Rəsul Quliyevdən Müsavatın qurultayı haqda ilginc proqnoz
03.03.2014 - 11:45
“Hökumət istəsə, Isa Qəmbər qalıb başqan işləyəcək”
Gülağa Aslanlı: “Rəsul Quliyev gündəmdə qalmaq üçün ağlına nə gəlirsə, onu da danışır”
Müsavat partiyasının qurultayı yenidən medianın gündəmindədir. Bir qisim adam hesab edir ki, qurultayda partiyanın nizamnaməsinə düzəliş ediləcək və Isa Qəmbər yenidən başqan olacaq. Amma bir çoxları isə bunu mümkünsüz hesab edir.
Eks spiker Rəsul Quliyev “hafta.az”a açıqlamasında deyib ki, Müsavat partiyasında baş verən hadisələr öncədən hökumət tərəfindən planlaşdırılıb: “Müsavatda başqan seçimi ilə əlaqədar gedə biləcək proseslərin xalq üçün heç bir əhəmiyyəti yoxdur. Gənclərin namizədlikləri olmasa, ümumiyyətlə, kimin o vəzifəyə keçməsinin nə mənası ola bilər? O partiyada maksimum 30 nəfər aktiv ola biləcək, yəni yuxarı hissəsində insan var. Onlar parçalansa, nə olacaq, bir yerdə olsa, nə əhəmiyyəti var?! Müsavat partiyasının daxilində nə baş verəcəyini siz Prezident Aparatında kimdənsə soruşsaydınız, daha dəqiq məlumat ala bilərdiniz. Hökumət istəməsə, Isa Qəmbər qalıb başqan işləyəcək. Istəsələr, Arif Hacılı və ya Qubad Ibadoğlu, yaxud da başqa birisi partiyanın başqanı olacaq. Öz istədiklərini başqan edəcək və maliyyə köməkliyi də göstərəcəklər”.
Rəsul Quliyev onu da qeyd edib ki, sadaladıqları baş verməsə, partiya dağılacaq: “Əks halda, idarələrinin qapısını yaxın vaxtlarda bağlamalı olacaqlar. Yeganə, bugünkü rəhbərlikdə olmayan, xüsusilə gənclərdən kimsə başqan seçilsə, həm müstəqil siyasət apara biləcək, həm də qeyri-hökumət maliyyəsi tapacaq. Rəhbəri yuxarıda adları çəkilənlərdən biri olacağı Müsavat partiyasını hökumətdən başqa kim maliyyələşdirə bilər? Heç kim! Nə daxildən, nə də xaricdən”.
“Isa Qəmbərin siyasi konyuktura eləməsi gözləniləndir”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da “Reytinq” qəzetinə açıqlamasında Müsavatın qurultayı ilə bağlı gözləntilərindən danışıb: “Düzü, mən Müsavat Partiyasının budəfəki qurultayında böyük dəyişikliklərin baş verəcəyini gözləmirəm. Düzdür, hamı Müsavat başqanlığına seçkidən danışır. Iddialılar ortaya çıxıb, rəsmən elan olunmasa da, namizədlər də bəllidir, amma mən, Müsavatın qurultayının keçiriləcəyinə, keçirilsə belə, Isa Qəmbərin başqanlıqdan gedəcəyinə inanmıram. Çünki müəyyən bir qrup qurultayda təşəbbüslə çıxış edə bilər ki, nizamnamədəki məlum maddə dəyişdirilsin və Isa Qəmbər partiya başqanı qalsın”.
Sərdar Cəlaloğlu onu da qeyd edib ki, siyasətdə konyuktura həmişə olub: “Siyasətdə konyuktura həmişə olub, olmalıdır da. Müsavat kimi iri bir partiyanın da siyasi konyukturaya getməsi, Isa Qəmbər kimi təcrübəli siyasətçinin də siyasi konyuktura eləməsi gözləniləndir”.
Müsavat başqanının müavini Gülağa Aslanlı “Azadlıq”a həm Rəsul Quliyevin, həm də Sərdar Cəlaloğlunun partiyanın qurultayı ilə bağlı səsləndirdikləri fikirlərə münasibət bildirib. Başqan müavininin sözlərinə görə, Rəsul Quliyev gündəmdə qalmaq üçün bu cür danışır: “Rəsul Quliyev gündəmdə qalmaq üçün ağlına nə gəlirsə, onu da danışır. Onun söylədiklərinin Müsavat partiyasına, başqanlığa namizəd olan şəxslərə heç bir aidiyyəti yoxdur. Bu yolla gündəmdə qalmağı siyasətçi üçün o qədər də məqbul yol hesab etmirəm”.
Sərdar Cəlaloğlunun söylədiklərinə gəlincə, Gülağa Aslanlı bildirib ki, Müsavat partiyasında namizədlərin hamısının iştirakı ilə seçki keçiriləcək: “Hamısı da qalib namizədin ətrafında birləşib partiyanı irəliyə doğru aparacaq”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4742