Suriyaya döyüşə gedənlər cəzalandırılacaq
05.03.2014 - 10:32
Azərbaycandan kənarda silahlı münaqişələrdə iştiraka görə ciddi cəzalar tətbiq olunacaq
Azərbaycanda muzdlular yığma, onlara təlim keçmə, o cümlədən onlardan hərbi münaqişələrdə, hərbi əməliyyatlarda istifadə etmə ilə bağlı cəzalar ciddi sərtləşdiriləcək, o cümlədən ölkə hüdudlarından kənarda təşkilatlanaraq silahlı münaqişələrdə iştirak etməyə görə yeni ciddi cəzalar tətbiq olunacaq.
APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsinin 114-cü maddəsinə dəyişikliklər və yeni əlavə olunan 283-1 maddəsi müzakirəyə çıxarılıb. Komitə sədri Əli Hüseynli bildirib ki, 114-cü maddəyə dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə cəzalar 8 ildən 12 ilə qədər olacaq. (Hazırda 4 ildən 8 ilə qədərdir). Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə isə cəza 9 ildən 15 ilə qədər olacaq. (Hazırda 8 ildən 15 ilə qədərdir). Maddəyə edilən digər dəyişikliyə görə, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı 5 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. (Hazırda 3 ildən 8 ilə qədərdir). Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakla bağlı yeni 283-1 maddəsində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə 12 ildən 15 ilədək cəza nəzərdə tutulur. Yuxarıda nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Yeni maddədə göstərilən qeyddə bildirilir: yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etdikdə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad edilir. Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub(APA).
Short URL: http://www.cumhuriyyet.net/?p=4798