ABŞ Rusiyanın müharibə qərarına sərt cavab verdi
03.03.2014 - 10:15
Obama Putini telefonda hədələdi və sanksiyaya qərar verdi; Pentaqon işə qarışdı; Con Kerri Kiyevə gəlir YENİLƏNİB
ABŞ-ın BMT-dəki səfiri: “Ukraynada rus işğalına son qoymağın zamanı çatıb”
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə imkan verən qərarı ABŞ-ın opertiv və olduqca sərt reaksiyası ilə qarşılanıb. Vaşinqton Rusiya Federasiya Şurasının məlum qərarından dərhal sonra Moskvanı ən yüksək səviyyədə hədələməyə başlayıb və hətta işə Pentaqon da qarışıb.
ABŞ dövlət katibi Con Kerri Rusiyanın Ukraynadakı siyasətini “görünməmiş təcavüz aktı” adlandırıb və Moskvanı beynəlxalq aləmin sərt reaksiyası, o cümlədən iqtisai təcrid və potensial hərbi əməliyyatlarla hədələyib.
“XXI əsrdə özünü XIX əsrdə olduğu kimi aparmaq və əsassız olaraq digər ölkənin ərazisinə soxulmaq olmaz”, – deyə Kerri CBS telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, Rusiya hələlik hadisələrin ən pis inkişafından qaça bilər.
Kerrinin sözlərinə görə, o xarici həmkarları ilə Ukraynadakı hadisələri müzakirə edib və onlar bu məsələdə Rusiyanın təcrid edilməsinə hazır olduqlarını bildiriblər. Söhbət hətta aktivlərin dondurulmasından gedə bilər. Kerri aktivlərin dondurulması ilə bağlı qərarın nə vaxt qəbul edilə biləcəyini açıqlamayıb.
Kerri həmçinin bildirib ki, Putin Krımı qəsb etmək istəyir. Ancaq Rusiya və xalqı beynəlxalq səviyyədə uduzacaq.
“Rusiyanın ticarət və investisiyalara ciddi ehtiyacı var. Ancaq rus hərbçiləri Ukraynanı tərk etməsə bütün bunlara ciddi ziyan dəyəcək”, – deyə Kerri bildirib.
ABŞ hökumətinin yüksək səviyyəli rəsmilərindən biri isə məlumat verib ki (RİA Novosti), Con Kerri martın 4-də Ukraynaya səfər edəcək. ABŞ rəsmisi deyib ki, “Con Kerri Kiyevdə yeni hökumətlə məsləhətləşmələr aparacaq, Ukraynaya siyasi dəstək vermək üçün atdığımız addımlar barədə danışacaq.
ABŞ prezidenti Barak Obama öz administrasiyasına Ukraynanın yeni hökumətinə hərtərəfli yardım göstərmək və “Böyük səkkizliyin” Soçidə keçiriləcək sammitində iştiraka hazırlığı dayandırmaqla bağlı tapışırıq verib.
Ukraynaya kömək qərarı barədə Ağ evin yaydığı rəsmi məlumatda deyilir: “Prezident Barak Obama administrasiyaya tapışırıb ki, Ukrayna xalqına texniki və maddi yardım da daxil olmaqla, dəstək vermək üçün beynəlxalq tərəfdaşlarımızla təcili işi davam etdirək. Biz Ukraynaya vacib olan köməyi göstərmək, maliyyə sabitliyini təmin etmək, ölkədə vacib islahatlara dəstək vermək üçün müttəfiq və tərəfdaşlarımızla, Ukrayna hökuməti və Beynəlxalq Valyuta Fondu ilə sıx məsləhətləşməni davam etdirəcəyik”.
Məlumatda ABŞ-ın demokratik gələcək naminə cəhdlərində Ukraynaya dəstək olacağı da bildirilir.
ABŞ-ın Soçi sammitini boykot etməyə hazırlaşdığını isə Obamanın özü Putinlə telefon danışığında deyib. Yayılan məlumata görə, 90 dəqiqəlik telefon söhbətində Obama Putinə bildirib ki, ABŞ G8 sammitinə hazırlıq işlərində iştirakını dayandıracaq. Əgər Rusiya Ukraynada etnik ruslara qarşı münasibətdən narahatdırsa, bundan münasib çıxış yolu Ukrayna hökuməti ilə birbaşa əlaqə saxlamaq və BMT TŞ və ya ATƏT-in egidası altında fəaliyyət göstərən beynəlxalq müşahidəçilərin köməyi ilə məsələni dinc şəkildə həll etməkdir. Rusiya beynəlxalq hüquq normalarını pozmaqda davam edəcəksə, bu, onun böyük siyasi və iqtisadi təcridlə üzləşməsinə gətirib çıxaracaq.
ABŞ dövlət katibi Con Kerri də Rusiyanın Ukraynaya hərbi müdaxilə qararı ilə bağlı bəyanat verib. Dövlət katibi bildirib ki, ABŞ Rusiyanın Ukrayna ərazisinə müdaxiləsini və işğalını pisləyir, bunu Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması kimi qiymətləndirir.
O, vurğulayıb ki, Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlar aparması regionda gərginliyin artmasına və ABŞ-Rusiya münasibətlərinin ciddi şəkildə pisləşməsinə səbəb olacaq. “Rusiya gərginliyin azaldılması istiqamətində konkret addımlar atmasa, bu, ABŞ-Rusiya münasibətlərinə və Rusiyanın beynəlxalq vəziyyətinə dərin mənfi təsir göstərəcək. Bu tarixi anda biz beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynanı dəstəkləməkdə davam edəcəyik”, – deyə Kerri bəyan edib.
Dövlət katibi bildirib ki, Rusiyanın son hərəkəti Ukraynada və bütün regionda sülhə və sabitliyə təhlükədir.
ABŞ-ın müdafiə naziri Çak Hagel isə yaranmış vəziyyət barədə Rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıb. Pentaqonun yaydığı məlumata görə, Çak Hagel xəbərdar edib ki, rus hərbi kontingentinin Ukraynaya yeridilməsi Avropa və dünyada təhlükəsizliyə təhdid yaradacaq. Hagel vurğulayıb ki, əgər Rusiya planını dəyişməsə, regionda qeyri-sabitlik güclənəcək, Rusiya dünya birliyindən daha çox təcrid olunacaq, gərginliyin artması Avropa və dünyada təhlükəsizlik üçün böyük riskə çevriləcək.
ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer də qurumun Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynaya hərbi müdaxilə qərarının müzakirəsi zamanı sərt bəyanat səsləndirib. BMT TŞ-in təcili toplantısı Bakı vaxtı ilə martın 1-i saat 23-də başlayıb və matın 2-i saat 02 radələrində başa çatıb.
ABŞ-ın səfiri iclasda bildirib ki, Rusiya hərbi təcavüzü dayandırmalı və Ukrayna hökuməti ilə əlaqə yaratmalıdır. “Ukraynada rus işğalına son qoymağın zamanı çatıb”, – deyə Pauer bəyan edib. O, həmçinin, BMT və ATƏT-in Ukraynaya nümayəndə göndərməsini təklif edib. Bildirib ki, indi belə bir addımın atılması yerinə düşər. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4735