanın tərkibini və məscidin imamını dəyişdirib. Yeni
təyin olunmuş imam kifayət qədər savada və dünyagörüşə sahibdir. Həmçinin
islahatlardan sonra radikalların əl-ayaq açmasının qarşısı alınıb.

Yeri gəlmişkən, oxşar problem Sumqayıt Cümə məscidində də yaşanıb.
Burda da eyni şəkildə, danışıqlarla radikallara qarşı yerli mötədil ruhanilərin
və dindarların dəstəyini almaq mümkün olub. Və nəticədə qarşıdurma həddində olan bir məsələ də insidentsiz ötüşüb.

Bir neçə gün əvvəl bağlanması xəbəri əvvəlcə təkzib olunan, ancaq
daha sonra təmir adı ilə bağlanan İsmayıllı Rayon Mican kənd məscidində də
analoji problem olub. Bizə çatan məlumatlara görə, kənd sakinləri radikal
dindarların məscidə gəlməsi və yerli gəncləri yoldan çıxarması ilə bağlı yerli
İcra Hakimiyyətinə şikayət ediblər. Bundan sonra məscidin köhnə və təmirsiz
olmasını əsas gətirərək ibadət evi təmir adı ilə bağlanıb. Lakin aydındır ki,
burda əsas məqsəd radikalların vahid mərkəzə toplaşmasının qarşısının alınması
olub.

Görünən odur ki, bu şəkildə gizli, səs-küysüz proses radikal qruplar
arasında təşviş yaradır. Son dövrlərdə Komitəyə və onun sədri Elşad İskəndərova
qarşı kampaniyaya başlaması da bununla izah oluna bilər. Komitə sədrinin xarici
ölkəyə səfir göndərilməsindən tutmuş, onu nurçuluqda ittiham etməyə qədər (İlk
dəfə olaraq Aşura günü məscidə gedib başsağlığı verən də Elşad İskəndərov
olmuşdu. “nurçu” ittihamı burada yersiz görünür – K.R. ) müxtəlif hücumlar Komitəni və onun sədrini ürkütməyə və eləcə
də əsas düşmənin məhz bu istiqamətdə olduğuna işarə idi.

Ancaq hazırda prosesin başa çatdığını iddia eləmək olmaz. Hazırda bir
sıra məscidlərdə, o cümlədən Müşfiqabad məscidində nəzarətin ələ keçirilməsi
dövlət orqanlarının, eləcə də komitə sədrinin uğuru kimi görünsə də, bu
prosesin başa çatdığını demək olmaz. Çünki gələn məlumatlar göstərir ki,
hökumətin siyahısında nəzarətdən çıxmış daha bir neçə məscidlər var. Bu isə
prosesin hələ davam edəcəyini göstərir. Hətta artıq vəhhabilərin Komitə
qarşısında aksiya keçirməsi ilə bağlı xəbərlər də yayılıb. Bu isə onu göstərir
ki, vəhhabilərin əlində vahid media mərkəzi formalaşıb və atılan hər bir addıma
qarşı əks hücuma keçirlər. Digər tərəfdən, bir maraqlı məqam isə vəhhabilərə
himayədarlıq edənlərdir. Bu barədə daha əvvəl yazmışdıq ki, hakimiyyətin yuxarı
eşalonunda bu qrupu himayə edənlər var.

Gəzən məlumatlara əsasən dövlətin yüksək postlarını tutmuş bəzi
məmurlar birbaşa və ya dolayısı ilə radikal dindarlara dəstək verir. Bu isə
yaxın dövrdə hakimiyyət daxilində bu qrup üzərində savaşın olacağını göstərir.
Komitə sədrinin bu mərhələdən necə çıxacağı da prosesin gedişində görünəcək.(musavat.com)

Kənan Rövşənoğlu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4731

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031