Rusiyanın Qarabağla bağlı qorxunc planı – İfşa
05.03.2014 - 10:03
Rusiyanın Qarabağla bağlı qorxunc planı – İfşa
Ukraynadan əvvəl Azərbaycanda nə planlaşdırılıbmış?; Hakimiyyətin Krım məsələsində separatçılığı pisləyən Qərbin yanında yer almamasının sirri; “DQR” “ordusu” bir-iki yaşayış məntəqəsini işğal etməli, amma Moskvanın “gözağartmasından” sonra əvvəlki mövqeyinə çəkilməli imiş; Azərbaycanın “hərb masası”ndakı müzakirələrdə hansı qərar verilib?
Ukraynada baş verən hakimiyyət dəyişikliyindən sonra Rusiyanın Krımda dövlət çevrilişi ssenarisini tam gücü ilə işə salması və yarımadanı faktiki Kiyevin nəzarətindən çıxarması Azərbaycanda da diqqətlə izlənilir. Dünya güclərinin bir nömrəli mövzusuna çevrilmiş bu məsələyə rəsmi Bakının hələ də reaksiya verməməsi isə haqlı suallar doğurur. Çünki bir sıra ekspertlər düşünürlər ki, rəsmi Bakının indi özündə güc tapıb, yəni Kremlin təzyiqlərini gözardı edərək Krımdakı separatizmi pisləməsi nəinki vacibdir, hətta bu mövqeni dövlət maraqları tələb edir.
Çünki qəzəblənmiş Putin Krımda separatçılığı alovlandırmaqla həm də tələyə düşüb və indi dünya gücləri Rusiyanın “Parçala, hökm sür!” siyasətini önə çəkərək Kremli ciddi basqılara məruz qoyur. Qarabağda bir ovuc ermənini indi Krımdakı kimi özünümüdafiə batalyonları adı altında silahlandıraraq ortaya çıxaran və onların arxasında dayanan Kremlin siyasətini ifşa etmək üçün bundan daha yaxşı fürsət nə zaman ələ düşə bilər ki?
Azərbaycan üçün göydəndüşmə bir fürsəti isə rəsmi Bakı susqunluqla müşahidə edir.
Bəli, Rusiya indi qəzəblidir və pəncəsini hara gəldi ata, qonşu dövlətlərə qarşı aqressiv ola bilər. Azərbaycanın xarici siyasətini müəyyənləşdirənlər də belə görünür ki, bu səbəbdən ehtiyatı əldən verməyərək, “susmaq qızıldır” variantını seçiblər. Amma bu susmaq çox ciddi yanlışdır, Krımda Qarabağın da taleyinin həll olunduğunu düşünəndə dövlət maraqlarına qarşı hətta bağışlanılmaz addımdır.
“Bəs niyə hakimiyyət bu varianta üstünlük verir” sualına cavab axtararkən sensasion bir xəbərə ulaşdıq. Məlumat verən mənbənin sözlərinə görə, hakimiyyətin bu cür vacib məsələdə birmənalı olaraq separatçılığı pisləyən Qərbin yanında yer almaması, Ukraynada baş verənlərə daha çox müşahidəçi qalması təsadüfi deyil. Hərbi dairələrə yaxın qaynağımızın iddiasına görə, Soçi Olimpiadası ərəfəsi cəbhə bölgəsində baş verən ciddi qarşıdurmalar, xüsusilə Tərtər və Azərbaycanla sərhəd qərb bölgəsində ciddi hücumlar təşkil edilməsi Ermənistanın hərbi rəhbərliyinin özbaşınalığı olmayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yanvar ayında yaydığı məlumatların statistikası da sübut edir ki, bir neçə dəfə erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınıb. Hələ o zaman da aydın idi ki, Ermənistan generaliteti Kremlin əmri ilə hərəkət edir.
Mənbə deyib ki, həmin ərəfədə Rusiyanın Azərbaycanı təxribata çəkməklə bir və ya bir neçə xırda yaşayış məntəqəsini işğal etmək barədə Ermənistanla birgə hazırlanmış planı olub. İddia olunur ki, düşmənin xüsusilə Tərtər istiqamətində fəallaşması təsadüfi deyilmiş. “Çünki bu istiqamət cəbhənin ən həssas hissəsidir. Ərazi düzənlikdir və münaqişə tərəfləri arasında ayırıcı xətt Xankəndi-Bakı avtomobil trası boyunca keçir. Bu yol boyunca qondarma Dağlıq Qarabağ qüvvələrinin hərbi obyektləri, o cümlədən Xocalı aeroportu yerləşir. 1994-cü ildə alınmaz qalaya çevrilən və erməni qüvvələrinin girə bilmədiyi Tərtər şəhəri əməliyyat-strateji əhəmiyyət kəsb edir. Düşmən bunu yaxşı bildiyindən bu istiqamətdə Azərbaycanın bir və ya iki kənd-qəsəbəsini işğal etmək planı olub” deyə, mənbə bildirib.
Plana görə, “DQR” “ordusu” bir- iki yaşayış məntəqəsini işğal etməli, amma Moskvanın “gözağartmasından” sonra əvvəlki mövqeyinə çəkilməli imiş…
Məlumdur ki, Kreml Avrasiya və Gömrük ittifaqlarında Azərbaycanın da iştirakını arzulayır. Hətta Kreml bu həyasız tələbi irəli sürərkən Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistanla bir qurumda yanaşı oturmasının mümkünsüzlüyünü də nəzərə almayacaq dərəcədə irəli gedir. Azərbaycanın bu məsələdə mövqeyi isə birmənalı olmasa da, kifayət qədər aydındır. İşğalçı Ermənistanla iqtisadi əlaqələri də ehtiva edən bir qurumda olmaq mümkün deyil. Rusiya isə Azərbaycana iqtisadi təzyiq rıçaqlarından məhrum olduğu üçün rəsmi Bakıya yalnız Ermənistan vasitəsilə hücumlar təşkil edir. Çünki Qarabağ problemi həm İrəvan, həm Bakı üçün ən əsası hakimiyyət məsələsidir.
Yəni “sözəbaxmaz” Bakını cəzalandırmaq üçün Azərbaycan paytaxtına qoşun yeritməyə ehtiyac qalmır. Qarabağda iki məntəqənin alınması (fərqi yoxdur, Azərbaycan və ya Ermənistan tərəfi) həmin ölkələrin paytaxtlarını silkələyər və bu hətta hakimiyyət dəyişikliyinə də səbəb ola bilər.
Bu səbəbdən də Azərbaycan hakimiyyəti cəbhədəki yanvar-fevral gərginliyini Rusiyanın ciddi siqnalı kimi qəbul edib. Müdafiə nazirinin ardıcıl olaraq cəbhə bölgəsinə səfərlərinin də bu informasiyalardan qaynaqlandığı barədə xəbərlər də var. “Azərbaycanın “hərb masası”ndakı müzakirələrdə isə indilikdə cəbhə xəttində nə yolla olursa-olsun status-kvonu saxlamağa qərar verib. Bunun üçün hansısa razılaşmaların olduğunu demək mümkün deyil, amma razılaşma olmadığını demək də olmaz. Çünki Soçi Olimpiadası ərəfəsindəki gərginlik qəfil başladığı kimi qəfil də səngidi” deyə, mənbəmiz sonda vurğulayıb.
Rusiyanın belə bir təxribata hazırlaya biləcəyi ilə bağlı məlumatların ciddiliyini beynəlxalq hərbi ekspertlərdə bölüşürlər.
Cəbhə bölgəsində müharibə xəbərləri gələrkən ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalı 2014-cü ildə qlobal sabitliyi təhdid edəcək münaqişələrin siyahısını hazırlayıb. Siyahıya artıq hərbi münaqişələrin davam etdiyi ölkələrlə yanaşı, vəziyyətin gərginləşməyə doğru getdiyi münaqişə ocaqlarına malik ölkələr də daxil edilmişdi. Jurnal belə regionlardan birinin də Qafqaz olduğunu yazmışdı.
Belə görünür ki, indiki həssas məqamda rəsmi Bakının son dərəcə ehtiyatlı davranmasının əsl səbəbləri də məhz Rusiyanın Qarabağda mümkün təxribatları ilə birbaşa bağlıdır. Amma bu susqunluq və balanslı siyasətində bir son nöqtəsi də olmalıdır.
Qarşıda Qarabağ, arxada isə Azərbaycan var… (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=4795