Hökumət "Sovetski" sakinlərini aksiyaya sürükləyir
03.03.2014 - 10:45
“Yenidən mitinq keçirəcəyik!”
“Sovetski”dəki söküntülərlə bağlı hökumət son qərarını açıqladı. Bu qərar kompensasiyanın məbləğindən narazı olan “Sovetski” sakinlərinə zərbə oldu.
Hökumət vədinə əməl etmədi
Xatırladaq ki, “Sovetski” camaatı verilən kompensasiyaya etiraz olaraq fevralın 17-də aksiya keçirmişdilər. Aksiyadan dərhal sonra hökumət nümayəndələri sakinlərlə görüşərək, onları narazı salan məqamların nəzərə alınacağını vəd etmişdilər. Lakin martın 1-də Maliyyə Nazirliyi “Sovetski”də nəzərdə tutulan söküntü işləri və burada daşınmaz əmlaka malik mülkiyyətçilərə təklif olunan məbləğ barədə verdiyi açıqlama ilə sakinlərə verilmiş vədin elə söz olaraq qaldığını ortaya qoydu.
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, “Sovetski”də evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir. Qeyd olunur ki, ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı, əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyərinin ən yuxarı həddi 1500 manat hədd müəyyən olunub.
“Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1500 manatdan daha az olduğu müəyyən edilmişdir. Bütün bunlarla belə, qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd – 1500 manat təklif olunur”, – deyə açıqlamada bildirilir.
Deməli, “Sovetski” camaatının etirazlarına baxmayaraq, hakimiyyət onlara güzəşt etmək niyyətində deyil.
“24 min manata hardan ev alım?”
Süleyman Rəhimov küçəsi, ev 11-də yaşayan Fuad Dərgahov hökumətin bu qərarını ədalətli hesab etmir. 16 kvadrat metrlik bir otaqlı mənzildə yaşadığını deyən Dərgahov bildirir ki, verilən kompensasiya ilə Bakının heç bir yerində mənzil ala bilməz: “Evimin bütün sənədləri qaydasındadır. Dövlətə heç bir borcum yoxdur. Kommunal xidmət haqlarını vaxtı-vaxtında ödəmişəm. Evimin sahəsi azdır, ancaq əsas odur ki, yaşamağa yerim var. 16 kvadrata hökumət 24 min manat kompensasiya verəcək. Bu pula hardan ev alım? 24 min manatla kimin qapısını döymək olar? Maliyyə Nazirliyi, yaxud “Sovetski”nin köçürülməsini həyat keçirən dövlət qurumları bazardakı qiymətlərdən məlumatsızdır? Bilmirlər ki, mikrorayonlarda bir otaqlı mənzillər 60-70 min manata satılır? 24 minə yalnız torpaq sahəsi almaq olar. Bəs evi hansı pulla tikim? Burada yaşayanlar milyoner deyil ki, 100-150 min manat onlar üçün heç nə olsun. Mənim də imkanım yaxşı olsaydı, banklara milyonlarımı yatırsaydım, indiki evimin pulunu istəməzdim”.
Fuad Dərgahov “Sovetski”də evlərin bazar qiymətinin hər kvadrat metr üçün 4-5 min manat olduğunu bildirir: “Biz də bu məbləğdə kompensasiya tələb edirik. Mənim mənzilimin 200 metrliyində yeni yaşayış kompleksi tikilib. Orada mənzilin bir kvadrat metri 5 min manatdan aşağı deyil. Ya camaata normal kompensasiya verilsin, ya da mənzillə təmin etsinlər. Bizim başqa istəyimiz yoxdur. Bu qədər insanı çölə atacaqlar? Gedib kirayədə yaşayaq? Iki-üç mənzilin yerində bina tikib milyonlarla pul qazanacaqlar. Həmin milyonların 1 faizini də evləri sökülənlərə versinlər”.
“Niyə qanunlara hörmət eləmirlər?”
50 ildir “Sovetski”də yaşayan Zöhrab Məmmədov da 1500 manatlıq kompensasiyanı ədalətsiz hesab edir. Onun fikrincə, vətəndaşlara verilən məbləğ mülkiyyət sahiblərini alçatmaqdır: “Bu, insanlara qarşı təhqirdir. 1500 manatla kim mənzil ala bilər? Evinin sahəsi 100-150 kvadrat olan mənzil sahibi hökumətlə razılaşar. Çünki 150-200 min manat pul alacaq. Bəs, 10-15 kvadrat metrlik evi olanlar nə etsinlər? Hara üz tutsunlar, kimin yanına getsinlər? Problem həll olunandan sonra camaatın evini sökməlidilər. Normal pul vermə, ancaq de ki, evindən çıx – bu, harada yazılıb? Konstitusiyada “mülkiyyət toxunulmazdır” yazılıb. Niyə bu qanunlara hörmət edilmir? Kiminlə necə gəldi hərəkət edirlər”.
“Istəmirdik ki, narazılıq olsun, amma…”
“Sovetski” sakinləri hökumətin onları aldatdığını deyir. Rövşən Qurbanov yada salır ki, fevralın 17-də aksiya keçirəndə Yasamal Rayon Icra Hakimiyyətinin nümayəndəsi vətəndaşlara vəd verdi: “Bizə dedilər ki, hər birinizin problemi araşdırılacaq. Kimin evinin sahəsi kiçikdir, onun mənzilinə yenidən baxış keçiriləcək. Hətta deyildi ki, kompensasiya istəməyən şəxslərə mənzil verilə bilər. Bir müddət keçəndən sonra mənzil məsələsini arxa plana keçirdilər. Gündəmdə yalnız kompensasiya qaldı. Sakinlərə kvadratı 2500-3000 manatdan pul veriləcəyi deyildi. Indi isə bunu da rədd edirlər”.
“Sovetski” camaatı onu da qeyd edir ki, fevralın 17-də keçirdikləri mitinqdən sonra Təşkilat Komitəsi yaradılıb: “Mitinq günü komitə yaradıldı. Bizə söz verdilər ki, komitənin üzvlərini qəbul edib, camaatın bütün istəklərini dinləyəcəklər. Gənclər bir neçə dəfə aksiya keçirmək istədi, yaşlı adamlar qarşılarını aldı ki, bizə vəd verilib. Istəmədik ki, yenə narazılıq olsun. Belə olsa, yenidən mitinq keçirəcəyik”.
“Biz hökumətin təklifilə razılaşmırıq”
“Şəhərdə kvadratı 1500 manata heç yerdə ev almaq olmaz. “Sovetski”də yeni tikilən binalarda mənzillər 200-250 min manatdır. “Içərişəhər” metrostansiyasının yaxınlığında torpağın sotu 700-800 min, hətta bir milyon manat, Hüseyn Cavid prospektində 300-350 min manatdır. “Sovetski” ilə bu ünvanlar arasında məsafə o qədər böyük deyil. 5 dəqiqəlik yoldur. Şəhərin mərkəzidir, əlimiz hər yerə çatır. Bizə çox rahatdır. Indi mənzilimiz balacadır, yollarımız bərbaddır deyə, bizi buradan köçürüb az pul verməlidilər? Heç kim iddia etmir ki, onun evi villadır. Ancaq hər kəs öz imkanına uyğun mənzilinə əl gəzdirib, pis-yaxşı yaşayır. Verilən pulla isə heç yerdə ev almaq mümkün deyil. Hökumətdən, söküntünü həyata keçirən dövlət qurumlarından 400-500 min manat istəmirik. Tələbimiz odur ki, ya normal kompensasiya verilsin, ya da yaxınlıqda tikilən binalarda evlərimizin sahəsinə uyğun mənzillə təmin etsinlər. Əks halda, heç kim bununla razılaşmayacaq. 100-200 adam buradan köçə bilər. Onların mənzillərinin sahəsi böyükdür. Ancaq “Sovetski”də minlərlə ailə var ki, 15-20 kvadratlıq evdə yaşayırlar. Hökumət hər kəsin qayğısına qalmalıdır. Biz onların təklifilə razılaşmırıq”, – deyə sakinlər etirazlarını bildirirlər. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4738