Ukraynalı komandir: "Ruslar bizi pişik balası kimi təpikləyir"
03.03.2014 - 12:46
Ukraynalı komandir: “Ruslar bizi pişik balası kimi təpikləyir”
Rusiya desantı və xüsusi təyinatlıları Ukraynanın Krım yarımadasının işğalını faktiki başa çatdırıb.
Virtualaz.org saytı Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, Krımdakı bütün strateji obyektlər Rusiya hərbçilərinin nəzarətinə keçib.
Ötən gecə Rusiya desantı Ukrayna Dövlət Sərhəd Xidmətinin Kerçensk istiqamətinə nəzarət edən sərhəd mühafizə bölməsinə hücum edərək nəzarət altına alıb. Ruslar sərhəd kazarmasının pəncərələrini sındırıblar, rabitə vasitələrini məhv ediblər və əsgərləri döyüblər.
Dövlət Sərhəd Xidməti bildirir ki, ruslar ukraynalı sərhədçilərə mənəvi və fiziki təzyiq göstərərək onları təslim olmağa məcbur edir.
Bir neçə saat əvvəl isə Rusiya desantının Balaklava sərhəd dəstəsinin kazarmalarını nəzarət altına aldığı açıqlanıb. Ukraynanın Qara dəniz donanması da fəaliyyət qabiliyyətini itirib. Ukrayna hərbçiləri bildirir ki, indi onların əsas səyləri təmkini qoruyub saxlamaq və yaxşı silahlanmış rusların atəş açmasına bəhanə verməməkdir.
Feodosiyadakı dəniz piyadaları bölməsi və Perevalnıy qəsəbəsindəki sahil mühafizə qüvvələri də öz kazarmalarından çıxarılıblar.
Balaklavadakı sərhəd dəstəsinə hücum edən Rusiya desantının ukraynalı əsgər və zabitləri döydüyü də bildirilir. Hazırda hərbi hissədə blokadaya alınmış ukraynalı zabitlərdən biri bildirib ki, onlar hərbi hissəni dəyənək və dəbilqələrlə qorumağa çalışırdılar, ruslar isə pulemyotlarla silahlanıblar. Hərbi hissəyə nəzarəti ələ alan ruslar ukraynalı hərbçilərə “onların tərəfinə keçməyi” təklif ediblər.
“İki saat ərzində bizim əsgərlərimizi döşəməyə uzatdılar və pişik balası kimi təpiklədilər” – deyə ukraynalı komandir bildirib.
Krım yarımadasını Rusiyanın Krasnodar vilayəti iılə birləşdirən “Krım-Qafqaz” bərə körpüsü istiqamətində hazırda çoxlu miqdarda Rusiya zirehli texnikasının cəmləşdirildiyi müşahidə edilir. Bu məlumatı Ukraynanın Dövlət Sərhəd Xidməti yayıb. Bildirilir ki, bütün sutka boyu Ukraynanın sərhəd dəstələrinə Rusiyanın xüsusi təyinatlı və yaxşı silahlanmış dəstələri həmlələr ediblər. Rusiya xüsusi təyinatlıları Ukrayna sərhədçilərinə qarşı fiziki güc tətbiq edir və onları döyür.
Ukraynanın Kerçenskdəki dəniz piyada qüvvələrinin hərbi hissəsinə formalarında tanınma nişanı olmayan, ancaq Rusiya xüsusi təyinatlıları olduğu şübhə doğurmayan 100-dən çox silahlı hərbçi daxil olub. Hərbi hissədən bildiriblər ki, ukraynalı hərbçilər münaqişədən qaçmaq üçün onları müqavimət göstərməyiblər və hərbi hissəyə buraxıblar.
Rusiyanın bir patron da istifadə etmədən Krımı bütünlüklə işğal etdiyi bir vaxtda Qərb liderləri Vladimir Putini dayandırmağın yollarını axtarırlar və bu məqsədlə intensiv telefon danışıqları aparırlar. Qərb KİV-ləri xəbər verir ki, ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə telefon danışığı aparıb və Krımdakı vəziyyəti müzakirə edib.
Həmçinin Obama bazar günü axşam Böyük Britaniyanın baş naziri Devid Kemeronla telefon danışığı aparıb. D.Kemeronun bildirdiyinə görə, onlar Obama ilə razılaşıblar ki, Rusiya indiki kursu dəyişməsə, bunun əvəzini çox baha ödəyəcək.
Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri Rusiyaya cavab olaraq hərbi güc variantının da masa üzərində olduğunu bildirmişdi. (virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=4747